Rövşən Əhmədov,
YAP Ağcabədi təşkilatının sədri
Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə barədə yazmazdan əvvəl onu deyim ki, keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.
Fəxrlə deyə bilərik ki, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.
30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Bununla da Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.
BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.
Cənab Prezidentin müşavirə zamanı ATƏT-lə və Minsk qrupu ilə bağlı söylədiklərini xalq olaraq çoxdan gözləyirdik. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.
Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.
Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı cənab Prezidentin sayəsində daha yüksək tribunalardan sözümüzü deyib, yeni reallığın yaratdığı siyasətlə dövlət olaraq fəaliyyətimizi davam etdirəcəyik.