Kərimova Əfsanə Əflan qızı Masallı Gənclər Evi
1993-2023-cü illərdə dövlətçiliyin əsasları qoyuldu
Biz bu gözəl hadisəni ilboyu qeyd edirik. Bu ilin əvvəlində -yanvar ayında dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümünü qeyd etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanmışdır və il ərzində həm Azərbaycanda, həm xaricdə müstəqilliyimizin ildönümünü qeyd etmək üçün müxtəlif tədbirlər keçirilmişdir. Bu, doğrudan da böyük bayramdır. Otuz il ərzində müstəqil Azərbaycan böyük və uğurlu yol keçmişdir.
Biz müstəqilliyimizin ilk illərini də yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, Sovet İttifaqının dağılması nəticəsində bütün başqa sovet respublikaları ilə bərabər Azərbaycan da müstəqilliyə qovuşdu. Bizim müstəqillik təcrübəmiz XX əsrin əvvəlində də olmuşdur. O vaxt rus imperiyasının dağılması nəticəsində Azərbaycan müstəqillik əldə etdi, Azərbaycan Demokratik Respublikası yaradıldı. Ancaq bu respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
Demək olar ki, XX əsrin sonunda da buna oxşar proseslər baş vermişdir. Müstəqilliyimizin ilk illərində ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Biz o illəri yaxşı xatırlayırıq və demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Total böhran hökm sürürdü - həm iqtisadi sahədə, həm siyasi böhran, həm də hərbi böhran. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir. Yəni gənc ölkə üçün çox təhlükəli illər, təhlükəli anlar, çox böyük sınaq idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində biz bu sınaqlardan şərəflə çıxa bilməmişdik. Belə bir vəziyyətdə - 1993-cü ildə ölkədə vəziyyət dözülməz həddə çatandan sonra Azərbaycan xalqı Heydər Əliyevə müraciət etmişdir. Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu münasibətin, bu fikirlərin əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır. Heydər Əliyev Sovet İttifaqının dağılmasının ərəfəsində də böyük siyasi cəsarət göstərərək daim öz xalqının yanında idi. Azərbaycanlılara qarşı təcavüzdən - Qanlı 20 Yanvar faciəsindən dərhal sonra o, öz səsini ucaltmışdır.
Sovet İttifaqı Kommunist Partiyasını, onun siyasi rəhbərliyini bu vəhşilikdə ittiham etmişdir. Özü də rəsmən. Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsində də Heydər Əliyevin müstəsna xidməti olmuşdur və o vaxt “Sovet Sosialist” sözləri muxtar respublikanın adından çıxarılmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı ilin noyabr ayında Naxçıvanda rəsmi dövlət bayrağı kimi Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi elan edilsin. 1991-ci ilin mart ayında Azərbaycanda Sovet İttifaqının saxlanılması haqqında referendum keçirildiyi zaman Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Yəni bütün bu hadisələr və addımlar Azərbaycan xalqının qəlbində idi, Azərbaycan xalqının qəlbində çox böyük əks-səda vermişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı ən çətin anlarda Heydər Əliyevə müraciət edərək öz seçimini etmişdir. 1993-cü ildən başlayaraq Azərbaycanda böyük inkişaf və quruculuq işləri aparılmağa başlamışdır. İlk növbədə sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. İqtisadi sahədə çox dəyərli təşəbbüslər irəli sürülmüşdür və ən önəmlisi ölkənin strateji inkişafı haqqında düzgün seçim edilmişdir. Azərbaycan müasir, dünyəvi, dünya birliyinə inteqrasiya edən, bazar iqtisadiyyatı prinsiplərinə, demokratik əsaslara sadiq ölkə kimi inkişaf etməli idi. O strateji seçimi Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildə etmişdir və o ildən bu günə qədər Azərbaycan inkişaf yolu ilə uğurla gedir. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir. Məhz o illərdə bazar iqtisadiyyatı prinsiplərinə müraciətimiz öz konkret nəticəsini verməyə başlamışdır. Bu gün Azərbaycan iqtisadiyyatı tam bazar iqtisadiyyatı prinsipləri əsasında idarə olunur. Ancaq 1993-cü ildə bu seçim o qədər də dəqiq deyildi. Yəni ki, bu seçimi etmək üçün heç bir əsas yox idi. Çünki o vaxt Azərbaycanda nə bazar iqtisadiyyatı meyilləri var idi, nə də ki, planlı iqtisadiyyatın qalıqları qalmışdı. Bütün iqtisadiyyat dağılmışdı, sənaye istehsalı iflic vəziyyətində idi. Neft istehsalı kəskin şəkildə aşağı düşmüşdü. Yəni yeni strateji seçimləri etmək üçün böyük peşəkarlığa, müdrikliyə, dünyagörüşünə malik olmaq lazım idi. Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, ölkəmiz üçün ən çətin, həlledici anlarda Ulu Öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmiş və ölkəmizi bu ağır vəziyyətdən çıxara bilmişdir.
Ulu Öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı verdiyi qərarlar bu gün də aktuallığını itirmir. Senzuranın ləğvi, Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiya siyasəti və bu səpkidə digər addımlar bu gün də bizim inkişafımızın əsas istiqamətlərini müəyyən edir.
Ölkə iqtisadiyyatının canlandırılması üçün yollar axtarılırdı. Çünki ölkə iqtisadiyyatı qeyd etdiyim kimi, tamamilə dağılmış vəziyyətdə idi və xarici investisiyalarsız Azərbaycanın gələcəyi mümkün deyildi. Əgər 1993-cü ilə qədər ölkədə xaos, özbaşınalıq, anarxiya hökm sürürdüsə bu investisiyaları necə gətirmək olardı? Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasəti davam etdirdi. Yəni o vaxt Azərbaycana vəsait qoymaq istəyənlərin sayı çox məhdud idi. Ona görə Azərbaycanın milli maraqlarını təmin etmək şərtilə investorları cəlb etmək, onlar üçün məqbul şərait yaratmaq böyük peşəkarlıq və məharət tələb edirdi. Ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil “Əsrin müqaviləsi”nin bağlanması idi. İndi keçmişə nəzər salaraq, tam əminliklə deyə bilərik ki, əgər o vaxt, o çətin anlarda, çətin illərdə “Əsrin müqaviləsi” bağlanmasaydı, bugünkü Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. Yəni heç təsəvvür etmək mümkün deyil ki, əgər o tarixi müqavilə bağlanmasaydı, ölkənin taleyi necə olardı? Yəni o, Azərbaycanı dünyaya tanıtdırdı. O, Azərbaycana investisiyalar gətirdi, iş yerlərinin açılmasına gətirib çıxardı. Eyni zamanda, Azərbaycanı dünya iqtisadiyyatının bir parçası kimi dünyaya təqdim etdi. Azərbaycan bu gün enerji siyasəti ilə nəinki öz maraqlarını, eyni zamanda, tərəfdaşlarımızın maraqlarını da təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir və bu siyasətin əvvəli məhz “Əsrin kontraktı”nın bağlanması ilə əlaqədar idi. Bu, bizə imkan verdi ki, əldə edilən gəlirləri iqtisadiyyatın bütün sahələrinə yönəldək və beləliklə, iqtisadiyyatımızın şaxələndirilməsinə nail olaq.
Ülkər Piriyeva