Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədriAzərbaycan tarixində 2021-ci il iyunun 15-i Azərbaycan-Türkiyə dostluğunun yeni çağırışlara uyğun şəkildə rəsmləşdiyi gün kimi qalacaq. Ölkə Prezidenti, Ali Baş Komandan tərəfindən tariximizdə ilk dəfə olaraq xarici dövlətin başçısı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Qarabağda qarşılandı.
İki qardaş ölkə üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.
İki qardaş ölkənin liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Ölkələrimizin müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş rəsmi Bakı və Ankaranın yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu regionda uzun müddət davam edən geosiyasi konfiqurasiyaların dağıdılması bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərində inqilabi gerçəklikdir. Bakı və Ankara 15 iyun 2021-ci il tarixindən başlayaraq hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Sözü gedən sazişdə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqlikdir. Bəyannamədə qeyd edildiyi kimi, iki dövlətin suverenliyinə, ərazi bütövlüyünə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki qardaş dövlət vahid bir platformadan çıxış edəcəkdir.
Hazırda Azərbaycan və Türkiyə münasibətləri Xalqlarımızın istək və iradəsindən qaynaqlanan ən yüksək səviyyədədir. Hər iki ölkə liderinin şəxsi münasibətləri dostluq və qardaşlıq təməli üzərində qurulan dövlətlərarası münasibətlərin də yüksək səviyyəyə gəlib çatmasına böyük təsir göstərmişdir. İkitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi yolunda dövlət başçılarının qətiyyətli siyasəti, qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvidə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.
İndi dünya dövlətləri içərisində Azərbaycan və Türkiyə qədər bir-biri ilə yaxın münasibətdə olan dövlətlər yoxdur.
Bu birlik dünyaya bir daha bəyan etdi ki, Azərbaycan-Türkiyə birliyini heç bir qüvvə sarsıda bilməz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.