Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bəzi səfirlik və konsulluqların təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanma qərarı alaraq Türkiyəyə qarşı psixoloji müharibəyə başladığını bildirib.
Azadmedia.az xəbər verir ki, “60 milyon turist hədəfini təyin etdiyimizi və 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız gün səfirliklər vasitəsilə Türkiyəyə qarşı yeni psixoloji müharibəyə başladılar”, - deyə S.Soylu deyib.
Bu ölkələrin məqsədlərinin Türkiyənin sabitliyinə və əmin-amanlığına kölgə salmaq olduğunu hər kəsin çox yaxşı bildiyini vurğulayan Daxili İşlər naziri Süleyman Soylu “Bu ölkədə səfirlər Türkiyəyə qarşı bəyannamə yayımlamışdılar. Bunun səbəbi Türkiyədə hüquqa müdaxilə etmək və Türkiyədə sabitliyi pozmaqdır. İstiqlal küçəsində bombalı hücumun, Hatayda polis məntəqəsinə edilən hücumun 2022-ci ildə səfirlərin imzaladığı bəyannamədən bir fərqi yoxdur, eynisidir. İçlərində qalmış böyük planın bir hissəsidir. Türkiyəyə qarşı yayımladıqları bəyannamədə hansı səfir bu bəyannaməni imzalamağı tövsiyə edibsə, Türkiyədə təxminən 3-4 gündür bir DEAŞ hadisəsi üzərindən səfirliklərin, bəzi ibadət yerlərinin təhlükə altında olduğunu ortaya qoyaraq, bir qurumumuza verdiyi kəşfiyyat xarakterli bir qeydlə digər səfirlərə də 'Biz bağlayırıq, siz də bağlayın' düşüncəsini aşılayaraq, 60 milyon turist hədəfi qoyduğumuz bir gündə, 51 milyon turistin gəldiyini, 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız bir gündə Türkiyədə yeni psixoloji müharibəyə başlamaq ərəfəsində olublar”, - deyib.
Qeyd edək ki, Türkiyə ilə bağlı təhlükəsizlik xəbərdarlığı edən və ya bəzi diplomatik və konsulluq nümayəndəliklərini müvəqqəti bağlayan ABŞ, Hollandiya, İsveçrə, İsveç, İngiltərə, Almaniya, Belçika, Fransa və İtaliyanın bu ölkədəki səfirləri və nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq Ankaranın mövqeyi çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.