Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq nümayəndə heyətinin üzvlərində xoş təəssürat yaratmış, həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilib.
Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçrilib.
Görüş zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və İki Müqəddəs Ocağın Xadimi, kral Salman bin Əbdüləziz Al Səudun birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, dərin tarixə və mədəni köklərə söykənən ikitərəfli münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Şeyx Səud bin Abdullah Əl Müacib təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.
Görüşdə hüquqi sahədə, həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmaqla hər iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumun hazırlanması barədə razılıq əldə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.