Bakı, 31 avqust — Azadmedia.az18-19 avqust tarixlərində Seul Milli Universitetinin Boreum Humanitar Zalında Seul Milli Universitetinin Koreya Ədəbiyyatı Departamenti və Koreya Dili və Ədəbiyyatı İnstitutunun təşkilatçılığı və Koreyanın Milli Tədqiqat Fondunun sponsorluğu ilə “Koreya Ədəbiyyatı Tədqiqatlarının Avrasiya Şəbəkəsi”-nin yaradılması məqsədi ilə “Avrasiyada Koreya Ədəbiyyatının Gələcəyini Tapmaq (한국문학의 미래 유라시아에서 찾다)” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Belə ki, konfransda Monqolustan, Türkiyə, Rusiya, Çin ölkələrindən olan alim və yazıçılar Avrasiyanın tarixi, coğrafiyası və mədəni aspektləri, xarici ölkələr ilə Koreya arasındakı münasibətlər ilə bağlı təqdimatlarla çıxış edib.
Konfransda Kipr-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Qurumunun (KIBATEK) sədri Metin Turan da iştirak edirdi. Metin Turan ilə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən Koreya-Azərbaycan III Humanitar Forumunda tanış olmuşdum.
Həmçinin bu il 30 iyul tarixində Almaniya Türk Muzeyinin təşkilatçılığı ilə “Yüzyılın Türk Edebiyatında Eğilimler ve Yönelimler” mövzusunda online konfrans da keçirmişdik. Bu konfransda görməyimə çox sevindim və yanına getdim, Metin Turan də məni görən kimi: – “Dəyərli qardaşım Anar, dünya nə qədər balaca imiş...” – dedi. Konfransdan sonra uzun-uzun fikir mübadiləsi apardıq. Metin Turan “Koreya və Türk Ədəbiyyatı” sessiyasında “Koreya ədəbiyyatı türk ədəbiyyatı prizmasından” mövzusunda təqdimat etdi.
Həmçinin konfransda Metin Turan ilə tanış olduğum eyni konfransda tanıdığım, Azərbaycan və Koreya arasında ədəbi əlaqələrin qurulmasında müstəsna rolu olan Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, türkoloq, professor Eunkyung Oh (오은경) görməkdən məmnun oldum və onunla da Azərbaycan ilə əlaqəli gələcək planları, səfərləriylə bağlı müzakirə apardıq. “Koreya və Türk Ədəbiyyatı” sessiyasında “Türkdilli ölkələrdə Koreya ədəbiyyatı” mövzusunda təqdimat etdi
Konfransda Koreyanın tanınmış yazıçılarından olan Mikhail Park (박미하일) iştirak edirdi.
Ona azərbaycanlı olduğumu söyləyən zaman ilk bu fikirləri dilə gətirdi: – “Deməli sən Müslüm Maqomayevin Vətənindənsən. Mən Azərbaycanı və Müslüm Maqomayevi çox sevirəm”. Onunla Azərbaycan ədəbiyyatı və Müslüm Maqomayevin yaradıcılığı ilə bağlı çox maraqlı müzakirəmiz oldu. Mikhail Park “Rusiya və Koreya Ədəbiyyatı” sessiyasında “Koryo-Saramın diaspor ədəbiyyatı” mövzusunda çıxış etdi.
Konfrans proqramı yüksək səviyyədə təşkil olunmuşdur. Konfrans proqramı Seul Milli Universitetinin Koreya dili və Ədəbiyyatı kafedrasının professoru Min-ho Bang (방민호) tərəfindən hazırlanmışdı. Mühazirələr arası fasilələr olurdu və fasilələr zamanı Professor ilə Türklərlə Koreyalılar arasında xüsusi bir bağ olduğunun və bu bağın xüsusi tarixə malik olduğu ilə bağlı xeyli fikir mübadiləsi apardıq. Həmçinin Almaniya Türk Muzeyində də Koreya tarixi ilə bağlı qədim sikkələrin, başqa eksponatların olduğunun və muzeydə Koreya guşəsi yaratmaq planımız ilə bağlı məlumatları da onunla paylaşdım. O isə: - “Koreya ədəbiyyatı professoru kimi mən sizə təşəkkür edir və bu planınızı qətiyyətlə dəstəkləyirəm.” fikirlərini söylədi.
Daha öncə vurğuladığım kimi konfransda bir çox ölkələrdən alim və yazıçılar iştirak edirdi. Konfransdan sonra axşam yeməyində Cənub-Qərb Minzu Universitetindən Lianhua Xu (허련화) və Çin Minzu Universitetindən Youxue Cui (최유학) ilə Türk Dünyası dövlətləri, azsaylı türk xalqları ilə bağlı maraqlı fikir mübadiləsi apardıq. Onlar isə “Çin və Koreya Ədəbiyyatı” sessiyasında “Çində müasir Koreya ədəbiyyatının qəbulu” və “Koreya və Çində Qərbə səyahətin müqayisəli tədqiqi” mövzularında təqdimatlar etdilər.
Qeyd etdiyim sessiyalardan əlavə olaraq Monqolustan və Koreya Ədəbiyyatı sessiyası da təşkil olunmuşdur və “Koreya və Monqol xalq nağıllarının müqayisəsi”, “Mənim poeziyam və Monqolustan” mövzularında çıxışlar olmuşdur.
Cənubi Koreya ilə bağlı araşdırmalar apardığım zamanda belə bir konfransda iştirak edərək müxtəlif mövzularda çıxışları dinləmək, tanınmış alim və yazıçılar ilə tanış olmaq fürsəti qazandım. Koreyada belə bir nüfuzlu konfransda iştirak etməkdən şərəf duydum və gələcək fikirlərimdə, fəaliyyətlərimdə böyük rol oynayacağına əminəm.
Anar Rzayev
BMU-İNHA İDP Tələbəsi
Almaniya Türk Muzeyinin Azərbaycan və Cənubi Koreya Nümayəndəsi