AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya müstəqil, nüfuzlu dövlət kimi tanıtdı - ÖZƏL

  • + A
  • - A
  • 25-06-2023, 14:53

    Ulu Öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya müstəqil, nüfuzlu dövlət kimi tanıtdı -


    Rusif Kərimov
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi


    Ulu Öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya müstəqil, nüfuzlu dövlət kimi tanıtdı.

    1991-1993-cü illərdə Azərbaycanın yeni əldə olunmuş müstəqilliyi və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Ölkədə vəziyyətə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında xalqı vətəndaş müharibəsi astanasına gətirib çıxarmışdı. Ölkənin bir sıra regionlarında separatçı qüvvələr mərkəzi hakimiyyətə tabe olmadıqlarını bəyan edərək, ərazi iddiaları ilə çıxış edir, Azərbaycanın ayrı-ayrı bölgələrində suveren dövlətlər yaratmaq kimi xain niyyətlərini ortaya qoyurdular. Təbii ki, bütün bu fəlakətlərə səbəb olan amillər həmin dövrdə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin ard-arda yol verdikləri ciddi nöqsanların nəticəsində formalaşmışdı. Bir tərəfdən hakmiyyətdə təmsil olunan şəxslərin bacarıqsızlığı və səriştəsizliyi, digər tərəfdən də xalqın və dövlətin mənafelərinə zidd olan maraq və şəxsi ambisiyaları ölkədə əsil xaos və hərc-mərcliyin yaranmasına yol açımışdı. Yalnız hakimiyyəti öz əllərində saxlamağı düşünən səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdılar. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi əhalinin sosial durumunun son dərəcə ağırlaşmasına və torpaqlarımızın işğalına səbəb olmuşdu.
    Müsahibimiz fikirlərini davam etdirərək bildirib ki, yalnız Ulu Öndər Heydər Əliyevin Ali Sovetinin sədri seçilməsi və Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə ölkədə vəziyyət tədricən normallaşmağa başladı: 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi, ictimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görməyə başladı. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul olundu. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində davamlı islahatların reallaşdırılmasına başlamış, respublikada cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan etmişdir. Az müddət ərzində ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Həmçinin 1993-cü ilin 7 avqust tarixində cənub bölgəsində “Talış-Muğan Respublikası”nın elan olunması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin iradəsi ilə bu bədnam iddiaya da son qoyuldu.
    Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin xarici siyasətində də əsaslı islahatların həyata keçirilməsinə başlandığını vurğulayıb: Müstəqilliyin ilk illərində Azərbaycanda son dərəcə böhranlı vəziyyətin yaranmasında o dövrki iqtidarın yürütdüyü xarici siyasətdə yer alan ciddi nöqsanlar və boşluqlar da axırıncı rol oynamırdı. 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə bütün digər sahələrdə olduğu kimi, dövlətin xarici siyasətində də əsaslı islahatların həyata keçirilməsinə başlandı. Həqiqətən də o dövrdə yenicə dövlət müstəqilliyini bərpa etmiş gənc dövlətin milli maraqlara uyğun xarici siyasət kursunun işlənib hazırlanmasına və həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Azərbaycan həmin vaxt dövlətçiliyinin ən çətin və mürəkkəb dövrünü yaşamaqla, həm də qeyri-müəyyənliklərə dolu olan bir əhatədə idi. Əlbəttə ki, belə bir ağır və riskli vəziyyətdən ləyaqətlə çıxmaq şansını əldə edə bilmək üçün tələb olunan xarici siyasi kursu yalnız böyük dövlətçilik təcrübəsinə malik, həm regionda, həm də dünyada gedən siyasi prosesləri dərindən bilən və onları həm bir-biri ilə, həm də ölkədaxili proseslərlə əlqaləndirməyi bacaran bir dövlət xadimi hazırlaya bilərdi. Bütün bu keyfiyyət və bacarıqlara sahib olan yeganə şəxsiyyət isə yalnız Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirməyə başladı. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Bu proseslərin nəticəsi olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dayandırıldı.
    Həmçinin müsahibimiz ölkənin dayanıqlı iqtisadi inkişafını və beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin etmiş “Əsrin müqaviləsi”ndən bəhs edərək bunları deyib: Ulu Öndər Heydər Əliyevin sayəsində neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. Bu tarixi saziş həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Birmənalı olaraq deməliyik ki, 1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyinin qorunması durur. Məhz 1993-2003-cü illər ərzində ölkəmizdə dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız formalaşdırılaraq xalqa təqdim olundu.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR