Səbail rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə aprelin 26-da saat 16 radələrində paytaxtın Səbail rayonu ərazisində aparılan tikinti işləri zamanı 1 nəfər ustanın ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, "Kristal Abşeron" MTK-nın Səbail rayonu, Q.Abbasov küçəsi 32/34 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qaldırıcı qurğunun yerə düşməsi nəticəsində 1984-cü il təvəllüdlü Nəriman Salahov vəfat etmiş, 1987-ci il təvəllüdlü Aruz Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.