Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qarşıda duran məsələlərin müzakirəsi ilə bağlı tədbir baş tutub.
Tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin elmi innovasiya potensialının artırılması, beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi, elmmetrik bazalarda nəşr olunan məqalələrin sayının artırılması barədə qarşıda duran məsələləri diqqətə çatdırıb.
Elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” istiqamətində Universitetdə aparılan işlər barədə məlumat verib. Ayrıca fermerlər üçün bitkiçilik məhsullarının becərilməsinə dair texnoloji yol xəritələrinin hazırlanmasının önəmindən bəhs edib və bu istiqamətdə də işlər aparıldığını vurğulayıb.
Tədris şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Elay Zeynallı ADAU-da 2023-cü ildə baş tutacaq ali təhsil müəssisələrinin akkreditasiyadan keçməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumatı professor-müəllim heyətinin diqqətinə çatdırıb.
Elm şöbəsinin müdiri Elçin Nəsirov elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat hallarının olmasının mənfi tərəfləri və bu halların qarşısının alınması strategiyaları barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda İbrahim Cəfərov tərəfindən Zoomühəndislik fakültəsinin dekanı, professor Qənbər Abdullayevə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü adına layiq görülməsi ilə bağlı diplom təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.