Masallı rayon Heydər Əliyev Mərkəzinin gənc əməkdaşı Gülcahan Rəhim qızı Vəkilzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunub. Bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə verilmiş fəxri mükafat martın 5-də sahibinə təqdim edilib.
Təqdimetmə mərasimində Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov ötən il ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək gənc səbəbkarı əldə etdiyi nailiyyətə görə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. G. Vəkilzadə isə təbrikə və göstərilən diqqətə görə minnətdarlıq ifadə edib.
Vurğulayaq ki, rayonun mədəni-ictimai həyatında fəal iştirak edən G. Vəkilzadə, mədəniyyət sahəsində çalışdığı qısa zaman ərzində özünün istedadı və bacarığı ilə fərqlənməyi bacarıb.
Əlavə edək ki, sözügedən fəxri mükafat "Azərbaycan gəncliyi: 2017 - 2021-ci illərdə" Dövlət Proqramının icrası çərçivəsində Mədəniyyət Nazirliyi sistemində çalışan gənc əməkdaşların uğurlu fəaliyyətinin qiymətləndirilməsi məqsədilə verilib.
Ülkər Piriyeva