Masallıda Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 26 fevral 2022-ci il tarixdə səhər saatlarından başlayaraq Masallı rayon Qəhrəmanlar Parkı, “Şəhidlər abidə-kompleksi” önünə Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı rayon sakinlərinin ziyarəti başlanılmışdır.
Mərasimdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının əməkdaşları, Vətən müharibəsi qaziləri və iştirakçıları, I Qarabağ müharibəsi və əmək veteranları, ictimaiyyət nümayəndələri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon sakinləri iştirak etmişlər.
İlk olaraq Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Heydər Əliyev Parkında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları şəhərimizin Qəhrəmanlar parkında “Şəhidlər abidə-kompleksi” önünə tər gül dəstələri düzərək Xocalı faciəsi qurbanlarının ruhuna ehtiramla yad ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Ərkivanda məskunlaşmış Xocalı sakinləri Yusif və Kamalə Quliyevlərlə görüşür, həmişə olduğu kimi onların güzəranı, həyat şəraiti, ehtiyacları ilə maraqlanır. Rayon rəhbəri qeyd edir ki, soyqırımı törətməkdə düşmənin əsas məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, Vətən, torpaq uğrunda mübarizə əzmini illər keçdikcə daha da qüvətləndirmişdir.
Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ali Baş komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu düşmənə qətiyyətli cavabı verərək tarix boyu Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin qisası döyüş meydadında böyük qəhrəmanlıqla alındı.
Axırda şəhidlərin, Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Axın səhər saatlarından axşama kimi davam edib. Hər bir ziyarətçi Xocalı şəhidlərinin ruhu qarşısında vətəndaşlıq və insanlıq borcunu yerinə yetirib.
Allah rəhmət eləsin!
Ülkər Piriyeva