Azadmedia.az - Aprelin 26-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialında görkəmli oftalmoloq, alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Nurlu ömrün salnaməsi” mövzsunda tədbir keçirilib.
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının oftalmoloq həkimləri və digər əməkdaşları iştirak edib.
Tədbir ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək görkəmli akademikin XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb.
Daha sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə akademik Zərifə xanım Əliyevanın zəngin elmi yaradıcılığı, mənalı ömür yolu haqqında məlumat verib. Gülcahan Vəkilzadə çıxışında Zərifə xanım Əliyevanı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.
Həkim-oftalmoloq Rövşən Rəcəbli akademikin elmi, pedaqoji və həkimlik fəaliyyətindən danışıb. R. Rəcəbli görkəmli oftalmoloqun elmi-pedaqoji və ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına öz töhfəsini verdiyini qeyd edib.
Daha sonra Mərkəzin əməkdaşlarından bir neçəsi həkim-oftalmoloq Şamxal Məmmədov tərəfindən konsultasiya alıblar. Doktor Ş. Məmmədov şəkərli diabetdə göz fəsadlarının və müxtəlif xəstəliklərin yaranması barədə məlumat verib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Ülkər Piriyeva