Masallı Xalq teatrında "Cəllad" tamaşası nümayiş etdirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı Xalq teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Cəllad" tamaşası göstərilib.
Masallı Xalq teatrında 20 Yanvar faciəsinə həsr olunmuş tamaşa göstərilib.
"Cəllad" adlı səhnə işində obrazları teatrın səhnə ustaları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri canlandırıb.
Tamaşanın təqdimatında rəsmi şəxslər, mədəniyyət işçiləri, tələbələr və digər yerli ictimaiyyət nümayəndələri iştirak edib.
Təqdimatdan əvvəl Masallı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ayaz Əliyev çıxış edərək faciə ilə bağlı bir sıra həqiqətləri və tarixi faktları auditoriyanın nəzərinə çatdırıb. O, eyni zamanda qanlı hadisələrin çağdaş tariximizin əhəmiyyətli siyasi-ictimai proseslərinə təsirini izah edib, həmçinin yanvar faciəsini milli iradənin təntənəsi və birlik rəmzi kimi səciyyələndirib.
Sonra "Cəllad" tamaşası oynanılıb. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki,Teatr kompozisiyasında 20 yanvar gecəsində törədilmiş qanlı cinayət aktları yüksək bədii ustalıqla tamaşaçıya təqdim olunub. Tamaşada həmçinin, faciənin günahsız qurbanlarına ithaf olunmuş şeirlər səsləndirilib, monoloqlar deyilib, sənətçi Ruslan Zahidov isə həzin musiqilər ifa edib.
Qeyd edək ki, tamaşaya teatrın rejissoru Cəmaləddin Əliyev quruluş verib. Teatr kompozisiyasının səhnə və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.
Ülkər Piriyeva