Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova martın 23-də Syerra-Leone Respublikası parlamentinin sədri Abass Çernor Bundu ilə görüşüb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı imkanları, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti barəsində fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Qoşulmama Hərəkatının və onun Parlament Şəbəkəsinin fəaliyyətində Azərbaycanın vacib rolu qeyd olunub. Diqqətə çatdırılıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın institusional inkişafı istiqamətində mühüm addımlar atılıb. Xatırladılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının inkişafında, təşkilata üzv olan ölkələrin qanunverici orqanları arasında əlaqələrin genişləndirilməsində, eləcə də bəşəriyyəti narahat edən bir sıra məsələlərin həlli üçün həmrəylik göstərilməsində mühüm platforma rolunu oynayır.
Syerra-Leone parlamentinin spikeri Abass Çernor Bundu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinin genişləndirilməsində göstərdiyi təşəbbüs və səylərinə görə təbriklərini çatdıraraq bildirib ki, Azərbaycanın sədrliyi bu təşkilata yeni nəfəs verib və təşkilatın fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirib. Qeyd olunub ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin diqqət ayırdığı məsələlər yeni çağırışlarla üst-üstə düşür, xüsusilə dekolonizasiya məsələsində Azərbaycanın mövqeyi qarşı tərəfdən təqdir olunub.
Parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunan görüşdə bildirilib ki, istər Parlamentlərarası İttifaq, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlər və qurulan dialoq hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.