“Ermənistan və Qarabağdakı separatçı rejim uzun illər Azərbaycanın Qarabağda olan resurslarını talayıb və xaricə daşıyıblar. Ziyanın miqdarı yüz milyonlarla dollar həcmindədir. Hazırda Azərbaycan bu qanunsuz fəaliyyətə aidiyyəti olan bir çox xarici şirkətləri məhkəməyə verib. Məsələn, “Frank Muller” saat şirkətinin sahibi işğal zamanı Qarabağdakı qızıl yataqlarını talayıb, xaricə aparıb. Bu cür hallar çoxdur, yalnız qızıl deyil, digər yataqları da talayıblar.
Torpaqlarımız işğaldan azad olunandan sonra həmin yataqların əksəriyyəti Azərbaycanın nəzarətinə keçdi. Kəlbəcərdə, Zəngilanda olan qızıl yataqları bunların sırasındadır. Amma son zamanlar müşahidələr göstərir ki, sülhməramlı qüvvələrin nəzarətində olan Qarabağ ərazilərində talama prosesi yenə də davam edir. Əsasən, iki yataqdan - Dəmirli və Qızılbulaqdan sərvətlərimiz talanır, Laçın yolu vasitəsilə xaricə aparılır. Bu yataqlar zəngin metal-filiz yataqlarıdır.
Dəmirli Azərbaycanda ən çox mis ehtiyatının olduğu yataqlardan biridir. Kifayət qədər böyük mis ehtiyatları var və Dəmirli yatağını qanunsuz istismar edən şirkət separatçı rejimə “vergi” formasında ən çox pul ödəyən şirkətdir. Bir il ərzində təxmini hesablamalara görə, bu şirkət separatçı rejimə 40 milyon dollardan çox pul ödəyib. Yəni, əslində, separatçı və terrorçu rejimi maliyyələşdirib. Təsəvvür etmək belə, çətindir ki, Azərbaycanın öz yatağı, resursları hesabına ərazisindəki qeyri-qanuni dəstələr maliyyələşdirilir. Təbii ki, Azərbaycan buna göz yuma bilməzdi”.
Bu sözləri Oxu.Az-a müsahibəsində Qarabağdakı təbii sərvətlərimizin iqtisadi potensialından söz açan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Millət vəkili ilə söhbətimizdə cari ildə qəbul edilən qanun layihələrindən, hazırkı iqtisadi qanunvericilikdən, manatın möhkəmlənməsinin ixraca təsirindən, büdcədə yaranmış profisitin xərclənmə mexanizmindən, Bakının tıxacından, işsizlik problemindən, ekofəalların aksiyasından, inflyasiya və digər bir sıra məsələlərdən danışdıq.
Müsahibəni təqdim edirik:
- Tahir müəllim, artıq Milli Məclisin payız sessiyası bitmək üzrədir. Bu sessiyanı necə qiymətləndirirsiniz? Sədrlik etdiyiniz İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hansı əhəmiyyətli qanun layihələri hazırlayıb? 2023-cü ilin yaz sessiyasında hansı məsələlərə xüsusi diqqət yetirməyi planlaşdırırsınız?
- Payız sessiyası Milli Məclis sessiyaları içərisində həmişə xeyli aktiv sayılır. Çünki Milli Məclisin işinin böyük bir hissəsi, növbəti ilin dövlət büdcəsinin qəbulu, ilin sonu ilə yağlı yekun hesabatlar məhz payız sessiyası dövrünə düşür. Bu il də dövlət büdcəsinin müzakirəsi parlamentdə bir aydan çox davam etdi. 2023-cü ilin dövlət büdcəsi layihəsini qəbul etdik və bu, Azərbaycanda manat ifadəsində ən böyük büdcə oldu.
Eyni zamanda, komitənin iclaslarında dövlət və özəl sektor əməkdaşlığı üzrə “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihələri, İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların, İKT sahəsində fəaliyyət göstərən sahibkarların 10 il müddətinə vergidən azad edilməsi ilə bağlı qanun layihələri müzakirə edildi və parlament tərəfindən qəbul olundu. Düşünürəm ki, bu qanun layihələri Azərbaycanda iqtisadi sektorun inkişafının sürətləndirilməsi, sahibkarların rolunun artırılması, özəl təşəbbüskarların dövlət tərəfindən dəstək mexanizmlərinin inkişaf etdirilməsi və dövlət-sahibkar münasibətlərində yeni bir səhifənin açılması baxımından mühümdür.
- Ümumiyyətlə, Azərbaycanda iqtisadi tənzimləməni və qanunvericiliyi necə qiymətləndirirsiniz? Qüvvədə olan qanunlarımız dəyişkən iqtisadi proseslərin tənzimlənməsi üçün yetərlidirmi?
- İqtisadiyyat son zamanlar kifayət qədər dinamik dəyişikliklərə məruz qalır. Ona görə də qanunvericilik sahəsi də dəyişmək məcburiyyətindədir. Çünki iqtisadiyyatın sürətli dəyişməsini tənzimləmək və iqtisadi inkişafa nail olmaq üçün biz qanunvericiliyi uyğunlaşdırmalı, yeni qanunlar qəbul etməliyik. Bu, daim gedən bir prosesdir. Dövlət başçısının rəhbərliyi ilə aparılan sürətli iqtisadi islahatlar nəticəsində iqtisadi qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir. Ona görə də hazırda qanunvericilik sahəsində ən dinamik yenilənən sahə iqtisadi qanunvericilikdir. Bu sessiya dövründə də qanunlara yüzdən çox dəyişiklik etmişik. Dəyişikliklərin əsas məqsədi daha çox sahibkarlıq mühitinin inkişafı yolunda maneələrin aradan qaldırılması, güzəştlərin tətbiq olunması və ya böhrana uyğun olaraq iqtisadi siyasətin yönünü tənzimləmək, çevik alətlər toplusu yaratmaqdır.
Hazırda Azərbaycanda iqtisadi qanunvericiliyin qarşısında bir neçə çağırış var. Bizim bir çox qanunlarımız 1990-cı illərdə qəbul olunub və o dövrün şəraiti ilə indiki şərait arasında çox böyük fərq var. Ona görə də ya həmin qanunlara dəyişikliklər edilməli, ya da yenidən yazılmalıdır. Bəzən dəyişikliklər hansısa qanunun icrası üçün münbit şərait yarada bilir və həmin halda dəyişikliklərə gedirik. Amma elə qanunlar var ki, tamamilə yenidən hazırlanmalıdır. Məsələn, qida təhlükəsizliyi ilə bağlı yeni bir qanun hazırlandı və bunun əvəzində yeyinti məhsulları ilə bağlı qanun ləğv olundu. Yaxud hazırda Rəqabət Məcəlləsinin hazırlanması üzərində iş gedir.
Rəqabət Məcəlləsi qəbul olunduğu zaman 1990-cı illərdə qəbul olunmuş iki qanunun ləğv olunması planlaşdırılır. Onlardan biri, məsələn, haqsız rəqabət haqqında qanundur. Bundan əlavə, qiymətləndirmə, auditor fəaliyyəti haqqında qanunlar var. Onları yenidən işləməyi düşünürük. Çünki hesab edirik ki, onlarda dəyişiklik etmək lazımi effekti verməyəcək. Qanunvericiliyin təkmilləşməsi və yenilənməsi daimi gedən bir prosesdir, burada son nöqtə anlayışı yoxdur.
- ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) inflyasiyanı önləmək üçün cari il ərzində yeddi dəfə uçot dərəcəsini artırıb. Bu isə dolların digər valyutalar qarşısında dəyər qazanmasına yol açdı, hətta dollar avronu üstələdi. Ancaq manat dollar qarşısında stabildir. Deməli, manat da digər valyutalara nisbətdə dəyər qazanır. Necə düşünürsünüz, bu gedişat ixrac potensialımıza mənfi təsir göstərə bilərmi?
- Hər bir valyuta məzənnəsinin iki mühüm funksiyası var. Biri iqtisadi funksiyadır, məsələn, idxalın-ixracın tənzimlənməsi. Digəri isə sosial funksiyadır. Azərbaycanda hazırda manatın məzənnəsinin sabit qalmasını təmin edən əsas faktor ölkəmizin valyuta gəlirlərinin valyuta xərcləmələrindən daha çox olmasıdır. Çünki xarici valyuta da bir məhsuldur və ona tələb təklifdən çox olduğu zaman məzənnə artmağa başlayır.
Azərbaycanda ixrac idxalı təxminən 20 milyard dollara qədər üstələyir. O cəhətdən baxsaq, ölkəyə valyutanın daxil olması çıxarılmasından daha çoxdur. Tədiyyə balansının cari əməliyyatlar balansında (tədiyyə balansı ölkədə bütün valyuta hərəkətlərini əks etdirir) defisit yox, profisitdir. Bu gün, əslində, dövlət tənzimlənməsi olmasa, xarici valyutalar Azərbaycanda ucuzlaşar.
İqtisadçılar bilirlər ki, xarici valyutanın ucuzlaşması bir çox hallarda iqtisadiyyata mənfi təsir edir. Çünki manatın məzənnəsi gücləndikcə ixracımız bahalaşacaq. Bütün dünyada ixracı artırmaq üçün məzənnənin zəifləməsi siyasəti həyata keçirilir. Amma Azərbaycanda dövlətin iqtisadi siyasətinin mühüm bir hissəsi sosial siyasətdir. Hər kəs başa düşür ki, ölkədə milli valyutanın məzənnəsinin dəyişməsi qiymətlərin indiki inflyasiya fonunda artmasına təsir edə bilər. Məhz sosial siyasət əsas götürərək ölkədə hazırda məzənnənin sabit qalması siyasəti yürüdülür.
- Ancaq bir müddət əvvəl maliyyə naziri Samir Şərifov açıqlama verdi ki, Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi möhkəmlənə bilər. Siz də belə olsa, ixracın bahalaşacağını dediniz. Manat möhkəmlənərsə, xüsusən qeyri-neft ixracatçılarının yarana biləcək problemlərinin qarşısını almaq üçün hansı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun sayırsınız?
- Manatın məzənnəsinin möhkəmlənməsi istənilən halda ixracımızın səviyyəsinin artmasına mənfi təsir göstərər və idxalımızı daha da artıra bilər. Məsələn, bu gün Türkiyədə lirə sürətlə ucuzlaşır, amma əvəzində Türkiyənin ixrac həcmi dəfələrlə artıb. Bu, bir iqtisadi funksiyadır. Ona görə də məzənnənin möhkəmlənməsi iqtisadi cəhətdən Azərbaycan iqtisadiyyatına yaxşı bir şey vəd etmir.
Bu, idxalımızın artmasına gətirib çıxara bilər. Çünki məzənnə möhkəmləndikcə idxal ucuzlaşır, idxal ucuzlaşdıqca idxalın həcmi artır, idxal həcmi artdıqca yerli istehsala böyük zərbə dəyir və yerli istehsalı inkişaf etdirmək heç kimə sərf etmir.
Möhkəmlənmə olmasın deyə dövlət bazara müdaxilə edir, tənzimləməylə məşğuldur. Bir çox hallarda həm istehlakın həcminin, həm nəğd pul kütləsinin tənzimlənməsi üçün siyasət yürüdülür, yerli istehsalın inkişaf etidirilməsinə dəstək olunur. Lazım olduğu zaman bazara müdaxilələr edilərək ya artıq manatın, ya da artıq dolların Mərkəzi Bank tərəfindən alışı həyata keçirilir.
Azərbaycanda ən böyük valyuta satıcısı Dövlət Neft Fondudur. Məhz DNF vasitəsilə alınan manat kütləsi dövlət büdcəsinə transfer olunur. Lakin Dövlət Neft Fondunun büdcə üzrə transferlərinin həcmi hər il azalır. Hər il azalma isə bir tərəfdən, vəsaitlərə qənaət etmək, digər tərəfdən isə məzənnənin möhkəmlənməsinin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdən biridir.
- Bu gün ixrac indeksində neft-qaz sektorunun payı çoxdur. Qeyri-neft sektorunun sürətli inkişafı üçün xeyli qərarlar qəbul edilib, layihələr icra olunur. Amma hələ ki inkişaf istədiyimiz səviyyədə deyil. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün daha nə etmək olar? Ümumiyyətlə, ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılı olmasından narahat olmalıyıqmı?
- İqtisadiyyatın strukturuna baxanda qeyri-neft sektorunun payı, əslində, az deyil. Azərbaycanda ümumi daxili məhsulun təxminən 70 faizindən bir az çoxu qeyri-neft sektorunun hesabına formalaşır. Neft və qaz sektorunun iqtisadiyyatda payı cəmi 30 faizdir. Bizim qarşımızda duran əsas çağırış başqa şeydir. Bəli, bizim ixracımızın böyük bir hissəsini, təxminən 80 faizdən çoxunu neft və qaz məhsulları təşkil edir. Əslində, bir tərəfdən, daha çox gəlir əldə etmək dövlətin hər bir vətəndaşı üçün yaxşı bir haldır, çünki o əldə olunan gəlirlər olmasaydı, biz güclü sosial siyasət yürüdə, güclü ordu qura bilməzdik, Azərbaycanda infrastruktur layihələrini bu həcmdə icra edə, qeyri-neft sektorunu bu həcmdə maliyyələşdirə bilməzdik.
Azərbaycan bütövlükdə yenidən qurulan bir ölkədir. Yəni bu cəhətdən baxsaq, yüksək gəlirin olması yaxşı bir şeydir. Amma bizi narahat edən məsələ bir məhsulun ixracda payının bu qədər çox olmasıdır. Çünki məhsulun payı çox olduqda qiymət dəyişdiyi zaman bu dəyişikliyin ölkəyə təsiri çox böyük olur. Biz bunu 2015-16-cı illərdə gördük. Azərbaycan dövləti ixracda neft-qazın payının azalması və yaxud qeyri-neft sektorunun payının artması istiqamətində siyasət yürüdür. Ona görə də son illər Azərbaycanda həm qeyri-neft sektorunun, həm də qeyri-neft ixracının artım templəri neft və qaz sektorunda istehsalın və ixracın artım templərini dəfələrlə üstələyir.
Sektorun inkişafı üçün müxtəlif addımlar atılır. Təbii ki, daha da çoxu edilə bilər. Buna da çalışılır. Bu istiqamətdə də yeni qanunlar qəbul olunur, yeni stimullaşdırma tədbirləri həyata keçirilir, şəffaflaşma prosesi sürətlənir.
- Qeyri-neft sektorunun inkişafı həm də sahibkarlığın inkişafından asılıdır, xüsusilə də xırda və orta sahibkarlara təkan verəcək layihələr olmalıdır. Bizdə bu istiqamətdə hansı işlər görülür? Məsələn, aşağı faizli kredit verilməsi barədə təkliflər nəzərdə tutulurmu?
- Bu sahədə bir çox alətlər mövcuddur. Mikro-kiçik və orta sahibkarlığın inkişafı üçün xeyli tədbirlər görülür. Məsələn, mikrosahibkarlıq subyektlərinin gəlirlərinin 75%-i vergidən azaddır, KOB subyektlərinə mənfəət vergisindən, gəlir vergisindən güzəştlər var. Həmçinin KOB-la bağlı ayrıca bir fondun yaradılması planlaşdırılır ki, daha əlverişli şərtlərlə kreditlə təmin olunsun.
Onlara dövlət alışlarında üstünlük verilməsi üçün müvafiq qaydalar mövcuddur. Biz çox istəyirik ki, bu subyektlərdə daha çox innovativ həllər tətbiq olunsun. Çünki innovasiya tətbiq olunmadan bu gün məhsul istehsal edib satmaq, xaricə ixrac etmək qeyri-mümkündür. Kredit faizləri və maliyyə vəsaitlərinin əlçatanlığının təmin olunması önəmlidir. Bununla bağlı dəfələrlə müzakirələr gedib. Mərkəzi Bankın sədri ilə görüşdə də bu məsələ qaldırıldı. Çünki hazırda Azərbaycanda sahibkarlıq subyektləri üçün kommersiya bankları tərəfindən təklif edilən kreditlərin faizləri sahibkarları qane etmir. Tərəfimizdən bir çox təhlillər həyata keçirilir. Amma dövlət tərəfindən baxsaq, Sahibkarlığın İnkişafı Fondu baxımından kredit faizləri kifayət qədər aşağıdır. Sahibkarların kommersiya banklarından aldıqları kreditlərin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşması ilə bağlı tədbirlər həyata keçirilir.
Bütövlükdə isə bir çox problemlər mövcuddur. Kredit faizlərini aşağı salmaq inzibati yolla qeyri-mümkündür. Bankların özü də kommersiya strukturudur. Kredit faizlərini aşağı salmaq üçün onların cəlb etdikləri pulun da faizləri aşağı olmalıdır. Yəni bu məsələnin iki tərəfi var. Bankların istifadə etdiyi kreditlərin böyük hissəsi insanların banklara qoyduqları əmanətlərdir. Əgər əmanətlərin faiz dəyəri 7, 8, 9-dursa, avtomatik bu, kreditin dəyəri deməkdir. Avropa ölkələrində bu gün əmanətlərin faizləri sıfırdır, hətta bəzi hallarda vətəndaş özü banka pul ödəyir ki, pulunu bank saxlasın. Ona görə də Avropada banklar rahatlıqla 2-3 faizlə kredit verə bilirlər.
Pulun dəyərini salmaq üçün bir neçə amil tələb olunur. Onlardan biri bürokratiya əngəllərini aradan qaldırmaqdır ki, bununla bağlı qanunda dəyişikliklər ediləcək. İndi Mərkəzi Bank tərəfindən “Banklar haqqında” Qanuna dəyişiklik paketi hazırlanır. Düşünürük ki, artıq yaz sessiyasında bunu müzakirə edəcəyik. İkinci lazım olan məsələ odur ki, banklar ölkə daxilində olmasa da, ölkə xaricində ucuz pul kütləsini tapıb Azərbaycana gətirməklə kredit faizlərini aşağı salmağı bacara bilirlər. Düşünürəm ki, bunlar baş verdikcə Azərbaycanda kredit faizlərinin enməsinin şahidi olacağıq.
- Son bir ilin ən aktual məsələsindən - inflyasiyadan da danışmağınızı istərdik. Rəsmi açıqlamaya görə, hazırda qiymət artımının sürəti zəifləyib və 13,8 faiz təşkil edir. Builki əməkhaqqı və pensiyalardakı artımın inflyasiyaya adekvat olduğunu düşünürsünüzmü?
- İlin sonuna qədər 14 faiz həcmində orta illik inflyasiya gözlənilir. İnflyasiya, təbii ki, hər bir insanın həyatına təsir edən amillərdən biridir. Ancaq inflyasiyanın yüksək olması tək bizdən qaynaqlanan məsələ deyil. Dünyada son 40 il ərzində ən böyük inflyasiya məhz 2022-ci ildə qeydə alınıb. Dünyanın bütün ölkələri bundan narahatdırlar. Bizdə müşahidə olunan inflyasiyanın böyük bir hissəsi də idxaldan qaynaqlanır.
İnflyasiyanın yaranmasında rol oynayan amillərin 60 faizə qədəri daha çox idxalla bağlı olur. Hazırda dünyada müşahidə olunan bir problem qiymət artımıdırsa, digəri də ərzaq qıtlığıdır. Ərzaq olmadığı zaman qiymətlər bir neçə dəfə qalxır. Bu olmasın deyə Azərbaycanda üç aylıq dövlət ərzaq ehtiyatları yaradılıb və bu gün ölkədə ərzaq qıtlığı müşahidə olunmur. Qıtlıq olsaydı, qiymət artımı daha çox ola bilərdi.
İkinci istiqamət isə əhalinin gəlirlərinin daha çox artmasına nail olmaqdır. Azərbaycanda pensiyalar illik orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksasiya olunur. İlin sonuna qədər Azərbaycanda orta aylıq əməkhaqqının təxminən 15 faizə qədər artması gözlənilir. Yanvarın 1-dən etibarən ölkədə pensiyalar 15 faiz indeksasiya olunacaq. Əməkhaqqının artımı ilə bağlı da ümumi bir yanaşma mövcuddur. Orta aylıq əməkhaqqının Azərbaycanda 2023-cü ildə təxminən 10 faizdən çox artması planlaşdırılır. Bununla bərabər, inflyasiyanın da yeddi faiz olması planlaşdırılır. Dünya üzrə görülən tədbirlər 2023-cü ildə inflyasiyanın təxminən birrəqəmli olmasına gətirib çıxaracaq. Belə bir şəraitdə Azərbaycanda orta aylıq əməkhaqqının 10 faiz artması gəlirlərin inflyasiyadan daha çox artması deməkdir.
Amma bir məsələni xüsusi qeyd etməliyəm ki, əməkhaqqının artması ilə inflyasiyanın yuxarı həddi arasında birbaşa əlaqə var. İqtisadiyyatın əsas qanunu bundan ibarətdir ki, maaş nə qədər çox artırsa, o qədər də inflyasiya baş verir. Biz buna inflyasiya spiralı deyirik. Yəni bəzən əməkhaqlarının artması inflyasiya ilə mübarizədə müsbət təsir göstərməyə bilər. Bu sərhədin tənzimlənməsi qarşımızda duran əsas çağırışdır. Dövlət siyasətinə uyğun olaraq sosial ödənişlər, maaşlar artırılacaq. Amma bu artımın inflyasiyaya dəstək verməməsi üçün digər tədbirlərin də görülməsinə ehtiyac yaranmaqdadır.
- Bildirdiniz ki, Azərbaycan ərzaq qıtlığı ilə ən aşağı səviyyədə üzləşən ölkələrdəndir. Amma son zamanlar ölkədə ərzaq məhsullarının qiymətinin artımını müşahidə edirik. Deputatlarımız da bir neçə dəfə süni qiymət artımından şikayətləniblər. Bunun yaranma səbəbi nədir və necə aradan qaldırıla bilər?
- İlk olaraq ucuz məhsulun bazara daxil olmasında mövcud olan maneələri aradan qaldırmaqla rəqabət təmin olunmalıdır. Çünki təcrübələrimiz göstərir ki, Azərbaycanın bölgələri ilə müqayisə etdikdə paytaxtda ərzaq məhsullarının qiymətində fərqlər mövcuddur. Azərbaycan vahid ərazi olduğu üçün qiymətlər arasında fərqin böyük olması ortada bəzi süni əngəllərin olduğunu göstərir. Həmin əngəllərin aradan qaldırılması, istehsalçıların öz məhsullarını daha maneəsiz şəkildə bazarda təqdim edə bilmələri ölkədə qiymət artımının qarşısının alınmasına müsbət töhfə verə bilər. Hazırda dövlət orqanları bununla bağlı müəyyən işlər görürlər. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən yarmarkalar qiymətlərin bir çox hallarda aşağı olmasına imkan yarada bilir. Amma bu cür tədbirlərin əhatəsi daha geniş olmalıdır. Biz də düşünürük ki, bəzi sahələrdə ola biləcək inhisar meyilləri ölkədə qiymət artımına müəyyən dərəcədə təsir göstərə bilir. Onların aradan qaldırılması qiymətlərin enməsinə səbəb olacaq.
- 2022-ci ilin büdcəsində üç milyarddan bir az çox profisit yaranıb. “Büdcə sistemi haqqında” Qanuna görə, büdcədə profisit yarananda bu vəsait il sonunda silinir və növbəti ilin büdcəsində nəzərə alınır. Lakin Prezident İlham Əliyev 2021-ci ildə profisitlə bağlı açıqlamalarının birində qeyd etmişdi ki, profisitin böyük hissəsi insanların sosial müdafiəsinə yönəldilir. Buradan yola çıxaraq hazırkı profisitin əhalinin gəlirlərinin yaxşılaşdırılmasına yönəltmək mümkündürmü?
- Biz 2022-ci ilin dövlət büdcəsi kəsirinin təxminən üç milyard manatdan bir az çox olmasını planlaşdırmışdıq. Büdcə gəlirlərinin artması əlavə maliyyələşmə üçün imkanlar formalaşdırır. O cəhətdən baxsaq, Azərbaycanda 2023-cü ilin dövlət büdcəsinin gəlir və xərcləri təxminən bir milyard yarım manatdan çox artırılıb. Artan gəlirlərin 1,3 milyardı sosial xərclərə ayrılıb.
Büdcənin dürüstləşməsi ildə bir dəfə olur. Bu istiqamətdə keçirilən siyasət ardıcıldır. Çünki hər dəfə büdcənin gəlirləri artdıqca onların böyük bir hissəsi insanların maddi durumunun, sosial vəziyyətinin daha da yaxşılaşmasına sərf olunur. 2023-cü ilin büdcə xərclərinin təxminən 47 faizə yaxını da sosial xərclərə ayrılıb. Bu, 15 milyard manatdan bir az çoxdur.
Amma bir məsələni qeyd etmək istərdim ki, bizim qarşımızda digər mühüm məsələlər də dayanır ki, onların da xərclərinin təmin olunmasına ciddi zərurət yaranıb. Bunlardan biri müdafiə, təhlükəsizlik qabiliyyətimizin daim artırılmasıdır. Çünki regionda baş verən hadisələr, Azərbaycana qarşı təhlükələrin olması, - bu, tək Ermənistanla bağlı deyil, digər sərhəd ölkələrdə də hərbi təlimləri müşahidə edirik, - Azərbaycan Ordusunun daim güclənməsini tələb edir. Ona görə də 2023-cü ilin dövlət büdcəsində bu məsələlər ilə bağlı xərclər 500 milyon manat artırıldı.
İkinci məsələ isə işğaldan azad edilən ərazilərin bərpası və həmin bölgədən olan insanların öz yurd-yuvalarına dönmələridir. Bu istiqamətdə 5,8 milyard manatdan çox vəsait xərcləmişik. 2023-cü ildə isə üç milyard manata yaxın vəsaitin xərclənməsi planlaşdırılır.
Ümumiyyətlə, növbəti beş il ərzində bu istiqamətdə 20 milyard manata yaxın vəsait tələb olunur. Azərbaycan dövlət büdcəsi həm də bunların öhdəsindən gəlmək məcburiyyətindədir və bu cəhətdən baxsaq, artan gəlirlər üç istiqamətdə xərclənir: sosial, təhlükəsizlik, ərazilərin bərpası.
- Hazırda vətəndaşların böyük bir qismi iş imkanları səbəbilə Bakıda məskunlaşıb. Bu faktor paytaxtımız üçün əlavə problemlər yaradır, tıxaclardan qurtulmuruq. Bu isə obyektiv səbəblə - Bakıdakı iqtisadi canlanma və inkişafla bağlıdır. Digər rayonlarda paytaxt səviyyəsində iqtisadi inkişafın təmin edilməsinə əngəl törədən nədir?
- Dünyada hər yerdə şəhərləşmə prosesi gedir, insanlar daha çox şəhərdə yaşamağa can atırlar. Eyni problem, məsələn, Türkiyədə, Avropa ölkələrində də var. Meqapolisin böyüməsi həm də daha çox iş imkanının yaranması deməkdir. Şəhərdə çeşid, həcm, bazar böyükdür. Amma dünyada bu prosesin qarşısını almaq üçün bir çox tədbirlər görülür. Tədbirlərdən biri ondan ibarətdir ki, yeni şəhərləri daha çox regionlarda yerləşdirirlər. Hazırda Ağdamın Baş Planında şəhərin 100 minlik əhalisi olan bir yaşayış məskəni olacağı planlaşdırılır. Eləcə də Gəncə, Naxçıvan, Lənkəran və digər şəhərlərimizin böyüməsi, inkişaf etməsi, regionda bu cür mərkəz şəhərlərin yaranması əhalinin ölkə üzrə paylaşmasını təmin edə biləcəkdir ki, bu istiqamətdə iş gedir.
İkinci bir istiqamət isə regionda daha çox şəhərə uyğun infrastrukturun yaranmasıdır. Məsələn, “ağıllı” kəndlərə fikir verəndə görürük ki, orada yaradılan infrastruktur müasirdir. İndiki gənc nəslin istədiyi ən böyük məsələlərdən biri müasir infrastrukturun olmasıdır. Düşünürəm ki, bunu gələcəkdə biz hökmən nəzərə almalıyıq ki, infrastruktur hər yerdə müasir olmalıdır.
Üçüncü məsələ sahibkarlığın regionlarda inkişaf etməsini stimullaşdırmaqdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq subyektləri 10 il müddətinə bütün vergilərdən azad edilib. İş yeri açan sahibkardır, dövlət deyil. Dövlətin vəzifəsi mühit yaratmaqdır. Dövlət nə qədər iş yeri yaradırsa, o qədər büdcəyə yük deməkdir. Büdcə də vətəndaşların ödədikləri pulların hesabına formalaşır. Ona görə də ən doğru addım mühit yaratmaqdır. Sahibkarlara dəstək vermək, onların inkişafı üçün maneələri aradan qaldırmaq, vergi güzəştləri etmək lazımdır. Yaxın gələcəkdə Qarabağın, bütövlükdə Azərbaycanın inkişafının mühüm elementi olaraq hazırlanması kimi bir siyasət yürüdülür. Bu gün Şuşa, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli ən müasir standartlara uyğun qurulur ki, Bakının yükü azalsın. Ağdamda olacaq bəzi infrastrukturlar heç Bakıda yoxdur. Bu, bir siyasətdir ki, insanların regionlar üzrə paylaşması təmin olunsun.
- Bir az da işğaldan azad edilən ərazilərdən danışaq. Bir neçə gündür ki, Xankəndi-Şuşa yolunda ekofəallar və QHT nümayəndələri aksiya keçirirlər. Sülhməramlıların müvəqqəti nəzarətində olan torpaqlarımızdakı təbii sərvətlərin istismarının dayandırılması üçün daha nələr etməliyik?
- Bu istiqamətdə ilk atılan addım Azərbaycanın dövlət orqanlarının kifayət qədər sivil və sülh məramına uyğun olaraq öz ərazisindəki yataqları monitorinq etmək cəhdi idi. Təəssüf ki, bu cəhdlərin təxribat nəticəsində qarşısı alındı, imkan verilmədi. Sülhməramlı qüvvələr də buna göz yumdular. Halbuki həmin təxribatların qarşısını almaq onların birbaşa işidir. Ona görə də Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatları nümayəndələri tamamilə təbii olaraq öz haqlarını tələb edirlər. Əsas tələb ondan ibarətdir ki, bizim dövlət orqanlarımız bu yataqlarda monitorinq etməlidirlər. Bu yataqları kim işlədir, nə üçün işlədir - bilinməlidir. Bu yataqlarda baş verən proseslərin Azərbaycan təbiətinə, Azərbaycan ərazilərinə nə dərəcədə mənfi təsir göstərdiyi müəyyənləşməlidir. Çünki Qarabağ bizim ərazimizdir. Orada baş verən hər bir şeyi bilmək hüququmuz və haqqımızdır. Əslində, buna gücümüz çatır, sadəcə, biz hər hansı bir hərbi əməliyyat və ya qarşıdurma baş verməsin deyə kifayət qədər sivil yollardan istifadə edirik. Bu addım məqsədimizə nail olana qədər davam edəcəkdir. O ərazilərdə uzun müddət davam edən qanunsuz fəaliyyətə artıq son qoyulmalıdır. Düşünürəm ki, həm Qarabağda yaşayan və bizim qanunlarımızı qəbul edən vətəndaşlarımızın gələcəkdə inkişaf perspektivi baxımından, həm də bütövlükdə regionda qanunsuz fəaliyyətə son qoyulması baxımından Azərbaycanın atdığı addım bölgədə sülhün daha da inkişaf etməsinə gətirib çıxaracaq.
- Siz bir neçə ölkə ilə dostluq qrupunun üzvü, Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupunun sədri, Azərbaycanın AVRONEST və ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüsünüz. Ekofəalların aksiyası ilə əlaqədar ermənilərin geniş təbliğat aparmasının şahidi oluruq. Xankəndi yolunda keçirilən aksiyanın mahiyyəti və həqiqi tələblərin beynəlxalq arenaya çatdırılması üçün bizim tərəfimizdən hansı addımlar atılıb?
- Biz həqiqətlərin çatdırılması üçün parlament diplomatiyasından aktiv istifadə edirik. O cümlədən Azərbaycanın xaricdə olan səfirlikləri, Xarici İşlər Nazirliyi bu istiqamətdə çalışır. Bütün dostluq qruplarına məktublar yazmışıq. Şəxsi görüşlərimizdə ermənilərin məqsədlərinin nədən ibarət olduğunu izah edirik. Onların, əslində, erməni xislətinin və erməni bicliyinin bütün dünyaya açılması baxımından Azərbaycan diplomatiyası xeyli iş görür. Düşünürəm ki, bizim əksər görüşlərimizdə xaricilər bunu anlayırlar. Ermənilər gah Avropa Birliyinə, gah Rusiyaya, gah İrana yaxınlaşırlar. Bu cür siyasətlə uğur əldə etmək bu gün qeyri-mümkündür. Regionda mühüm güc olan Azərbaycan və Türkiyə ilə düşmənçilik etmək ölümə bərabər xarici siyasətdir. Bunun adına heç xarici siyasət də demək mümkün deyil. Müəyyən bəyanatlar səslənə bilər, amma bütövlükdə Azərbaycan regionda real gücdür və haqqın tərəfindədir. Öz ərazimizdə görəcəyimiz hansısa bir işə heç kim mane ola bilməz. Azərbaycan müstəqil və suveren dövlətdir. Onun İlham Əliyev kimi lideri var. İndiyədək biz Laçın yolunun işləməsi üçün sülh məramımıza sadiq olmuşuq. Amma düşünürəm ki, hər şeyin bir zamanı və səbrin də həddi var.
- Tahir müəllim, son bir sualım olacaq. Bir zamanlar çox geniş istifadə olunan “qara iqtisadiyyat” anlayışı mövcud idi. Amma son vaxtlar bu “termin” sanki unudulub. Bunun səbəbi iqtisadi şəffaflaşma ilə bağlıdır, yoxsa problemlər ört-basdır edilir?
- Burada əsas səbəblərdən biri iqtisadiyyatda geniş həcmdə şəffaflaşma prosesinin getməsidir. Son illərdə, həqiqətən də, şəffaflaşma sahəsində xeyli uğurlar əldə edilib. Kölgə iqtisadiyyatının aradan qaldırılması üçün ən mühüm şərtlərdən biri ondan ibarətdir ki, sahibkarın rəsmi şəkildə işlədiyi zaman əldə etdiyi qazancının kölgə iqtisadiyyatında əldə edəcəyi qazancdan daha çox olması təmin edilsin. Çünki sahibkar rasional varlıqdır. O bu işə pul qazanmaq üçün başlayıb.
Təbii ki, rəsmi iqtisadiyyat şəffaf olduğu zaman sahibkar daha çox pul qazanarsa, daha çox imkan əldə edərsə, təbii ki, o, şəffaf olmağa çalışar. Yox, hiss etsə ki, kölgə iqtisadiyyatında olduğu zaman qazancı bir neçə dəfə çoxdur, o zaman sahibkarlıq kölgə iqtisadiyyatında olmağa meyil edir.
Azərbaycanda son illər ərzində baş verən hadisələr daha çox sahibkarlığı şəffaflığa yönəltməkdir. Hazırda vergi rejimi kifayət qədər əlverişlidir. Azərbaycanda mikrosahibkarlıq üçün 75 faiz güzəşt mövcuddur. Ən çox kölgə iqtisadiyyatı da məhz kiçik və orta sahibkarlıqda müşahidə olunur. Bu cəhətdən baxsaq, onlara subsidiyaların verilməsi, kreditlərin əlçatanlığı üçün güzəştlərin edilməsi önəmlidir. Hüquqi rejim şəffaflaşmağa imkan yaradıb. Hazırda Azərbaycanda könüllü vergi bəyanetmə səviyyəsi 75 faizə qalxıb, əvvəllər bu rəqəm 35-40 faizdən yuxarı deyildi. Dövlətin bu istiqamətdəki siyasətini uğurlu sayıram.
Amma bir məsələ də var ki, dünyanın heç bir ölkəsində kölgə iqtisadiyyatı sıfır faiz deyil. Əslində, belə bir məqsəd də ola bilməz. Onun qəbul ediləcək bir səviyyəsi var, bəzi ölkələrdə 5-10, bəzilərində 15 faizədək kölgə iqtisadiyyatı var. Onlar bunu qəbul edilə bilən sayırlar. Əslində, kölgə iqtisadiyyatını tam ləğv etmək doğru deyil. Çünki böhranlar zamanı insanlara bir çox imkanları məhz bu subyektlər yaradırlar. Ona görə də kölgə iqtisadiyyatının müəyyən bir həcminin kölgədə olması dünyada qəbul olunur. Çünki onu aradan götürmək üçün kifayət qədər inzibati səy lazımdır, bu, bəzən iqtisadi cəhətdən sərfəli deyil, çünki biz onları şəffaflaşdırdığımız zaman onların iqtisadiyyata, məşğulluğa verəcəyi fayda o qədər də böyük olmayacaq.
Bu baxımdan düşünürəm ki, Azərbaycanda gedən iqtisadi siyasət mümkün olan maksimum şəffaflaşmağa nail olmaqdır. Hədəf onu elə bir həddə gətirib tənzimləməkdir ki, onun mövcud olması iqtisadi inkişafımıza mənfi təsir etməsin. Əminəm ki, buna da nail olacağıq.
Daha çox şəkil burada: Photostock.az