Akademik Hətəm Quliyevi xatırlayarkən
...Ürəyi qurub-yaratmaq eşqi ilə döyünən, ömrü boyu yorulmadan faydalı və məzmunlu ideyalarını gerçəkləşdirməyə çalışan insanlar bəşəriyyətin səadət yolçuları olublar. Hər bir xalqa mənsub olan böyük zəka sahibləri təkcə özünün doğulub, boya-başa çatdıqları Vətəninə deyil, dünyaya işıq saçırlar. Çağdaş dövrdə elmi nailiyyətləri dünyanın bir sıra nüfuzlu alim və mütəxəssisləri tərəfindən qəbul olunan və bəyənilən əməkdar elm xadimi, akademik Hətəm Quliyev də belə zəka sahiblərindən idi. Onun haqqında yazmaq həm asan, həm də çətindir. Asandır ona görə ki, o, təkcə elmin fövqündə dayanan alim kimi deyil, həm də ruhu enerjisi və bəşəri xidmətlərinin miqyasına görə dünya vətəndaşı statusu almış azərbaycanlıdır. Çətindir, ona görə ki, Hətəm müəllim haqqında bu günəcən yazalan və söylənilən fikirlərə yenisini əlava etməyə ən peşəkar qələm sahibi belə cəsarət edə bilməz.
...Məşhur fransız alimi Lui Pasterin də belə bir aforizmi var: “Elmin Vətəni yoxdur, lakin alimin vətəni olmalıdır.” Füzuli rayonunda dünyaya göz açan Hətəm Quliyev ADU-nun (BDU) mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda əbədi könül verdiyi geologiya və geofizika elminin sirlərinə mükəmməlcəsinə yiyələnmişdir. Elmi fəaliyyətini bir müddət Kiyev şəhərində davam etdirəndən sonra ötən əsrin 80-ci illərində akademik Midhət Abbasovun dəvəti ilə Vətənə qayıtmışdı. Elmi fəaliyyətini AMEA-nın Dərin Neft Quyuları İnstitutunda davam etdirərək dünyanın əksər ölkələrində elmi məruzələrlə çıxışlar edən Hətəm müəllim həm respublikamızın, həm də xarici ölkələrin nüfuzlu elmi qurumlarında təmsil olunurdu.
O, Beynəlxalq Geofizika İttifaqının Azərbaycan bölməsinin vitse-prezidenti, Amerika Neftçi Mühəndislər Cəmiyyətinin, Amerika Neftçi Geoloqlar Cəmiyyəti Azərbaycan bölməsinin, Mühəndis Geoloqlar və Geofiziklərin Avropa Assosiyasiyasının, İqtisadi Geologiya üzrə Beynəlxalq İttifaqın, habelə beynəlxalq “Geofizika”, T.Şevçenko adına Kiyev Milli Universitetinin “Vestnik”, “Geodinamika” jurnallarının redaksiya heyətinin üzvü, Oksford Akademiya İttifaqının təsisçilərindən biri və sair bu kimi elmi statuslara malik alim idi.
Akademik Hətəm Quliyevin üzərində yaşayıb, yaratdığımız yer kürəsinin və kainatın geofizik strukturlarının proqnozlaşdırılması, qanunauyğunluqların aşkarlanması sahəsində xüsusi xidmətləri olmuşdur. Vaxtilə onun elmi naliyyətləri haqqında Ukrayna Elmlər Akademiyasının Geofizika İnstitutunun direktoru, akademik B. Starostenko, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, həmin akademiyanın Geosferlərin Geodinamikası İnstitutunun elmi rəhbəri B. Aduşkin, Norveçin Bergen Universitetinin geofizika üzrə fəxri professoru Karsten M. Stortbedet, Beynəlxalq Geofizika Cəmiyyətinin prezidenti, BP şirkətinin baş geofiziki Leon Tomsen və başq dünyaşöhrətli elm xadimləri və mütəxəssisləri dəyərli fikir söyləmişlər.
Əslən Yeni Zelendiyadan olan britaniyalı fizik Con Zayman Nobel mükafatının müsəlman aləmində ilk laureatı, pakistanlı Abdus Salamı qəlbi də əqli qədər geniş insan kimi xarakterizə edirdi. Azərbaycanlı alim Hətəm Quliyevin şəxsiyyətinə, elmi və ictimai fəaliyyətinə bələd olanlar da yaxşı bilirlər ki, o, həyatın bütün sahələrinə nüfuz edəcək gücə malik qüdrətli alim idi.
Qədim dastanlarımızda ad seçimi həmişə əhəmiyyətli hesab olunub. Adın insan taleyinə sirayət etməsi inancı başqa xalqlarda da mövcud olub. Hətta qədim romalılar "nomen est omen", yəni "adımız taleyimizdir" kimi güclü bir inanca sahib idilər... Hətəm müəllimin də adının mənası“qanun verən, qət edən, əliaçıq, səxavətli” deməkdir. O, ilk dəfə ümumdünya geofizika nəzəriyyələr sisteminin yenillənmiş modellərinin xətti xüsusiyyətlərini ixtira etmiş dahi şəxsiyyət, görkəmli elm xadimi olduğu qədər də dərin ədəbiyyat, incəsənət, musiqi, folklor bilicisi idi. Haqqında yazılan xatirələrdən görünür ki, Hətəm müəllim zamanında heç vaxt insanlardan öz isti, doğma münasibətini, səxavətini əsirgəməyib, hər zaman onların qeydinə qalıb. Qələm dostum, şair-publisist Əbülfət Mədətoğlu “İç dünyamın adamları” kitabında Hətəm müəllimin sağlığında ona həsr etdiyi məqalədə yazır: “…Hətəm müəllim kimi insanları Allah doğulduğu elə, obaya, yurda, məmləkətə böyük sevgiylə hədiyyə edir. Onların timsalında həmin el-obaya, məmləkətə, millətə sayğısını büruzə verir…Hətəm müəllim kimi insanlar dünyanın dayanıqlığını, tarazlığını qorumaq üçün doğulanlar sırasında da yer tutmağa haqq ediblər...”
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun təbirincə desək, Hətəm müəllim həm də GÖYLƏRİN alimi idi. Düşüncəsi, yanaşması, baxışı son dərəcə fərqliydi. O, hər bir yaşanmış hadisəyə ailə, iş yeri, ölkə, Yer kürəsi, Günəş sistemi, milyonlarla qalaktikalar prizmasından deyil, deyərdim ki, daha geniş baxırdı. Çünki o, varlıqla yoxluğun, sonsuzluğun astanasınadək gedib çıxmışdı. Sonsuzluq divarının o tərəfindəki paralel dünyada da nələrin baş verəcəyi barədə elmi mühakimə yürüdə bilmək zənginliyinə malik idi...
Əməkdar elm xadimi, akademik Hətəm Quliyev Akademik Hətəm müəllim həm də gözəl və mehriban bir ailənin başçısı idi. Xeyirxah ata, mehriban baba idi.
İxtisasca jurnalist olan ömür-gün yoldaşı Kəmalə xanım Hətəm müəllim barədə yazır: “O, inadkar idi, mərdi idi. Möhkəm iradə sahibi idi, sərti idi. Səmimi idi, səxavətli idi. Dərin elmi, gözəl tərbiyəsi, sadə olmayan dünyagörüşü, böyük dinləmə mədəniyyəti, fərqli yanaşma tərzi var idi. Qərar verməkdə tələsməzdi. Daxilən azad idi. Öz nəfsinə hakim idi. Vaxtın qiymətini bilirdi. İnsanları sevirdi. Qohumluqda, yoldaşlıqda sədaqətli idi. Etibarlı dostları vardı. Bir sözlə, sözün əsl mənasında mükəmməl idi, yuxarıda nə su kimi axıb getməyindən gileyləndiyim vaxt, nə də zamanın gətirdiyi sel özülündən zərrə qədər də olsun qopara bilməmişdi. Dünyaya vergi idi, saxlaya bilmədi. Dünya itirdi!”
Əməkdar elm xadimi, akademik Hətəm Quliyev 2021-ci il aprelin 21-də haqqın dərgahına qovuşub. Allah rəhmət eləsin!
Ruhuna ehtiramla
Nurəddin ƏDİLOĞLU.
yazıçı-jurnalist