Məzahir Əfəndiyev
Milli Məclisinin deputatıAzərbaycanda dünya beyin mərkəzlərinin qabaqçıl mütəxəssislərinin artıq ənənə halını almış görüşləri, habelə toplanaraq aktual məsələləri müzakirə etmək üçün əsaslı məkanı vardır. Regionda, eləcə də dünyada baş verən hadisələrin müzakirə edilməsi, geniş elmi təhlil aparmaqla düzgün qiymətləndirilməsi və marağı olan ictimaiyyətə çatdırılması məhz Azərbaycan Diplomatik Akademiyasında baş tutur.
Növbəti beynəlxlaq toplantı Prezident İlham Əliyevin iştirakı ilə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda 25 noyabr 2022-ci il tarixində keçirildi. Həmin konfransda Cənab Prezident region üçün və dünyada cərəyan edən siyasi proseslərin axarına dair mükəmməl fikirlər səsləndirdi. Keçirilən müzakirələrdə bütün politoloqlar, beyin mərkəzləri bildirdilər ki, doğrudan da dünyamızın siyasi mənzərəsi dəyişir və məhz bu dəyişikliklər fonunda iqtisadi dəhlizlərin əhəmiyyəti artmaqdadır.
Cənab Prezident çıxış nitqində Azərbaycanın bütün yeni çağırışların artıq bir çoxuna hazır olduğunu bəyan etdi. Həmin çıxışın əsasında Azərbaycanın hər zaman olduğu kimi, bu gün də sülhün və regional təhlükəsizliyin əldə olunmasında maraqlı tərəf, o cümlədən dünya dövlətləri üçün etibarlı tərəfdaş olduğu fikirləri dayanırdı.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir.
Regionun aparıcı qüvvəsi, lokomotivi olaraq artıq ölkəmizin geosiyasi əhəmiyyətinin gündən-günə artdığını müşahidə etməkdəyik. Bu, bir tərəfdən Avropa qitəsində enerji təchizatı və təhlükəsizliyi ilə bağlı yaranmış böhran, xüsusilə də neft və qazın qiymətlərində davamlı artım dinamikası fonunda, digər tərəfdən isə Rusiya-Ukrayna münasibətlərinin gərgin olaraq qalması ilə logistika və kommunikasiya yollarının yenilənməsi zərurəti nəticəsində baş verdi.
Əminliklə deyə bilərik ki, beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində nəqliyyat və kommunikasiya dəhlizlərinin rolu əvəzsizdir. Dünyamızın siyasi arxitekturasında baş verən dəyişikliklər mövcud logistik yolların yenilənməsini diktə edir ki, burada da hər zaman sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olan Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin aktiv iştirakçısına çevrilmişdir.
Bu istiqamətdə artıq uzun illərdir görülən işlər öz nəticəsini verib və Azərbaycanda dəhlizlərlə bağlı əksər nəqliyyat, logistika infrastrukturu istifadəyə hazırdır. Hələ 2014-cü ildə Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, 2017-ci ildə ümumi sahəsi 850 hektar ərazini əhatə edən Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair Prezident İlham Əliyevin müvafiq Sərəncamı Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin bariz nümanisidr. 2021-ci ilin iyul ayında Cənab Prezidentin Ələt Azad İqtisadi Zonasının təməlini qoyarkən vurğuladığı kimi “Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq”.
Mövcud reallıqlarda Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizləri istiqamətində istər enerji resurslarının etibarlı təminatçısı olmaqda, habelə ticari dövriyyənin artımında daha da maraqlıdır. Bütün bu dəhlizlərdə iştirak etməklə, eyni zamanda Orta Dəhliz layihəsi ilə bağlı aparıla biləcək işlərin də təməlini qoymaq mümkün olacaqdır.
Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin həyata keçirilməsini daha çox təklif edən, bu istiqamətdə görüləcək işlərə fikrini kökləyən ölkələrdəndir. Beyin mərkəzləri, beynəlxalq mütəxəssislər hesab edirlər ki, bu layihənin icrası hal-hazırda tək Azərbaycan üçün deyil, bütün dünya dövlətləri üçün çox aktual və vacibdir.
Bu günə qədər milli iqtisadiyyatın şaxələndirilməsi üçün qoyulmuş sərmayə, yaradılmış mövcud infrastruktur, ölkə iqtisadiyyatındakı davamlı inkişaf yeni çağırışların mükəmməl idarə olunması üçün heç şübhəsiz ki, əsas vasitələrdəndir.
Azərbaycanda formalaşmış dayanıqlı iqtisadiyyat eyni zamanda bu gün ölkəmiz üçün zəruri olan Böyük Sülh Sazişinin imzalanmasına, əsasən Ermənistan tərəfininn səsləndirdiyimiz məlum beş şərtin qəbul etməsinə xidmət edir. Logistika dəhlizlərinin, kommunikasiya xəttlərinin yenilənməsi bizi qarşıya qoyulmuş hədəflərə, sülhə daha da yaxınlaşdırır.
Cari ildə Cənab Prezident həm Orta Asiya ölkələrinə, habelə Bolqarıstan, İtaliya, Albaniya, Serbiya və Gürcüstana səfərlər edərək, habelə Avropa İttifaqının rəsmi nümayəndələri ilə bir sıra rəsmi görüşlər keçirərək ikitərəfli və çoxtərəfli iqtisadi məsələləri müzakirə etməklə yanaşı olaraq, eyni zamanda bu görüşlərdən Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün Ermənistan tərəfinə əlavə təsir imkanı kimi istifadə edir.
Təəssüflə qeyd edim ki, Azərbaycanın haqq işinə qulp qoyan, maneəçilik törədən ölkələr də var. Burada biz istər cənub qonşumuz olan İranın sərhədlərimizdə keçirilən hərbi təlimlərini, müxtəlif əsassız bəyanatlarını, istərsə də Fransa Senatının qəbul etdiyi məlum qətnamə ilə Fransanın sülh prosesinə mənfi təsir göstərdiyini müşahidə etdik. Lakin, Azərbaycanın Avropada kifayət qədər strateji tərəfdaşları, uğurla iqtisadi əməkdaşlıq etdiyi ölkələr var. Unutmayaq ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan bu gün əsas oyunçulardandır.
Beləliklə, inkişaf etmiş iqtisadiyyat mükəmməl siyasi qələbələrin əldə olunmasına xidmət göstərir, eyni zamanda hərtərəfli, çoxvektorlu siyasi fəaliyyət də istənilən iqtisadiyyatın bərpasını, davamlı inkişafını təmin edir.