Bakıda futvole üzrə təşkil ediləcək dünya çempionatının növbəti seçmə mərhələsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilib.
Beynəlxalq Futvole Federasiyasının (BFF) mətbuat xidmətindən
Azadmedia.az-a bildiriblər ki, BFF-nin bayrağı altında keçirilən yarışda İtaliya və Fransanın hərəsindən iki, həmçinin Şotlandiya, BƏƏ, Braziliya, Danimarkanı təmsil edən komandalar mübarizə aparıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Danimarka komandası birinci yeri tutub. BƏƏ və İtaliya yığmaları ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Turnirdə BFF-ni baş katib Əfqan Həmzəyev təmsil edib.
İyunun 17-20-də Gürcüstanın Batumi şəhərində daha bir seçmə mərhələnin keçirilməsi planlaşdırılıb. Qara dəniz sahillərində baş tutacaq yarışda Azərbaycan yığması da iştirak edəcək. Batuminin çimərlik futbolu üçün nəzərdə tutulan stadionunda keçiriləcək turnirdə bir çox dünya ulduzlarının iştirakı da gözlənilir.
İyunun 30-dan iyulun 3-dək isə Türkiyənin Arsuz şəhərində növbəti seçmə yarışın təşkili nəzərdə tutulub.
Qeyd edək ki, dünya çempionatının final mərhələsində qüvvəsini sınayacaq yığmaların müəyyənləşdirilməsi üçün ilk seçmə mərhələ Braziliyanın Rio de Janeyro şəhərində keçirilib.
Xatırladaq ki, Bakıda futvole üzrə dünya çempionatı bu ilin avqustunda keçiriləcək.