AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi hazırlanıb

  • + A
  • - A
  • 11-05-2023, 19:38

    “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi hazırlanıb


    Mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
    İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə bir məsələ - “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.
    Kosmonavtikanın tarixindən söz açan komitə sədri müasir dünyada kosmik tədqiqatların və fəaliyyətin dövlətlərin iqtisadi inkişafında mühüm rol oynamasından bəhs edib. O, bildirib ki, kosmik fəaliyyət iqtisadi fəaliyyətin prioritet sahələrindən birinə çevrilib. Komitə sədri bu gün kosmik tədqiqatların və texnologiyaların bəşəriyyətin bir sıra problemlərinin həllində, ətraf mühitin öyrənilməsində, xammal və enerji ehtiyatlarının axtarışında, informasiya texnologiyalarının təkmilləşdirilməsində, milli təhlükəsizliyin təminatında getdikcə artan rolundan danışıb.
    Azərbaycanda kosmik fəaliyyətin tarixinə nəzər salan komitə sədri ölkəmizdə onun əsasının hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərliyi dövründə kosmik fəaliyyətin iqtisadiyyata inteqrasiya olunması mərhələsinin başladığını deyən Tahir Mirkişili bu istiqamətdə beynəlxalq tədbirlərin keçirilməsindən, alim və mütəxəssislərin yetişdirilməsindən, texnologiyaların tətbiqi və elmi-kosmik cihazqayırma sahəsində əldə edilmiş nailiyyətlərdən danışıb.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" qəbul etməsi ilə ölkəmizdə kosmik texnologiyaların mənimsənilməsi tarixində yeni səhifənin açıldığını diqqətə çatdıran komitə sədri 2013-cü ildən öz süni peyklərini Yerin orbitinə çıxaran ölkəmizin kosmik texnologiyalardan istifadədə əldə etdiyi nailiyyətlərdən söz açıb. O, vurğulayıb ki, sürətli iqtisadi inkişafı, milli təhlükəsizliyi, ümumiyyətlə, müasir həyatı kosmik fəaliyyətsiz təsəvvür etmək mümkün deyil.
    Sonra məsələ ilə bağlı çıxış edən Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov ölkəmizdə müasir kosmik sənayenin tarixi, yaradılan infrastruktur, onun komponentləri barədə məlumat verib. Azərbaycanın orbitdəki peykləri, onların göstərdikləri xidmətlər barədə danışan “Azərkosmos”un sədri kosmik fəaliyyətin kommersiya rentabelliyindən bəhs edib. O, bildirib ki, peyklər Azərbaycan iqtisadiyyatının inkişafına, müdafiə və milli təhlükəsizliyin artırılmasına, işğaldan azad edilmiş ərazilərin monitorinqi, bərpası və digər genişmiqyaslı layihələrin həyata keçirilməsinə mühüm töhfələr verir. “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin qəbulu ilə milli kosmik qanunvericiliyin formalaşacağını deyən Saməddin Əsədov layihənin məqsədi, kosmik fəaliyyətin prinsipləri barədə məlumat verib.
    Sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Elmin Məmmədov qanun layihəsinin əsas parametrləri barədə məlumat verib. Bildirib ki, 6 fəsil 24 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik fəzada milli fəaliyyətin həyata keçirilməsi və kosmik sənayedə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.
    Elmin Məmmədov layihədə təsbit olunan kosmik fəaliyyətin dövlət tənzimlənməsi, kosmik obyektlərin dövlət qeydiyyatı, kosmik fəaliyyətin iqtisadi xüsusiyyətləri, təhlükəsizliyinin təmin edilməsi kimi məsələləri şərh edib.
    Qanun layihəsinin müzakirəsində komitə üzvləri Vahid Əhmədov, Aydın Hüseynov, Məzahir Əfəndiyev çıxış edərək sənədlə bağlı fikirlərini bildiriblər, onun aktuallığını və əhəmiyyətini vurğulayıblar.
    Müzakirələrin sonunda “Kosmik fəaliyyət haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    İclasda deputatlar Elnur Allahverdiyev, Rüfət Quliyev, İqbal Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR