AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Fərrux Əliyev - “Yeniyetməlik dövrünün təlatümlü keçməsi, bir çox psixi xəstəliklər üçün də zəmin hazırlayır” - REPORTAJ

  • + A
  • - A
  • 31-10-2022, 15:21

    Psixoloq Fərrux Əliyev - “Yeniyetməlik dövrünün təlatümlü keçməsi, bir çox psixi xəstəliklər üçün də zəmin hazırlayır” - REPORTAJ

    Fərrux Əliyev
    “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının psixoloqu




    Yeniyetməlik bir insanın uşaqlıqdan yetkinliyə keçid mərhələsi kimi müəyyən edilə bilər. Bu keçid mərhələsində fərd fiziki və emosional olaraq özünün sürətlə böyüyən bədəninə və əqli inkişafına uyğunlaşmağa çalışır. Cins və fərdi fərqlər olsa da, yeniyetməlik dövrü 12-20 yaşları əhatə edir.

    Bəli, Yetkinlik dövründə hormonal dəyişikliklər əhval-ruhiyyənin kəskin dəyişməsinə səbəb olur. Buna görə yeniyetmə şişirdilmiş emosional reaksiyalar verir. Sürətli hormonal dəyişikliklərlə yanaşı, koqnitiv və psixososial dəyişikliklər də emosional reaksiyaları gücləndirir. Bəzən, məktəb və dostlar dəyişikliyi, artan məsuliyyətlər bu dəyişikliklərin başında dayanır. Bəyənməmək, tərk edilmək, valideynlərin təzyiqi bu prosesin çox ağrılı olmasına səbəb ola bilər.
    Belə sancılı məsələlər bugün kifayət qədər cəmiyyətdə mövcuddur.
    Məhz bu səbəbdən də bütün cəmiyyətə xas olan bu problemin mahiyyətinə varmaq, onun yaranma səbəblərini öyrənmək, onu önləməyin mümkün yollarına aydınlıq gətirmək üçün Azadmedia.az olaraq Psixoloqlara üz tutduq. Əziz oxuyucularımız diqqətiniz bizdə olsun!



    ​“Yeniyetməlik dövrünün təlatümlü keçməsi, eyni zamanda bir çox psixi xəstəliklər üçün də zəmin hazırlayır.”
    Bu fikirləri Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın yönləndirdiyi suallara olan açıqlamasında Psixoloq Fərrux Əliyev bildirib.


    Yeniyetməlik, inkişaf psixologiyası nədir?

    Yeniyetməlik dövrü 11-12 yaşdan 14-15 yaşadək dövrü, orta məktəbin 5-8-ci sinif şagirdlərini əhatə edir. Lakin yeniyetməlik dövrünün başlanması və bitməsinə dəqiq sərhəd qoymaq olmaz. Müxtəlif amillərin təsiri altında bu yaş dövrü 1 il tez və ya gec başlayıb, 1 il tez və ya gec bitə bilər. Yeniyetməlik dövründə şəxsiyyətin kollektivdəki mövqeyi, eyni zamanda ictimai münasibətlər sistemində tutduğu vəziyyət əsaslı dəyişikliklərə uğrayır. Belə ki, bu yaşda onların davranış və rəftarlarında əvvəlki yaş dövrlərində müşahidə edilməyən xüsusiyyətlər özünü göstərməyə başlayır.

    Yetkinliyin əlamətləri hansılardır?

    Yetkinliyin əlamətlərini həm fizioloji, həmçinin də psixoloji sferada müşahidə etmək mümkündür. Yetkinlik dövründə şəxsin orqanizmində əsaslı dəyişikliklər baş verir. Hipofiz və qalxanabənzər vəzilərin fəaliyyəti intensivləşir ki, bunun da sayəsində orqanizmdə maddələr mübadiləsi yüksəlir, bədənin aşağı və yuxarı ətrafları uzununa sürətlə inkişaf edir. Bu dövrdə nəzərə çarpan ən mühüm cəhətlərdən biri də, fiziki inkişafla əlaqədar cinsi yetişkənliyin baş verməsidir.
    ​Psixoloji sferada isə şəxsiyyət inkişaf edir, bu sahədə özünü göstərən dəyişikliklər onlarda yaşlılıq hissini formalaşdırır, yeni tipli qarşılıqlı münasibətlər meydana gəlir, sərvət meylləri təşəkkül edir, özünüqiymətləndirmə formalaşır, mənlik şüuru inkişaf edir.

    Yeniyetməlik dövründə psixoloji problemlər olurmu? Yeniyetmənin psixi problemləri?

    Yeniyetməlik yaş dövrünün əsas psixoloji problemləri “Böhran dövrü” və deviant davranışıdır. Amerika psixoloqu Kurt Levin iddia edirdi ki, cəmiyyətə nüfuz etməyə çalışan yeniyetmədə, uşaqlıq dövrünə xas olmayan yeni üstünlüklər meydana gəlir. Lakin, bu üstünlüklər uşaqlıqla yaşlılıq arasında müəyyən bir sədd çəkdiyindən yeniyetmə uşaq qrupu ilə yaşlı qrupu arasında qaldığından, onun inkişafında hər cür ziddiyyət və böhran baş verir.

    ​Yeniyetmələrdə bəzən görünən deviant davranışın(cəmiyyətin qayda və qanunlarına əks getmə davranışı) səbəbi isə ictimai həyatın onlara verdiyi konkret sosioloji tələbatı ödəyərkən yeni inkişaf edən yeniyetmənin böyüklər aləmində müəyyən mövqe tutmaq istədiyi zaman qazanılan xüsusiyyətlərlə, müstəqilliyə artan tələbatla, bu müstəqilliyi həyata keçirmək imkanları arasında baş verir.

    ​Yeniyetməlik dövrünün təlatümlü keçməsi, eyni zamanda bir çox psixi xəstəliklər üçün də zəmin hazırlayır. Davranışlar gözlənilməz istiqamətdə dəyişir, aqressivlik həddən artıq artır, dərs müvəffəqiyyəti aşağı düşür, zərərli vərdişlərə meyllilik artır. Ən çox rast gəlinən psixi problem depressiv simptomların yaranması olur.

    Yeniyetmə nə hiss edir, necə davranmaq istəyir?

    Yeniyetmələr ilk öncə hədsiz müstəqilliyə can atır. Asılılıq duyğusundan azad olmaq istəyir. İqtisadi azadlıq əldə etmək arzusunda olur. Bundan əlavə onun üçün ən vacib amil öz rolunu valideynlər və qohumlar arasında deyil, dostlarının əhatəsində dərk və ifadə etməkdir. Dostları bir yeniyetmənin həyatının mərkəzidir. Emosional böhran içərisində olan yeniyetmə qərarları özü vermək istəyir və heç kimin fikrini almaq istəmir. Demək olar ki, bütün yeniyetmələr bu dövrdə diqqət mərkəzində olmağa və təriflənməyə ehtiyac duyurlar.

    Üsyankar bir yeniyetmə ilə necə davranmaq olar?

    İlk öncə yeniyetməni üsyankar davranışa gətirən səbəblər var ki, bu səbəblər olmadıqda qeyd olunan davranış da olmur. Bu səbəblər hansılardır? Yeniyetməyə balaca uşaq kimi qəyyumluq etdikdə, addımbaşı onun hərəkətlərini izlədikdə, nəzarət etdikdə, verilmiş tapşırığı yerinə yetirmədiyi hallarda danladıqda, heç bir qeyd şərtsiz yaşlılara tabe olmağı tələb etdikdə, onun rəy və marağı ilə hesablaşmadıqda, məşğələlərinə müdaxilə etdikdə, dostları ilə münasibətlərini məhdudlaşdırdıqda, yaxud qadağan etdikdə, üsyankar davranış müşahidə olunur. Bu hallar aradan getdikdə, üsyankar davranış da aradan gedir.

    Yetkinlik neçə yaşında bitir? Qızlarda/oğlanlarda?

    Qəbul edilmiş yekdil rəyə əsasən yetkinlik oğlanlarda 13, qızlarda isə 11-yaşdan formalaşmağa başlayır və 18-21 yaşda bitir.

    Erkən yetkinlik nədir? Səbəbləri və zərərli tərəfləri hansılardır?


    Erkən yetkinliyin səbəbləri bir çox hallarda iqlim şəratindən, bəzi milli-etnoqrafik amillərdən, bəzən də orqanizmin fərdi xüsusiyyətlərindən, iş və istirahət rejimindən asılı olur. Erkən yetkinliyin simptomları piylənmə ilə əlaqəli olur. 10 yaşdan öncə qızlarda süd vəzilər böyüməyə başlayır, qoltuqda və cinsiyyət orqanlarında tüklənmə müşahidə olunur və bəzən də menstruasiya baş verir. Oğlanlarda isə cinsi yetişkənlik dövründən öncə cinsi orqanları və xayaları böyüməyə başlayır.

    ​Zərərli tərəfləri erkən yetkinlik dövrünə çatmış qız və oğlanlarda cinsi meyllərin yaranması və bu halların onlarda psixoemosional halların zərərli istiqamətdə inkişafına səbəb olmasıdır.

    Erkən yeniyetməlik dövründə hansı şöbəyə hansı həkimə müraciət ediləmlidir?

    Əyər qızlarda və oğlanlarda erkən inkişaf müşahidə edilirsə, qızlar üçün xəstəxanaların ginekoloji şöbələrinə, oğlanlar üçün isə androloq həkimlərə müraciət olunmalıdır. Psixoemosional halların aradan qaldırması üçün isə mütəxəssis psixoloqlara müraciət edilməlidir.

    Yeniyetməlik dövründə “Ailə”nin üzərinə düşən vəzifələr?


    Yeniyetməlik yaş dövrünün uğurlu və sabit keçməsi üçün ailənin bir sıra vəzifələri vardır ki, onlar bu vəzifələri icra etməlidirlər.


    - Ailə\valideynlər hər şeydən əvvəl yeniyetmə övladını anlamağa və ona onun dəyərli olduğunu hiss etdirməlidir. Ona görə də valideynlər bu hissləri on(lar)a yaşatmaq üçün söz və davranışlarına diqqət etməli, bu mövzuda həssas olmalıdırlar. Əgər yeniyetmə bu duyğuları ailədə hiss etməsə, bunu digər qruplarda axtarmağa başlayacaq.

    - Ailədaxili mövzularda yeniyetmələr kənarlaşdırılmamalı, əksinə onların da düşüncələrinə diqqət etməlidirlər.

    - İstənilən mövzularda yeniyetməni aktiv dinləməli (ona özünü dəyərli hiss etdirmək) və ortaq məxrəcə gəlinməlidir.

    - Əksər hallarda valideynlər yeniyetmələrlə dostcasına söhbət etmək dedikdə, onları qarşılarına alıb saatlarla nəsihət verirlər. Amma nəsihətlər çox vaxt işə yaramır, sadəcə yeniyetmə valideynini dinləyər. Bu ise hər hansı bir problemin həlli deyil.

    - Yeniyetmənin dostları tənqid olunmamalı, valideynlər əvvəlcə övladının dostlarını tanımağa çalışmalı və bunu ona hiss etdirməməlidir. Əgər tanıdıqdan sonra onun dostlarının ona uyğun olmadığını düşünürsünüzsə, onda bunu yeniyetmə ilə danışın. Amma heç bir halda tanımadan tənqid etmək valideyni haqqsız bir vəziyyətə gətirə bilər.

    - Bütün bunlarla yanaşı, sevgi əksik edilməməlidir. Valideynlər övladlarını sevir lakin bunu ona deməyin əksər hallarda lazımlı olmadığını düşünürlər. Bütün yaş dövrlərində övladlar valideynlərindən sevgi görmək istəyirlər amma yeniyetməlik dövründə xüsusi olaraq sevgiyə ehtiyac duyurlar. Əgər yeniyetməlik dövrü daha ağır və konfliktli keçirsə, onda psixoloqlara müraciət etmək lazımdır.



    Fərrux Əliyev
    “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının psixoloqu

    Qeyd: Övladlarınızı qoruyun!



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR