AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır

  • + A
  • - A
  • 1-02-2023, 20:00

    Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır

    Azərbaycan region ölkələri, həmçinin, türk və ərəb dövlətləri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də həm siyasi, həm də iqtisadi sahədə sıx əlaqələr qurmağı bacarıb. Bu baxımdan, Azərbaycan-Macarıstan əlaqələri xüsusi diqqət çəkir.
    Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir və hər iki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.
    Ölkələrimiz qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir. Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Macarıstanın bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi, rəsmi Budapeştin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad münasibətlərinin göstəricisi kimi dəyərləndirilməlidir.
    Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.
    Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaradıb. Məlum olduğu kimi Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Rəsmi Budapeşt ilk günlərdən Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləməklə yanaşı, bu layihəyə qoşulmaqda maraqlı olduğunu da ifadə edib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin yanvar ayının 29-da Macarıstana səfəri iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısının Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında Macarıstana rəsmi səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir.
    Səfər çərçivəsində yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə keçirilən geniş tərkibdə görüşü zamanı enerji, təhsil və nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunmuş, iki ölkə arasında əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın əhəmiyyəti qeyd edilmişdir. Azərbaycanın uzun illər ərzində apardığı uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdığını bildirən Ölkə başçısı qeyd etmişdir: “Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar”.
    Ölkə başçısı bəyanatı zamanı, həmçinin, Azərbaycanın nəqliyyat sahəsində çox böyük planlar həyata keçirdiyini vurğulayaraq dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlandığın bildirib. Bununla yanaşı işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərlik təqaüd ayrılır. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.
    Beləliklə, Ölkə başçısının rəsmi səfər çərçivəsində imzalanmış bir sıra mühüm sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlığın ən yüksək səviyyəyə çatmasına, Azərbaycan–Macarıstan iqtisadi əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoymasına başlamaq üçün yaxşı zəmin hazırlayır. Bütövlükdə isə, Prezident İlham Əliyevin dost ölkəyə səfəri yüksək səviyyədə olan əlaqələrin inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcək və ikitərəfli münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq.

    ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri
    Günay Məhərrəmova







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR