Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmədə şahidlər dindirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Elşən Quliyev bildirib ki, "Berlin Pub" kafesində təqsirləndirilən şəxslə eyni gündə fəaliyyətə başlayıb.
O deyib ki, hadisənin baş verdiyi gün kafeyə 3 nəfər yaxınlaşıb: "Onlardan birinin ayağında çəkələk var idi. Orxan onlara mədəni şəkildə söylədi ki, "geyiminizi səliqəyə salın, keçin içəri". Həmin şəxslər içəri keçdilər. Sonra bildirdilər ki, "yer rezerv edilib, harada əyləşək?" Bu barədə Ramin müəllimdən soruşduq. O isə dedi ki, "bunlar xanımla gəlməyiblərsə, əyləşmələri qeyri-mümkündür". Çünki stol məsələsinə biz mühafizəçilər qarışmırıq. Sonra mərhumun dostu Valeh Orxanla acı danışdı. Mübahisə düşdü, mən onları ayırdım".
Daha sonra şahid qismində Sevinc Aslanova dindirilib. O, "Berlin Pub" kafesində rezervasiya işlərinə nəzarət etdiyini bildirib: "Telefonda yeri rezerv edən şəxsə deyilməmişdi ki, qızla gəlin, amma onlara geyimlə bağlı xəbərdarlıq edilmişdi. Sonra Valehlə Orxanın dalaşdığını gördüm".
Məhkəmənin növbəti iclası martın 9-na təyin edilib.
Qeyd edək ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.