Ulubəyov Emin - Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin
Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr barədə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin
Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı Emin Ulubəyovdan
Azadmedia.az - a özəl açıqlamalar..
XX əsrin əvvəllərində Quba qəzasında baş vermis hadisələrin sadəcə olaraq "faciə" sözü ilə ifadə edilməsi vəhşiliklərin mahiyyətini tam açmır. Dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz soyqırımı idi. Bunu başa düşmək üçün Quba hadisələrinə bir qədər dərindən nəzər salmaq lazımdır. Onu erməni daşnaklarının törətdikləri başqa qırğınlarla, məsələn, həmin il Şamaxıda aparılmış soyqırımı ilə tam eyniləşdirmək olmaz. Şübhəsiz, bunların hər ikisinin mahiyyəti eynidir. Lakin Şamaxıda belə soyqırımı yalnız milliyyətcə azərbaycanlı olan əhaliyə qarşı yönəlmişdisə, Quba qəzasında həyata keçirilən etnik təmizləmə azərbaycanlılarla yanaşı,burada yaşayan etnik qruplara - (ləzgilərə, qrızlara, buduğlara, ceklərə, tat və.s) əhalisinə qarşı yönəlmişdi.
Bakı quberniyasının digər ərazilərində olduğu kimi, Quba qəzasında da ermənilər bir neçə dəfə soyqırımı aktları həyata keçirmişlər. Sovet hakimiyyəti qurulanadək oradakı boşluqdan, hakimiyyətsizlikdən maksimum istifadə etməyə səy göstərən daşnaklar Azərbaycanın bir sıra rayonlarını müsəlmanlardan təmizləyərək, çoxlu erməni rayonları yaratmağa, beləliklə də gələcək planlarının təməlini qoymağa çalışırdılar. Odur ki Azərbaycanın digər bölgələrində də fəallaşmış, bütün cəbhəboyu hücuma keçmişdilər.
1918-ci il mart qırğınlarından sonra Bakıda qurulmuş bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Sovetinin sədriStepan Şaumyanın göstərşi ilə Quba qəzasına gələn David Aleksandroviç Gelovani 200 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt qarşısında qoyur.Gelovani ilk olaraq Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Bu tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi: Qubada yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq məqsədilə müsəlmanlar onları yerli camaatdan təcrid etməyi lazım bilmiş və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər.
Qubalılar “məhbusları” yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat olurdular. Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, Sovet hakimiyyətinin Qubaya gəlmiş ilk “müjdəçisi” – D.Gelovani, ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq dərhal onları “azad edir”. Lakin az sonra məlum olur ki, Sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə,artıq bütün şəhəri təhlükə gözləyir.
Bakı və Şamaxı hadisələrindən sonra kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul edirdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. Gelovani özünü Qubanın qəza komissarı elan edir.
Yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kəndlərin əhalisi tərəfindən hadisələrə müdaxilə edir və şəhərin yəhudi məhəlləsi tərəfindən silahlı hücum başlanır. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra yerli dəstələr bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarırlar.
Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır.
Hamazaspın məqsədi yeni hakimiyyətin qurulması deyil, sırf cəza missiyasını yerinə yetirdiyi qəza sakinlərində heç bir şübhə doğurmurdu. Hamazasp şəxsən özü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət etmişdir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm… Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, sizdən qisas almağa göndərilmişəm”.
Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil etmişdir.Hamazasp dəstəsi tərəfindən hadisələrin 9-cu günü qəzanın mərkəzi Quba şəhərindən Xaçmaz dəmiryolu vağzalına 35 arabada talan edilmiş xalça və silahlar daşınmışdır.Bolşevik və daşnak Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi- soyqırımı hadisəsi idi.
Hadisələri xronoloji ardıcıllıqla izləyən tarix elmləri doktoru Əlisultan QuliyevGelovaninin Qubadan çıxarılması ilə bağlı dediklərindən, şahidlərdən; Ağaxanov Harun Şahbala oğlu, Şahverdiyev Hacı Ağa İbrahim oğlu, Hacı İsmayıl Orucov və başqalarının izahatlarından, həmçinin Quba şəhər rəisi Ə.Əlibəyov və D.Gelovaninin verdikləri məlumatlardan görünür ki, 1918-ci ilin aprelin əvvəllərində on gün ərzində Qubaya təpədən dırnağa kimi silahlanmış 800 nəfərdən çox əsgər gəlib. Təbii ki, bu qədər böyük bir qüvvəni Qubadan qovmaq asan məsələ deyildi. Əliyalın və yaxud "dayan doldurum"la silahlanmış mülki əhali bunu bacarmazdı. Bundan ötrüsilaha və təcrübəyə malik olanQubaqəzasının Milli Müqavivət hərəkatının fəal üzvləri o, cümlədən Möhübəli Əfəndi Kuzunvi və Hatəm ağa Cağarvinin qaçaqları idi.
İlk dövrlərdə Möhübəli Əfəndinin 500, Hatəm ağanın 300-dən çox qaçağı var idi. 1920-ci illərin əvvəllərində isə bu qaçaq dəstələrinin sayı ümumilikdə 3 minə çatırdı. Möhübəli Əfəndi və Hatəm ağa ömürlərinin sonuna kimi bolşevik hakimiyyətinin əleyhinə mübarizə aparmış, əqidələrinə sadiq qalmışlar. Maraqlıdır ki, 1917-ci ilin fevral burjua inqilabından dərhal sonra Əlibəy Zizikskinin təşəbbüsü ilə Quba qəza komissarlığı yaradılmışdı. Yerli mülkədarların və varlıların mənafeyini təmsil edən bu komissarlığa Qazı Əhməd bəy Məmmədbəyov, Əhməd əfəndi (Triniç), Bəybala bəy Alpanski, İbrahim bəy Şıxlarski, Hacıbala Məmmədyarov (Ə.Zizikskinin ögey qardaşı, tacir), Əlipənah bəy Şəfibəyov (Qubada Müsavat Partiyası qəza komitəsi sədrinin müavini işləmişdi, iri mülkədar) və başqa tanınmış adamlar daxil idi. Həmin komissarlıq da bolşevizmin əleyhinə idi.
Möhübəli əfəndinin və Hatəm ağanın dəstələri Aladaş düzündə Qızıl Ordu hissələrinin qarşısını kəsərək, onları Dağıstandan Azərbaycana keçməyə qoymurdu. Sonralar Lenin bu məsələnin yoluna qoyulması üçün Nəriman Nərimanova müraciət etmiş və N.Nərimanov onu mühafizə edən 27 əsgərlə Qusarin Hil kəndinə gələrək, yuxarıda adını qeyd etdiyim Hacıbaba Babayevin atasının evinə düşmüş, beş gün burada qalaraq, qaçaqlarla danışıqlar aparmışdı.
Rusiyada hərbi təhsil alan, polkovnik rütbəsinə kimi yüksələn Hatəm ağa Çağarvi 1918-ci ildə Möhübəli Kuzunvi və Əli bəy Zizikskinin dəstələri ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin bərpa edilməsi uğrunda qırmızı qvardiyaçılara qarşı, həmçinin Bakı quberniyasının qəzalarında yerli əhaliyə müsibətlər yaşadan erməni daşnaklarına qarşı vuruşmuşlar. Onlar 1918-ci ilin may ayında Quba rayonunun Digah kəndində yerləşən “Qanlı dərə”də Hamazaspın silahlı erməni qoşunları ilə qızğın döyüşlər apamış və həmin erməni dəstələrini darmadağın etmişlər.
Möhübəli əfəndinin ruslara, və yaxud müsəlman olmayan başqa xalqlara qarşı da düşmənçilik hissləri yox idi. Möhübəli əfəndinin bolşeviklərə qarşı mövqeyini onun vaxtilə Türkiyədə təhsil alması və ruslara dinimizə yad adamlar, gavurlar kimi baxması ilə izah edirdilər. O, deyirdi: “Qurtuluşumuz nə bolşeviklərdə, nə də onların silahlı dəstələrindədir. Bizə varlını əzib kasıb üçün dövlət yaratmaq deyil, varlının dövlətindən faydalanib kasıbın güzəranını yaxşılaşdırmağı bacaran, xalqın qədrini bilən hökumət lazımdır. Bu hökuməti özümüz yaratmalıyıq, bolşeviki çağırıb ixtiyaratı onlara verməməliyik". Çoxlu sürülərə, naxıra və ilxıya malik Möhübəli əfəndi özü kənddə məktəb tikdirmiş, bölgədə bir neçə məscidi təmir etdirmiş, kasıblara müntəzəm yardım göstərmişdi.
1920-ci ildə Qubada Sovet hakimiyyəti qurulduqdan sonrabolşeviklər Möhübəli əfəndi və Hatəm ağanın bölgədə böyük hörmət və nüfuz sahibi olduqlarını bildiklərinə görə onları həbs etməkdən ehtiyat etmişdilər. Əksinə, onların ikisi ilə də yeni hökumətlə əməkdaşlıq təklif olunmuşdur. Möhübəli əfəndi bundan birmənalı imtina etmiş, Hatəm ağa isə bir neçə il Quba milis şöbəsinin rəisi işlədi. Lakin yeni hökumətin siyasətini və mahiyyətini anlayandan sonra Sovetlərə qarşı mübarizəsini davam etdirməyi qərara almışdı. 1922-ci ildə vəzifəsindən imtina edərək, Qusar rayonunun Cağar kəndinə qayıtmış, ətrafina 500-dək qaçaq toplamışdı. Bundan qorxuya düşən bolşevik hakimiyyəti Qusar polkunu səfərbər etməklə yanaşı, Bakıdan da bölgəyə yaxşı silahlanmış 300 əsgər və 12 pulemyot göndərdi. Sonrakı günlərdə gəlmiş əlavə kömək də nəzərə alınsa, Hatəm ağa Cağarvi 3 mindən çox qırmızı əsgərlə döyüşlərə başladı. Cağar kəndinin ətrafında baş verən döyüşlərdə ilk günlərdə 70 əsgər və 23 qaçaq həlak oldu.Ay yarım davam edən döyüşlərdə Hatəm ağa Cağarvi də igidliklə həlak olmuşdur. Bundan sonra bolşeviklər hiyləgərcəsinə Möhübəli Əfəndini də qətlə yetirmişlər.
Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil etmişdir.
Ülkər Piriyeva