APREL QƏLƏBƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR TƏŞKİL OLUNUB.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 04 aprel 2022-ci il tarixdə “Yeni həyat” qəzeti redaksiyasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan təbliğat qrupunun tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan xalqının əzəli torpağı olan Qarabağın azad edilməsi uğrundakı müharibədə Qələbəmizə ümid verən Aprel döyüşlərinin 6-cı ildönümünə həsr edilmişdir.
Tədbiri Azərbaycan TİAHİ Masallı rayon komitəsinin sədri Səfail Eyvazov açmışdır.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov, “Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid Ailələri İctimai Birliyi Masallı rayon təşkilatının sədri Nahid Rəhimov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Akif Ağayev və İbrahim Şükürov və başqaları çıxış etmişlər. Natiqlər göstərmişlər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə qazanan ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Erməni vandalizminin qurbanı olan iyirmi faiz torpaqlarımız, o cümlədən kənd, qəsəbə və şəhərlərimiz yerlə yeksan edilmişdi. 44 günlük Vətən müharibəsində azad olan torpaqlarımızda dərhal geniş infrastruktura malik quruculuq işləri möhtəşəm ab-havada davam etdirilir. Tarixi zəfərə qədər Azərbaycan ordusu hələ 6 il əvvəl 2-5 aprel tarixli döyüşlərdə özünü məğlubedilməz sayan ermənilərə gücünü göstərməklə ismarıclarını göndərmişdi. Dörd gün davam edən döyüşlərdə şanlı ordumuz, igid oğullarımız düşmənin güclü, dağılmaz istehkamlarını darmadağın edərək bir sıra vacib yüksəklikləri ələ keçirdilər. Bunu gözləməyən erməni rəhbərləri arxa-dayaq saydıqları dövlətlərə yalvarmaqla müharibəni dayandırmağa nail ola bildilər. Lakin bu onlara görk olmadı. Dəfələrlə atəşkəsin pozulması Azərbaycanın səbrini tükəndirdi. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi vaxtı, məqamı çatmışdı. Yenilməz ordumuz 44 gündə bunun öhdəsindən ləyaqətlə gəldi. Xalqımız Prezidentimizin ətrafında sıx birləşdi. Xalq – ordu – Prezident birliyi Azərbaycanı dünyaya qalib kimi tanıtdı.
Xüsusilə, Şuşanın alınması hərb sənətinin ən ümdə görüntüsü kimi özündə birləşdirdi. Qələbəmizdə Azərbaycan gəncinin vətənpərvərliyini, Vətən məhəbbətini çılpaqlığı ilə göstərdi. Şəhidlər verdik, qazilərimiz oldu.Bu gün dövlətimiz şəhid ailələrinə və qazilərə qayğılarını göstərir. Bu mürəkkəb dünyada həmişə ayıq-sayıq olmaqla gənclərimizin Vətən eşqini, vətənpərvərlik hissini yüksəltməliyik.
Rayonumuzda da Zəfər bayramımızdan sonra şəhid və qazilər qayğılarla əhatələnib. Ölkənin iqtisadi gücü gələcək uğurlarımıza işıq saçır. Qarabağda aparılan işlərin müstəvisi günbəgün genişlənir. Şanlı ordumuz düşmənin bütün hiylələrini qabaqlamaq üçün sərhədlərimizin keşiyində ayıq-sayıq dayanıb.
Möhtərəm Prezidentimizin siyasi sayıqlığı ilə Azərbaycanın haqq işinin dairəsi genişlənir. İndi bir çox dövlətlər Azərbaycanın müharibədə qələbəsini, bu günki iqtisadi uğurlarını, ölkədəki hərtərəfli quruculuq işlərini alqışlayır.
Tarixi qələbəmizdən ötən dövr ərzində ölkəmiz dünyanın bir çox dövlətləri ilə əməkdaşlıq əlaqələrini qurur, qoşulmamaq hərəkatının prinsiplərinə hörmətlə yanaşır ki, bu da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasi kursunun prioritetlərindəndir.
Son vaxtlar bir çox xarici ölkə nümayəndələrinin Azərbaycana səfəri, ABŞ prezidenti C.Baydenin Novruz bayramı ilə əlaqədar cənab İlham Əliyevə təbrik məktubu və digər hadisələr buna parlaq misaldır.
Tədbiri Əlihüseyn Şükürov yekunlaşdırmışdır.
Ülkər Piriyeva