Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Milli Məclis sədrinin səfəri ilə bağlı qəbul təşkil olunub.
Tədbirdə Almaniya Bundestaqının üzvləri, xarici ölkələrin səfirləri, Almaniya XİN-in və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, o cümlədən elm, mədəniyyət xadimləri, müxtəlif şirkətlərin nümayəndələri, iş adamları və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxış edərək, parlament nümayəndə heyətini və qonaqları salamlayaraq, iki ölkə arasındakı münasibətlər, bu səfərin əhəmiyyəti barədə fikirlərini bildirib.
Tədbir iştirakçılarını səmimiyyətlə salamlayan parlamentin spikeri, bu ölkəyə rəsmi səfərini dövlətlər arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bariz nümunəsi adlandırıb. O, keçən il Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, ötən dövr ərzində müxtəlif sahələrdə fəal və səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb.
Tədbirdə ölkələrimiz arasında davamlı siyasi dialoqun mövcud olduğu, yalnız bu il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya iki səfərinin baş tutduğu, bu səfərlər çərçivəsində Prezident Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla görüşlərinin əməkdaşlıq əlaqələrinin müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb. İki ölkə arasında uzun illər ərzində müxtəlif sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlığa toxunan Sahibə Qafarova bildirib ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Alman şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir, müxtəlif layihələrin icrasında iştirak edirlər. Vurğulanıb ki, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin şaxələndirilməsi və genişləndirilməsi üçün daha geniş imkanlar mövcuddur.
Çıxışda təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı anlaşmanın təşviqində mühüm rolu qeyd olunub. XIX əsrin əvvəllərində Azərbaycanda məskunlaşmış alman mühacirlərinin tarixi-mədəni irsinin dövlət səviyyəsində qorunduğunu deyən parlamentin spikeri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyi həm Azərbaycanda, həm də Almaniyada çoxsaylı tədbirlərin keçirilməsi ilə qeyd olunub.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin Bakıdakı Alman-Azərbaycan Mədəniyyət Birliyinin fəaliyyətinin xalqlarımızı daha da yaxınlaşdırdığını deyən Sahibə Qafarova, Almaniya-Azərbaycan Forumunun üzvlərinə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi işində yorulmaz səylərinə görə təşəkkürünü bildirib.
Qanunverici orqanlarımızın qarşılıqlı fəaliyyətinin ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına verdiyi töhfələrdən danışılıb, bu əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin, görüşlərin və təmasların müstəsna rolu vurğulanıb.
Çıxışında xalqımızın çoxəsrlik dövlətçilik tarixi barədə də məlumat verən spiker Sahibə Qafarova qeyd edib ki, bugünkü Azərbaycan xalqımızın qədim dövlətçilik ənənələrinin uğurlu varisidir. Azərbaycan xalqı bu ənənələrə əsaslanaraq 1918-ci ildə Müsəlman Şərqində ilk parlamentli demokratik respublika qurub. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə mühüm tədbirlər həyata keçirərək, vətəndaşlara irqi, etnik, dini ayrı-seçkilik olmadan bərabər hüquqlar verib, Müsəlman Şərqində ilk dəfə və bəzi Avropa ölkələrindən xeyli əvvəl qadınlara səsvermə hüququ verib.
Təəssüflə qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilib və ancaq 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ölkə tarixində yeni dövrün başlanğıcının əsasını qoyub.
Spiker Sahibə Qafarova bu il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyimizin daxili və xarici təhlükələrdən qorunmasında, müasir dövlətçiliyimizin inkişafında müstəsna rolunu xüsusi vurğulayıb.
Milli Məclisin sədri Azərbaycanın bu gün ən müxtəlif sahələrdə qazandığı nailiyyətlər barədə də tədbir iştirakçılarına məlumat verib. Çıxışda ölkəmizin son 20 ildə mühüm iqtisadi tərəqqiyə nail olduğu qeyd olunub, ÜDM-in dörd dəfə, büdcə gəlirlərinin 30 dəfə, xarici ticarət dövriyyəsinin 10 dəfədən çox artması diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 50 faizdən 5,5 faizə düşüb. Ötən 20 il ərzində Azərbaycana 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub ki, bunun da 200 milyarda yaxın hissəsi iqtisadiyyatın qeyri-neft sektoruna yatırılıb.
Azərbaycanın beynəlxalq birliyin fəal və məsuliyyətli üzvü olduğunu deyən Milli Məclisin sədri, beynəlxalq hüququn norma və prinsiplərinə hörməti, dialoqu, həmrəyliyi və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqini Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementlərindən adlandırıb. O qeyd edib ki, bunları Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətində, Qoşulmama Hərəkatının sədri qismində bir sıra təşəbbüslərin irəli sürülməsində, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən enerji, həmçinin Şərqlə Qərbi birləşdirən iri nəqliyyat layihələrinin həyata keçirilməsi kimi bir sıra hallarda aydın müşahidə etmək olar.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalına toxunan parlamentin spikeri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif etməklə regionumuzda uzunmüddətli davamlı sülhün bərqərar olunması istiqamətində böyük səylər göstərir.
İştirakçıların diqqətinə çatdırılıb ki, Ermənistanın siyasi və hərbi təxribatları, onun son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsini qaçılmaz edib. Bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib, mülki şəxslər arasında itki qeydə alınmayıb. Nəticədə separatçı rejim özünü buraxdığını elan edib və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.
Spiker Sahibə Qafarova deyib ki, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Sıfırdan yeni şəhərlər, kəndlər salınır, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. “Böyük Qayıdış Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna kimi 140 mindən çox insan Qarabağa və Şərqi Zəngəzura qayıdacaq.
Milli Məclisin sədri təəssüflə xatırladıb ki, işğal illərində Ermənistanın bu ərazilərdə yerləşdirdiyi 1 milyondan çox mina yenidənqurma işlərini və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını ləngidir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra 340-dan çox azərbaycanlı mina partlayışlarının qurbanı olub. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olmasına baxmayaraq, minatəmizləmə fəaliyyətlərində ən az beynəlxalq dəstək alır. Sahibə Qafarova Almaniya hökumətinin Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləmək qərarını yüksək qiymətləndirib.
Çıxışının yekununda Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Müharibənin gətirdiyi bütün ağrı-acılara baxmayaraq, Azərbaycan dəfələrlə sülhə hazır olduğunu ifadə edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, bu, ədalətli sülh olmalıdır - hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanan sülh. Belə sülh sabitliyə, inkişafa və əməkdaşlığa nail olmağın yeganə yoludur.