1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Cümhuriyyət hökumətinin başlıca vəzifəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də Bakını işğaldan azad etməkdən ibarət idi. Çünki müstəqil Azərbaycan Bakısız “başsız bədənə” bənzəyirdi.
Bu fikirləri Azadmedia.az -a açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı söyləyib.
“1918-ci il martın əvvəllərində Stepan Şaumyan Moskvaya göndərdiyi teleqramda yazırdı kı, Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir. Boris Şeboldayev Sovet Rusiyası hərbi-dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubunda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 4 atıcı briqada (12.000-13.000 süngü), 3 yüzlük süvari, topçu və çevik qüvvələr var. Bakı Sovetinə qoşulan Lazar Biçeraxovun dəstəsində isə 1500 nəfərdən çox döyüşçü var idi. İyulun 1-nə olan vəziyyəti təsvir edən general Çarls Lionel Denstervilin qeydlərinə görə, vuruşan Qırmızı Ordunun sayı azı on minə çatırdı. Şahidlərdən biri yazır ki, Bakıda zorla səfərbərlik keçirilsə də, toplanan əsgərlər rüşvətlə evlərinə buraxılırdı. Siyahıya görə, Sentrokaspi diktaturasının 72 min əsgəri var idi ki, onlardan da 40 mininə silah paylanmışdı, reallıqda isə 3-4 min nəfər toplanmışdı. Osmanlı mənbələrinə əsasən, Bakıda son hücum ərəfəsində 12500 döyüşçü var idi”, - deyə Sübhan Talıblı bildirib.
Tarixçi-alim deyib ki, Əlahiddə Azərbaycan Korpusu və Qafqaz İslam Ordusunun silah və hərbi texnikasının vəziyyətinə gəlincə isə, Azərbaycan milli hərbi hissələrinin yaradıldığı andan üzləşdiyi əsas problemlərdən biri silah çatışmazlığı idi. Müsəlman Korpusunun komandanı general-leytenant Əliağa Şıxlinski öz xatirələrində yazırdı ki, “bizim əlimizdə silah, cəbbəxana... yox idi”.
1918-ci ilin aprelində erməni-bolşevik qoşunlarına qarşı Maqalovun dəstəsində təxminən 2 min nəfər, İsmayıl xan Ziyadxanlının dəstəsində təxminən 3 min nəfər, Bakıdan çıxan könüllülər, Quba, Xaçmaz, Dəvəçi könüllüləri cəmi 1-2 min nəfər təşkil edirdi. N.Qosiskinin göndərdiyi qüvvələrə polkovnik Cəfərov rəhbərlik edirdi. Azərbaycanın qərb sərhədlərində - Naxçıvan, Zəngəzur və Qarabağda ayrı-ayrı könüllü dəstələr olub. Azərbaycana gələn Nuru Paşa yazırdı ki, Müsəlman Korpusunun uğursuzluqlarına baxmayaraq könüllülər toplanır. Onların sayı 1000-ə yaxındır. Bir çox yerlərdə əhali I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülmüş türk zabit və əsgərlərini azad etmişdilər. Onlar da yerli dəstələr təşkil etmişdilər. Bəzi yerlərdə belə dəstələrin tərkibində 2 minə yaxın könüllü vardı. 1918-ci ilin əvvəllərinə 3-cü ordunun tərkibində 45 min döyüşçü var idi.
Qeyd edək ki, 1918-ci il iyunun 4-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalanmışdı. 1918-ci il iyunun 10-da Gəncə tərəfdən Bakı Sovetinin daşnak-bolşevik ordusu Cümhuriyyətin müstəqilliyinə birdəfəlik son qoymaq üçün hücuma başladı. Hərbi əməliyyatların aparıldığı ərazilərdə türk-müsəlman əhaliyə qarşı soyğunçuluq, kütləvi qırğınlar və soyqırımı törədirdilər. 1918-ci il iyunun 23-də Cümhuriyyət hökuməti ölkədə hərbi vəziyyət elan etdi. İyunun 27-dən iyulun 1-dək Osmanlı ordusundan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Soveti qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam Ordusu Bakı istiqamətində əks-hücumu nəticəsində daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi.
Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd şərq cəbhəsinə tabe olan ordu, 1918-ci il avqustun 5-də səhərə yaxın Bakıya tərəf irəli hərəkətə başladı. Türk topçusunun güclü atəşi ilə müşayiət olunan hücum qarşısında, birləşmiş düşmən qüvvələri mövqelərini qoruyub saxlamağa çalışırdılar. Havanın işıqlanması ilə hücumu şiddətləndirən türk əsgəri qarşısında ingilis, rus və erməni birləşmiş qüvvələri Bakıya doğru addım-addım geri çəkilməyə başladılar. Şimal qrupu Bakının cənub-qərbindəki Bayıl yüksəkliklərini ələ keçirərək, şəhərə daha da yaxınlaşdı. Türk topçuları şəhərə zərər vermək istəmirdi və yalnız əsgər səngərlərini hədəfə alırdı. Top səslərini eşidən bolşeviklər və erməni daşnakları qorxu və təlaş içində sahildəki gəmilərə tərəf qaçırdılar. Bakı limanında 5-6 gəminin şəhərdən qaçmağa hazırlaşan insanlarla dolu olduğu görünürdü. Hücum xəttinin sol tərəfinə qarşı irəliləməyə çalışan düşmən geriyə oturduldu. Xırdalandakı bəzi piyada və süvarilərin də geriyə çəkildiyi görünürdü. Düşmən gəmilərindən atılan top atəşləri hücumda olan türk əsgərini dayandıra bilmirdi.
15-ci piyada diviziyasının yardıma gəlməsi ilə, Qafqaz İslam Ordusu Komandanlığı sentyabrın 10-da bir əmr yayaraq, cəbhədəki bütün hərbi birləşmələrin hücum hazırlığına başlamasını tələb etdi. Şərq Cəbhəsi Komandanlığı və buna tabe olan şimal Qrupu ləğv edilərək, hərəkata başçılıq edəcək Qafqaz İslam Ordusunun tabeliyinə verildi. 5-ci Qafqaz piyada diviziyasında Mürsəl Paşa, 15-ci piyada diviziyasında podpolkovnik Süleyman İzzət bəy, Cənub Qrupu hərbi birliklərinə isə polkovnik (albay) Cəmil Cahid bəy komandanlıq edəcəkdi. Podpolkovnik Həlim Pərtəv bəy də Cənub Qrupu tabeçiliyində olan azərbaycanlılardan təşkil olunmuş milislərdən ibarət 4-cü alayı idarə edəcəkdi. Qafqaz İslam Ordusu Qərargahı ilə 5-ci Qafqaz piyada diviziyasının qərargahı Gizdəkdə, 15-ci piyada diviziyasının qərargahı isə Binəqədidə olacaqdı.
Hücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 1918-ci il sentyabrın 13-də diviziya komandanlıqlarına göndərdiyi əmrdə, sentyabrın 14-də gecə saat 02:00-da hücumun başlayacağını bildirdi. Qərargahdan “irəli” əmri verilincə, birliklər, gecənin qaranlığında Heybət-Biləcəri dəmir yolu xəttinə doğru irəliləməyə başladılar. Hədəfdə düşmənin birinci müdafiə xətti idi. 56-cı piyada alayı saat 01-də Şabani-Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Bu alaylar 03.00-da verilən tapşırığı uğurla yerinə yetirdi, beləliklə də erməni, rus və ingilislərin birinci müdafiə xəttini səssizcə işğal etdi.
Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirmiş, Çarls Lionel Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtmışdı. 1918-ci il sentyabrın 15-də döyüşlər o qədər də uzun sürmədi və Sentrokaspi Diktaturası məğlub oldu.
Bakının azad olunması üçün Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin hərbi qüvvələrinin apardıqları ikigünlük əməliyyat qələbə ilə başa çatdırıldı. Qafqaz İslam Ordusu Komandanlığına verilən raportlara görə, Bakının ələ keçirilməsində 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə 1151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərə mənsub 113 əsir alınmışdı.
Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru Paşa, Xəlil Paşa, general Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olmuşdu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Qafqaz İslam Ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafətdə H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiətilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
Qafqaz İslam Ordusunun qoşunları Bakının azad olunması uğrunda həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. 1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprel işğalından sonra bu abidənin tikintisinin başa çatmasına imkan verilmədi. Azərbaycan dövləti və xalqı Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq, 1999-cu ildə Qafqaz İslam Ordusunun şərəfinə Bakıda Şəhidlər xiyabanında abidə ucaldıldı.
2018-ci il sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi baş tutub.
Hər il sentyabrın 15-də Bakı, Şamaxı, Göyçay, Neftçala, eləcə də şəhər və rayonlarında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anım mərasimi keçirilir. Azərbaycan xalqı Türkiyənin qardaşlıq köməyini daim minnətdarlıq hissi ilə xatırlayır.