Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.
Ş.İbrahimova bildirib ki, universitetdə təhsil almaq üçün təqsirləndirilən şəxsə 4 min manat pul verib. Bir müddət sonra isə ona universitetdən 2 min manat ödəniş borcu olduğu barədə məlumat verilib:
"Universitetə təhsil olmaq üçün ilk olaraq Dürdanə Əliyeva ilə görüşdüm. Mənə bildirdi ki, burada iki illik təhsil alacaqsan, amma üç illik ödəniş ödəməlisən. Səbəbini soruşanda isə “burada bələdir”, dedi. Ödənişi etdikdən sonra pandemiya ilə bağlı universitetlərdə əyani tədris dayandırıldı. Bir müddət sonra isə mənə bildirdilər ki, təhsil ödənişi üçün 2 min manat borcun var. Halbuki mən 4 min manatı Dürdanə Əliyeva ilə görüşüb ona vermişdim".
Şahid ifadəsinin davamında deyib ki, günahkar kimdirsə 4 min manat ziyanı ödəməlidir.
Hakim Əli Məmmədovun “Sizə görə günahkar kimdir, kim ödəsin pulu” sualına isə şahid "bilmirəm" deyə cavab verib.
Daha sonra məhkəmədə şahid qismində BSU-da təhsil alan Rauf Həsənov ifadə verib.
Hakim şahidin istintaq zamanı müstəntiqə yalan ifadə verdiyini deyib.
Şahid isə məlumatın doğru olmadığını bildirib.
R.Həsənov bildirib ki, Dürdanə Əliyevaya universitetdə təhsil alması üçün 2 n manat pul verib: “İlk dəfə universitetə daxil olanda məni Dürdanə Əliyevanın yanına apardılar. Təhsil ödənişi 2 min 200 manat idi. D.Əliyeva mənə dedi ki, 2 min manatı ona ödəməliyəm. Həmin pulu ona verdikdən sonra 200 manat da müvafiq aparatla ödədim. Sonra məlum oldu ki, yalnız aparat vasitəsi ilə ödədiyim 200 manat hesaba keçib. Universitetdən bildirdilər ki, 1800 manat borcun qalıb".
Şahid dəymiş 2 min manat məbləğində ziyanın Dürdanə Əliyevayanın ödəməsini istəyib.
Proses noyabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.