Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edib, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırlayıb.
İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlət başçısı son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafının real göstəricisi olduğunu vurğuladı, bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.
Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb, "Ansaldo Energia" şirkətinin ölkəmizdə 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının inşasında iştirakının bunun nümunəsi olduğunu qeyd edib.
Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-qucuculuq işlərinə töhfə verdiyini vurğulayıb.
"Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələrək, bu əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirib. O, Azərbaycan ilə müxtəlif sahələrdə artıq əməkdaşlıq münasibətlərinin mövcudluğunu və müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını deyib.
Alessandro Profumo Azərbaycan ilə təmasları bundan sonra da davam etdirəcəklərini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.