Ukraynaya demokratiyaya dəstək proqramı çərçivəsində “Lend-liz” aktı əsasında ayrılan vəsait 40 milyard dollaradək artırılıb. Bu məqsədlər üçün Prezident Co Bayden Konqresdən 33 milyard dollar istəsə də, qanunvericilər hərbi yardım və humanitar məsələlər üçün ayrı-ayrılıqda daha 3,4 milyard dollar ayırmaq haqqında qərar qəbul edib.
Bu sözləri iqtisadçı Qubad İbadoğlu qeyd edib. Onun sözlərinə görə, sözügedən vəsaitin aşağıdakı sahələrdə Ukraynaya yardım üçün sərf ediləcək:
“ABŞ-ın ayırdığı vəsaitin 23,8 milyard dolları hərbi, 8,5 milyard dolları iqtisadi, 6,4 milyard dolları humanitar və qlobal ərzaq təhlükəsizliyi problemlərinin həllinə, yerdə qalan vəsait isə şair xərclər üçün istifadə olunacaq. Məlumat üçün qeyd edim ki, ayrılan vəsait ABŞ-ın hazırki büdcə ili üçündür və 30 sentyabradək təyinatı üzrə xərclənməlidir. Eyni zamanda onu da əlavə edim ki, son 3 ayda ABŞ-dan Ukraynaya edilən birbaşa yardım 15 milyard dolları ötüb. Beləliklə, cari büdcə ilində, yəni 30 sentyabradək ABŞ -ın Ukraynaya yardımı ümumilikdə 55 milyard dollara çatacaq. Bu Ukraynanın ötən ilki büdcə gəlirlərindən 130 faiz çoxdur”.
Qubad İbadoğlu AB və İngiltərənin də Ukraynaya yardımlarından bəhs edib:
“ABŞ-dan başqa Avropa Birliyi və Böyük Britaniya da daxil olmaqla, G-7 ölkələrinin birlikdə Ukraynaya göstərdiyi yardım isə 10 milyard dollara çatır. Belə ki, AB üzv dövlətlərə Ukraynadakı müharibədən qaçan insanların öz ölkələrində saxlamaları üçün 3,5 milyard avrodan çox avans ödəyib. Müqayisə üçün bildirim ki, 2021-ci il üçün Rusiyanın dövlət büdcəsinin gəlirləri 256 milyard dollar, xərcləri isə 293 milyard dollar olaraq təsdiq edilib. ABŞ-ın isə 2022-ci il üçün müdafiə büdcəsi 753.5 milyard dollardır. Bu da bütün dünya üzrə hərbi xərclərin 37,6 faizini təşkil edir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.