Bəzən bir körpənin göz yaşında bütün bir dünyanın vicdanı əriyir. Bəzən bir uşağın tək qalmış səsi içimizdə illərlə susan sualları oyadır: Biz nəyi itirdik? Nəyi qoruya bilmədik?
Dünən canına qıyan Nurcanın hekayəsi bir kağız arxivində rəqəmlər, tarixlər, qərarlar kimi görünə bilər. Amma bu sətirlər arxasında bir uşağın titrəyən ürəyi, heç vaxt eşidilməyən çağırışı, yuxusuna sığmayan qorxuları yaşayır.
2014-cü ildə anasını itirəndə hələ balaca idi. Dünyası yarımçıq qaldı. Sonra illər keçdi, atası uzaqlarda – Rusiyadakı ömrünün içində itdi. Nurcan isə Azərbaycanın səssiz küçələrində tək qaldı. Ən çox ehtiyacı olduğu insanlar , qanından olanlar onu yük saydı. Xalası ona qayğı göstərməkdən imtina etdi. Kiçik bir qızın “geri qayıtmaq istəmirəm” deməsi isə hər şeydən ağırdır.
Çünki uşaq “ev istəmirəm” deməz. Ev onu istəməyəndə uşaq bu sözü deyər…
Sığınacağa yerləşdirildi, reabilitasiya olundu, psixoloqlar, sosial işçilər çalışdı. Necə yaxşı ki, bu ölkədə “Təmiz Dünya” kimi isti qapılar var – ən soyuq talelərə açılan. Amma bu kifayət deyil. Çünki sığınacaq ev deyil, sığınacaq ana ətri deyil, sığınacaq ailə deyil…
Və ən ağır cümlə – bir atanın öz övladından rəsmi imtinası…
İnsan övladından necə imtina edə bilər? İnsan öz qanından necə üz döndərə bilər? Kağıza imza atmaqla gözünü, vicdanını, ata adını necə silə bilər?
Nurcanın adı bu ölkədə tək bir qız çocuğunun taleyi deyil. Bu ad – minlərlə səssiz uşağın səsi, minlərlə qırılmış uşaqlığın adı, minlərlə ümidin gömüldüyü bir qaranlıqdır.
Amma biz bu qaranlığı işığa çevirməliyik.
Uşağın təhlükəsizliyi təmin edildi – bəs onun gələcəyi?
Himayəçi tapılmadı – bəs insanlıq hardadır?
Telefon zəngləri oldu – bəs “qorxma, artıq tək deyilsən” deyən iki isti əl haradadır?
Biz böyüklər bəzən çox şey haqqında danışırıq – siyasət, iqtisadiyyat, böhranlar… Amma bir uşağı yaşatmaq qədər böyük siyasət yoxdur. Bir körpənin üzünü güldürmək qədər böyük dövlətçilik yoxdur.
Bu gün Nurcan tək qalmamalıdır. Sabah başqa bir Nurcanın hekayəsi yazılmamalıdır.
Uşaqları uşaq yaşadan, onları ata-anasız da olsa həyata bağlayan ən böyük güc – cəmiyyətin vicdanıdır. Biz o vicdanı oyatmasaq, sığınacaqlar dolacaq, evlər boşalacaq, ata adları yalnız şəxsiyyət vəsiqələrində qalacaq.
Gəlin, bir daha deyək:
Nurcanlar ölməsin.
Onların içindəki uşaq, ümid, etibar, gələcək ölməsin.
Bu ölkədə hər uşaq yaşasın – hamımız üçün.