Əli Rzazadə yazır: "Ədəbsiz ədib"
Yalnız yazarlar oxusun!
Uzun illər qabaq, həftəyə iki-üç kitab oxuduğumuz, gündə beş status paylaşdığımız yaş dövrümüzdə, Bakıya güclü yağış yağmışdı. Qəfil yağan yersiz yağış, insanları çaşdırmış, görüşə gedənlərin planını pozmuşdu. İslanmaqdan qorunmaq üçün hərə öz başını götürüb, harasa qaçırdı. Sürətlə şütüyən avtomobillərin, fürsətdən istifadə edib qiyməti qaldıran dolu taksilərin təkərlərinn altında sıxılmış su damcıları da göydən tökülən damcılardan heç də geri qalmır, biri yuxarıdan, digəri isə aşağıdan üstbaşımızı isladırdı. Şalvarımın balaqları islanmış, ayaqqabılarımın içi də yaş idi. Əlimdəki qovluğu başıma çətir edib dayandığım üstüaçıq dayanacaqda, islanmış insanların sayı get- gedə artırdı. Hamı avtobus gözləmək üçün bura axışırdı. Avtobus isə tərslikdən yubanır. Yağış damlaları asfaltın üstündə tango rəqsi edir, yerə düşən damcılar sevincindən hoppanıb bir də yerə düşürdülər.
Çox keçməmiş uzaqdakı döngədən yaşıl rəngli avtobusu gördüyümüzdə, bizi seldən xilas edəcək “Nuhun gəmisi” ni görürmüşük kimi sevincimiz simamızda əks olundu. Nömrəsindən, hərəkət marşrutundan asılı olmayaraq hamının məqsədi şəhər mərkəzinə, metroya gedən, ilk avtobusa minmək, yağışdan qurtulmaq idi.
Hər kəs uzaqdakı döngədən burnunu çıxarmış avtobusu gördüyünə baxmayaraq, bir-birini “gəldi” deyə mügdələyirdi. Mən də özümdən asılı olmayaraq yanımdakı tanımadığım, yanağı qəmzəli gənc qıza “gəldi” dedikdə, baxışlarımız sözlərimiz kimi göydə bir- birinə toqquşdu. Yanaqları xəfifcə qızardı, təbəssüm etdi. Amma onun “gəldi” si, mənim “gəldi”mlə müqayisədə bir az zəif, incə səslənmişdi. “Nuhun gəmisi” dayanacaqda əyləyib hamımızı öz qoynuna almışdı.
Üzü şəhər mərkəzinə doğru hərəkət etdiyi yol boyu dayanacaqlarda dayanmış insanlar, onu görcək sevinir, özlərini artıq yarısı dolmuş avtobusun üzlərinə açdığı qapılarından içəri atırdılar. Bu vaxt gözüm mənə hardansa tanış gələn bir simaya sataşdı. Sürücüyə aid hissəyə yaxın bir yerdə dayanıb, uzun iri əllərilə, tutmaq üçün nəzərdə tutulan dəmirdən tutmuşdu.
Xatırladım... bu sima mənə çoxdandır kitab rəfimdə saxladığım bir romanın arxa qapağından tanış idi. Bu o idi, bir neçə kitabını oxuduğum sevimli yazıçı. Onu heç vaxt yaxından, indiki kimi canlı görməmişdim. Çox həyacanlı idim. Kitabın arxa qapağında yalnız üz hissəsi həkk olunmuş, oxucuya təbəssüm edən yazıçı sən demə bu qədər iri bədənli, hündür boylu orta yaşlı bir insanmış. O, yerli müəlliflərdən oxuduğum ilklərdən biri idi. İndi mənimlə onun arasında bir neçə metr məsafə vardı, amma avtobusun içindəki qələbəlikdən ona yaxınlaşa, onunla görüşə, məni tanımasa da özümü onun oxucusu kimi təqdim etməyə imkanım az idi. Təbii ki, bunu hər hansı bir yolla edə bilərdim, lakin bunun üçün bir -birinə pərçim olmuş, sıxlıqdan bir-birini qucaqlamış insanları narahat etməməli, əziyyət verməməli idim. “yaxşısı budur, avtobusdan düşəndə yaxınlaşar, onunla görüşərəm”- deyə düşündüm. Avtobusdan düşərkən onunla görüşəcəyim səhnəni zenimdə canlandırmağa başlamışdım. Mən ona yaxınlaşıb, özümü təqdim edəcək, oxuduğum kitabı haqda təəssüratlarımı bildirəcək, o isə kitabındakı qəhrəman obrazı kimi alicanab, mədəni tərzdə “lütf etmisiniz, kitabımı oxumusunuz, bir yazar üçün ən böyük xoşbəxtlik onun oxucusunun əsəri haqda təəssüratlarıdır” deyəcəkdi. Fürsətdən istifadə edib sevimli yazarla şəkildə çəkdirəcəyəm. Sonra...
Bu vaxt qarşı tərəfdən, tanıdığım müəllifin qarşısında dayanmış bir xanımın sanki quyunun dərinliklərindən çıxan səsi gəldi və məni xəyalımdan ayırdı.
“ ay qardaş, əzirsiniz axı məni, bir az o tərəfdən tutun zəhmət olmasa”
“əzilirsənsə, düş taksi ilə get. Mən neynəyim göydən sallanım?”
- deyə tanıdığım müəllif cavab verdi.
Qadın: “demirəm göydən sallanın, bir az o tərəfdən tutun, qolunuz başıma dəyir” cavabından sonra kişi “karsan...? yer yoxdur, mən nə edim, səni narahat edirəmsə, get özün o tərəfdə dayan” deyə səsini qaldıraraq sərt cavab verdi və heç nə olmamış kimi avtobusun pəncərəsindən çölə baxmaqda davam etdi.
Elə o an, bir neçə sərnişin də qadını müdafiə etmək məqsədi ilə kişiyə təpki göstərməyə başladılar, nəzakətli olmağa, ədəbli danışmağa dəvət etdilər. Lakin o, hamıya bir- bir qeyri- etik şəkildə cavab verməkdən yorulmurdu. Əmin idim ki, bu avtobusda mənimlə yanaşı, onu tanıyıb məyus olan, lakin məyus halda dodaqucu deyinən başqaları da vardı. Kitabında dəyərlərdən, mədəniyyətdən danışan bir insanın, başqa bir insana, xüsusən də bir qadına qarşı ədəbsizlik nümayiş etdirməsini həzm etməkdə çəkinlik çəkirdi. Ya da ola bilsin düşündüyümün əksinə, onu məndən başqa heç kim tanımırdı. Amma mən susmayacağam, elə indicə fürsət axtarıb söhbətə qoşulacağam.
Mübahisə hələ də davam edirdi. Avtobusun hər tərəfindən yaşlı qadın və kişilər onun bu davranışını tənqid edir, nəzakətli olmasını istəyirdilər.
“Siz bilirsiz mən kiməm?” deməsi, mənim söhbətə qoşulmağım üçün bir fürsət oldu.
“Bəli, mən bilirəm siz kimsiniz. Sizin kitablarınızı oxumuşam, sizi ədib kimi tanıyıram” özümü saxlaya bilməyib dedim. Hamı mənə tərəf çevrildi, insanların üzündəki təəccüb hissinin cizgiləri daha çox qabarmışdı. O isə rəqibini hiylə işlətməklə ram etmiş qalib cəngavər kimi mənə, sonra isə fəxrlər ətrafdakılara baxdı.
“Görürsünüz... O cavan oğlan mənim kim olduğumu yaxşı bilir.. siz isə bayaqdan ağzınıza gələni danışırsınız.. üstümü unlu görüb adımı dəyirmançı çağırmayın. Hava yağışlıdır deyə burada sizinlə bir yerdə yol gedirəm, yoxsa mənim avtobusda nə işim? Gənclər məni oxuyurlar, o gənc də mənim kitablarımı oxuyub” dedikdə sözünü kəsdim, uca səslə “nahaq” deyə cavab verdim.
“Necə yəni? Anlamadım, xoşuna gəlmir yazılarım bəyəm?” Bu dəfə əzilən qadına qarşı danışdığı tonda səsini mənə qaldırıb, sanki yaradıcılığına dil uzadırmışam kimi üstümə çımxırdı. O hələ də özünü haqlı hesab edirdi.
“Bəli, nahaq.. nahaq oxumuşam sizin yazılarınızı. Özünə ədəb öyrətməyən, ədəbsiz ədibin ədəbiyyatı, mənə heç nə öyrədə bilməz”-hamının eşitdiyi tonda cavab verdim.
Avtobusa sükut çökdü.. bu elə bir sükut idi ki, bizi seldən xilas edən yaşıl rəngli “Nuhun gəmisi” nin bayaqdan eşidilən mühərrik səsi də sükut etmişdi, sanki o da xəcalətdən susmuşdu. Bəli, hamı kimi avtobus da susmuşdu.
“Metro... Sonuncu dayanacaqdır, burdan o tərəf getmirəm ay camaat, yollar bağlıdır, burda düşün” -avtobusu kənara çəkib saxlayan sürücünün siqaret çəkməkdən öskürəkqarışıq xırıltılı səsi sükutu pozdu.
Hamımız düşüb üzü metro stansiyasına doğru hərəkət etdik. Yağış səngiməmşdi, hələ də yağırdı. Mən isə düşərkən onunla üz-üzə gəlməmək üçün başqalarından fərqli olaraq asta addımlarla yeriyirdim. Onunla üz-üzə gəlmək, daha çox islanmaqdan ağrılı idi. Bayaq nəzərdə tutuğum kimi onunla görüşmək fikrindən vaz keçmişdim.
Kitabxanamda kitabını saxladığım yazıçı bizdən daha sürətlə gedib, metronun pilləkanları ilə yerin altına doğru hərəkət edirdi. Obrazlı desək, bəlkə də utandığından yerə girməyə tələsirdi.
Çox sarsılmışdım. Bütün ümidlərim sanki suya düşmüşdü. Onunla görəşəcəyim haqda qurduğum xəyallar içimi yandırırdı. Necə ola bilər ki, bir insan ədib olsun, ədəbiyyatçı olsun, alicənab, mədəni obrazlar yaratsın, amma özünün ədəbi, məərifəti olmasın. Bir xanıma qarşı bu qədər kobud olsun. Axı yazı, yazıçının fikirlərinin ifadəsi və təfsiri deyilmi? Demək belə deyilmiş! Demək insanın danışdıqları, yazdıqları ilə xarakteri, həyat tərzi ziddiyyət təşkil edə bilirmiş.
Axı, ədəbiyyat ədəb öyrətməlidir.
Onun üçün də bu gün, yazılarından daha çox müəllifin əməli, rəftarı, davranışları, həyat tərzi daha çox təsir edir oxucusuna.