AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik

  • + A
  • - A
  • 4-10-2022, 11:20

    Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik
    Məşhur Məmmədov,
    Millət vəkili


    27 sentyabrda Azərbaycan xalqı Anım Gününü qeyd etdi. 2 il keçsə də, hər gün Vətən Müharibəsindən sonrakı geosiyasi vəziyyət, bizə Zəfər qələbəsini yaşadan oğullar barədə yazılar, onlara göstərilən diqqət və qayğı, analitik şərhlər, ekspert rəyləri manşetləri bəzəyir. Xalq öz qazillərinə qəhrəman kimi baxır, onların iş yerlərinə cəlb edilməsi, sosial layihələrə qatılması dövlər qurumlarında ən ümdə məsələlərdəndir. Şəhid ailələrinə diqqət, qayğı bütün qurumların diqqətindədir, deyərdim ki, prioritet məsələdir. Bütün Azərbaycan xalqı günündən asılı olmayaraq şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qanını yerdə qoymadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq, doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Hər bir azərbaycanlı fəxrlə deyir ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. 44 gün ərzində Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu.
    44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu.
    44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı.
    Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyat qaytarır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. 44 günlük Vətən Müharibəsi bizim milli həmrəyliyimizi bütün dünyaya göstərdi. Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərdi.
    Anım Günü cənab Prezident İlham Əliyev Füzuli rayonuna səfəri ilə bütün diqqətləri beton səngərləri ilə məşhur olan, ermənilərin başdan-başa xarabalığa çevirdiyi bu rayona yönəltdi. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Xatırlatma üçün qeyd edim ki, Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. Azərbaycanın əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın.
    Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR