Azərbaycanda COVID-19-a qarşı hazırlanan Türkiyə istehsalı olan TÜRKOVAC peyvəndinin 3-cü faza kliniki sınaqlarına başlanılır.
Azadmedia.az xəbər verir ki, bununla bağlı Türkiyə Sağlamlıq İnstutları Başqanlığı (TUSEB) ilə Bakı Sağlamlıq Mərkəzi arasında protokol imzalanıb.
Protokolu TUSEB rəhbəri Erhan Akdoğan və Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov imzalayıb.
İmzalanma mərasimində açıqlama verən TUSEB rəhbəri Erhan Akdoğan "Türkiyədə TÜRKOVAC geniş şəkildə tətbiq olunur və biz görürük ki, Türkiyə vətəndaşları bu peyvəndlərə böyük maraq göstərirlər. TÜRKOVAC peyvəndi Türkiyədə bütün dozalarda tətbiq edilir. Bu gün bizim üçün də çox önəmli bir gündür. Çünki dost və qardaş Azərbaycan ilə həm elmi sahədə həm də yerli və milli peyvəndimizin Azərbaycanda geniş şəkildə tətbiq edilməsi üçün 3-cü faza kliniki sınaqlarına başlanılmasına şahid oluruq.”, -deyə bildirib.
Akdoğan Türkiyənin dünyada COVID-19 peyvəndi istehsal edə bilən 9 ölkədən biri olduğunu ifadə edib:
"Hər sahədə əməkdaşlıq etdiyimiz dost və qardaş ölkə Azərbaycanla belə bir əməkdaşlığa imza atmaq çox vacibdir. Xüsusilə gələcəyin pandemiyalarına hazırlıq nöqtəsində türk xalqları olaraq birlikdə və hazır olduğumuzu göstərməkdən qürur duyuruq.
Türkiyənin COVID-19 ilə mübarizədə Azərbaycana böyük dəstək verdiyini bildirən Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov Azərbaycanda 4 müxtəlif peyvəndin tətbiq edildiyini bildirərək "Dost və qardaş Türkiyə öz peyvəndini istehsal edib və bu peyvənddən səmərəli şəkildə istifadə edir. Bu gün TÜRKOVAC-ın Azərbaycanda 3-cü faza kliniki sınaqlarına başlayırıq.", - deyib.
İmzalama mərasimində iştirak edən Türkiyə Aşı İnstitutunun rəhbəri Atəş Kara da TÜRKOVAC peyvəndinin Türkiyədə geniş şəkildə istifadə edildiyini və böyük maraqla qarşılandığını bildirib.