AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu, Prezidentin düşünülmüş siyasətinin nəticəsidir - Deputat

  • + A
  • - A
  • 23-02-2022, 16:05

    Bu, Prezidentin düşünülmüş siyasətinin nəticəsidir - Deputat

    Ölkəmizin siyasi həyatının daha bir tarixi gününün şahidi olduq. 22 fevral 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iki dost ölkə münasibətlərini ən yüksək səviyyədə, həm də məhz ölkəmizin milli maraqlarının rəsmi olaraq qorunacağını özündə əks etdirən müttəfiqlik bəyannaməsi imzalandı. Diplomatik münasibətlərimizin mövcud olduğu 30 il ərzində bu əlaqələri qoruyaraq onu ən yüksək müttəfiqlik səviyyəsinə aparan yol heç də rahat olmayıb. Moskva Bəyannaməsi imzalandıqdan sonra möhtərəm Prezidentimiz mətbuata açıqlamasında söylədi ki, “Bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq”.

    Bunu AzadMedia.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.


    Deputat qeyd edib ki, iki ölkə arasında imzalanmış 43 maddədən ibarət olan müttəfiqlik haqqında bəyannamədə əsas məqsədin fəlsəfəsi ondan ibarətdir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər: “Eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Rusiya kimi nəhəng hərbi-iqtisadi gücə malik olan bir qonşu dövlətlə bu səviyyədə müttəfiq olmaq gələcək perspektivlərdə də ölkəmizin təhlükəsizlik təminatıdır. Ən əsas məsələ isə odur ki, iki ölkə arasındakı bu münasibətlərdə ölkəmizin milli maraqlarının birmənalı qəbulu rəsmiləşdirilmiş olur. Bu əməkdaşlıq həm də ölkəmizə qarşı hər hansı xarici təhdidlərə tutarlı bir sipərdir. Bu bəyannamə ilə biz yaxın qonşumuz və dostumuz olan Rusiya ilə birgə bəyan edirik ki, üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirərək həm ölkələrimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyacaq, həm də Rusiya-Azərbaycan birgə səyləri ilə Qarabağda sülhə, Xəzər regionunda və Avropa məkanında əməkdaşlığa bundan sonra da sanballı və həlledici töhfə verəcəyik”.

    İ.Məmmədov əlavə edib ki, 2021-ci ilin 15 iyun tarixində qardaş Türkiyə ilə müttəfiqlik haqqında bəyannamə imzalanıb və bu, tarixə Şuşa Bəyannaməsi kimi həkk olunub: “Bu gün də Moskva Bəyannaməsi kimi tarixə düşəcək. Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik bəyannaməsi də ölkəmizin daha bir təhlükəsizlik zəmanətinin etibarlı tərəfidir. Bizə bunu deməyə əsas verən səbəblərdən biri də məhz 44 günlük Vətən müharibəsi zamanı Rusiyanın sərgilədiyi mövqedir. Birincisi, Rusiya bu haqq savaşında Azərbaycanın haqlı mövqeyinə qarışmadı, mane olmadı. Baxmayaraq ki, KTMT üzvü olan Ermənistan bu təşkilatın müdaxiləsi üçün dəfələrlə müraciət etdi ve təxribatlara əl atdı. Lakin Rusiyanın bu təxribatlara və müraciətlərə məhəl qoymaması, qələbəmizdən sonra Ermənistanın təslimçilik aktının qəbul olunmasındakı və sonrakı proseslərdəki fealiyyəti məhz Moskva Bəyannaməsini imzalamaqla daha bir etibarlı tərəfdaşımızın Rusiya Federasiyası olmasını rəsmi və hüquqi sənədlə bəyan etmiş olduq. Sözsüz ki, bütün bunlar Prezident İlham Əliyevin ağıllı, düşünülmüş, cəsarətli xarici siyasətinin məntiqi nəticəsidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR