Ramin Bəgəlizadə
Masallı Rayon Statistika İdarəsinin rəisi,
Yeni Azərbaycan Partiyasının Statistika ərazi partiya təşkilatının sədri
Azərbaycanda bütün azadlıqlar təmin edilir.
Şəxsiyyət azadlığı, cəmiyyətdə insan amili məsələsi müasir ictimai-siyasi həyatda böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasında dövlət quruculuğu prosesində insan amilinin rolu və əhəmiyyətinin yüksəldilməsi çox vacibdir. Dövlətin hər bir vətəndaşına qayğı və diqqətlə yanaşması, şəxsiyyətin hüquq və azadlıqlarını təmin etmək üçün lazımi şəraitin yaradılması, xüsusilə hüquqi normaların və qaydaların insan amilinin rolunun artırılmasına doğru yönəldilməsi hüquqi dövlətin önəmli xüsusiyyətlərindəndir.
Azərbaycan Respublikasının Konstitusiyasında şəxsiyyət azadlığının təmin olunması, insan hüquqlarının qorunması dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında mühüm vəzifə kimi qoyulub. Azərbaycan dövləti siyasi, hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün demokratik islahatlar həyata keçirir.Azərbaycanda təməl hüquq və azadlıqların təmin olunması istiqamətində mühüm addımlar atılır
Demokratiya və söz azadlığının göstəricisi olaraq, bu gün Azərbaycanda müxtəlif siyasi mövqeli partiyalar, QHT-lər, çoxlu sayda müstəqil və müxalifyönlü mətbuat orqanları fəaliyyət göstərir. Demokratik əsasda keçirilən seçkilər vasitəsilə vətəndaşlar ölkənin idarə olunmasında iştirak edir. Bir sözlə, yaradılmış demokratik və plüralist siyasi mühit ölkədə siyasi mədəniyyətin formalaşmasına, siyasi mübarizənin sivil formalarının genişlənməsinə şərait yaradır.
Prezident İlham Əliyev də Öz çıxışlarında Azərbaycan vətəndaşlarının ən müxtəlif demokratik hüquq və azadlıqlarının təmin olunmasını dəfələrlə vurğulayaraq, Azərbaycanı funksional demokratik təsisatlara malik olan ölkə adlandırıb: “Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmışıq. Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqları təmin edilir”.
Göründüyü kimi, demokratik cəmiyyət quruculuğu prosesinin tərkib hissəsi kimi respublikada vətəndaşların digər hüquqları ilə yanaşı, fikir və söz azadlığı da təmin olunub. Bunun ən bariz göstəriciləri olaraq, KİV üzərində senzuranın ləğv edilməsini, mətbuat orqanlarının maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün görülən çoxsaylı işləri vurğulamaq olar. Daha doğrusu, 1998-ci ildən etibarən kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının tamamilə aradan qaldırılmasından, KİV-in azad fəaliyyətinin təmin olunması üçün bir sıra qanunların qəbulundan sonra bu sahədə formalaşan mühit onu deməyə əsas verir ki, Azərbaycanda fikir və söz azadlığı mövcuddur. Bu, o deməkdir ki, ölkədə hər bir mətbuat orqanı, yaxud kütləvi informasiya vasitəsi jurnalist etikası çərçivəsində istənilən məlumatı yaya bilər.
Azərbaycanda mövcud olan hüquqi şərait bütün vətəndaşların fikir və düşüncələrini sərbəst ifadə etməsi üçün də geniş imkanlar yaradır. Belə ki, Konstitusiyanın 50-ci maddəsinin 1-ci bəndində deyildiyi kimi, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Konstitusiyada həmçinin “irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğatın” yolverilməzliyi də öz əksini tapıb. Bundan başqa, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və digər qanunlarla ölkədə media qurumlarının sərbəst şəkildə yaradılması və fəaliyyəti təmin edilib.
Ölkədə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərin reallaşması istiqamətində ötən əsrin 90-cı illərindən etibarən BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, habelə, aparıcı dövlətlərin təcrübəsindən istifadə olunur. Azərbaycanın insan haqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avroatlantik qurumlarla konstruktiv əməkdaşlığının göstəricisi kimi, insan hüquqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də beynəlxalq təşkilatlarla münasibətlərinə böyük təsir göstərib.
Bundan əlavə, bələdiyyələrin, milli ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də digər bu kimi addımlar Azərbaycanda hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir.
Digər azadlıqlarla yanaşı, Azərbaycanda vicdan azadlığı da təmin olunub. Bu səbəbdən də, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri özlərini sərbəst hiss edirlər. Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşımaqla bərabər, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə müəyyənləşdirilir. Qeyd edək ki, Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Ölkəmizdəki stabil çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq mühiti, dövlət-din münasibətlərinin qurulması bir çox xarici ekspertlər, dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir.
Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Son illərdə korrupsiyaya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, “ASAN xidmət” sisteminin genişləndirilməsi, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir.
Siyasi mədəniyyət və ictimai-siyasi fəallığın artırılması ölkəmizin prioritetlərindən biridir
İnsanların siyasi mədəniyyətinin və ictimai-siyasi aktivliyinin yüksəldilməsi üçün isə vətəndaş cəmiyyəti inkişaf etdirilməlidir. Nəticə olaraq qeyd oluna bilər ki, vətəndaş cəmiyyəti demokratik şəxslərin (yəni vətəndaşların) təşəbbüsü əsasında qəbul olan siyasi sifarişdir. İnsan hüquqları dövlətin hüquqi rəmzidir, ümumən cəmiyyətin inkişafının mühüm amilidir.
Vətəndaş cəmiyyəti və hüquqi dövlət demokratiyanın əsasında duran və onun dinamik səviyyəsini göstərən əsas ilkin amildir. Vətəndaş cəmiyyəti məsələsi insan cəmiyyətinin daha şüurlu və məqsədəuyğun quruluşu kimi başa düşülür. Cəmiyyətdə dövlət strukturları ilə yanaşı, insanların birgə fəaliyyət və başqa birlik formaları da mövcuddur ki, bu da onların həyatına mühüm təsir göstərir. Bu islahatlar kütləvi şüurun tədricən və keyfiyyətcə dəyişməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Qeyd edək ki, ötən illərin kütləvi şüurunda üstünlük təşkil edən amillər sabitliyin bərqərar olması və ölkənin iqtisadi inkişafının başlanması idisə, problemlər həll edildikdən sonra sosiumun təfəkkürünün oriyentirləri yaşayışın keyfiyyətinin və rifahın yaxşılaşdırılması tələblərinə doğru dəyişmişdir. Bu, Azərbaycanın tranzit cəmiyyətindən postranzit sosiumuna keçdiyini parlaq şəkildə sübut edir”. Başqa sözlə desək, yuxarıdan həyata keçirilən demokratik islahatlar sayəsində Azərbaycandakı keçid dövrü cəmiyyətindən vətəndaş cəmiyyətinə tranzit baş verib.
Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir. Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Bundan əlavə, QHT-lərə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə də daim dövlət qayğısı göstərilir. Hər il QHT-lərin müxtəlif sahələr üzrə həyata keçirmək istədiyi layihələrə dövlət tərəfindən qrantlar ayrılır. Bu isə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
Cəmiyyətdə siyasi mədəniyyətin və ictimai-siyasi fəallığın artırılmasının ən önəmli yollarından biri də seçkilərdir. Azərbaycanda vətəndaşların aktiv və passiv seçki hüququ təmin olunub. 2016-cı ildə referendum ilə Konstitusiyaya edilən əlavə və düzəlişlər nəticəsində vətəndaşların seçkili orqanlara seçilməsi üçün mövcud olan yaş məhdudiyyəti aradan qaldırıldı və artıq 18 yaşına çatmış hər bir kəsin həm seçmək, həm də seçilmək hüququ vardır.
İnternetin azad olması sayəsində vətəndaşların sosial şəbəkələr vasitəsilə seçkilər prosesində, təbliğat-təşviqat kampaniyalarında daha geniş və fəal iştirakına şərait yaranıb. Xüsusən də bu prosesdə gənclərin aktivliyi özünü daha çox göstərir.
Ölkədə siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi siyasi mübarizə metodlarının da sivilləşməsinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, dağıdıcı, radikal müxalifət ünsürlərinin vətəndaşları zorakı, destruktiv kütləvi aksiyalara cəlb etmək çağırışları cəmiyyətimizin böyük kəsimi tərəfindən cavabsız qalır. Başqa sözlə, siyasi provokasiyalardan, qeyri-qanuni və ictimai asayişi poza biləcək fəaliyyətlərdən uzaq durmaqla Azərbaycan vətəndaşları radikal müxalifətin arzusunda olduğu 90-cı illərin əvvəllərindəki xaosun keçmişdə qaldığını, ölkədə yüksək siyasi şüur və siyasi mədəniyyətin formalaşdığını nümayiş etdirirlər.
Beləliklə, demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla addımlayır.
Ülkər Piriyeva