DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən iki nəfər şəxs, Zərdab rayon sakinləri Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar.
İlkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.
Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi tədqim ediblər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyiblər.
Araşdırmalar zamanı onların respublikanın doqquz bölgəsində analoji cinayət əməli törətdikləri və 20 zərərçəkmiş şəxsə ümumilikdə 19200 manat maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı hər iki şəxs barəsində Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları Ə.Məmmədovun və E.Vəliyevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.
***
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən güclü təsiredici xassəyə malik natkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri, əvvəllər məhkum edilmişlər Xəyalə Cəfərova və Malik Məmmədov saxlanılıblar. Onların üzərində aparılan şəxsi axtarış zamanı X.Cəfərovadan külli miqdarda heroin və M.Məmmədovdan isə heroin və metamfetamin aşkar edilərək götürülüb.
Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
***
Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
❗Yol-nəqliyyat hadisələri
Dekabrın 13-də saat 8 radələrində Xızı rayonunun Məşədihəsən kəndində Ə.Əbdülovun idarə etdiyi “Dacia Logan” markalı minik və M.Ələsgərovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobilləri toqquşub. Nəticədə Ə.Əbdülov və sərnişinlərindən E.Rüstəmov hadisə yerində ölüb, xəsarət alan digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
Dekabrın 13-də saat 18 radələrində Masallı rayonunun Banbaşı kəndində Y.Cəlilovun idarə etdiyi “VAZ-21011” və Q.Məmmədlinin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Dekabrın 13-də saat 21 radələrində Ağsu rayonunun Qaraqaşlı kəndində İ.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini N.Bəkirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Dekabrın 13-də saat 22 radələrində Neftçala rayonunun 2-ci Qaralı kəndində Z.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən İ.Əsgərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.
❗Oğurluq
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində mağazaların birində qəsəbə sakini olan qadının içərisində 1196 manatı və sənədləri olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Rüfət Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
❗Oğurluq
Binəqədi qəsəbəsindəki həyətlərin birinin saxlanc yerindən 4500 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Əşrəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
❗Qanunsuz ov edənlər saxlanılıb
Saylan Rayon Polis Şöbəsinin əməkdaşları dekabrın 13-də Qaraçala kəndi ərazisində qanunsuz ov edən 3 nəfəri saxlayıb. Onların Şirvan şəhər sakinləri M.Rzayev, T.Eyvazov və Y.Məmmədov olmaları məlum olub.
M.Rzayevdən müvafiq sənədləri olan “ATA ARMS” markalı, T.Eyvazovdan isə qanunsuz saxladığı “İJ” markalı ov tüfəngləri götürülüb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları isə həmin gün “Ceyrançöl” adlanan ərazidə qanunsuz ov edən Keçili kənd sakini Ş.Abbasov və Cəlilabad rayon sakini H.Abbasovu saxlayıb. Onlardan müvafiq sənədləri olan 2 ədəd “TOZ” markalı ov tüfəngi və 35 ədəd patron götürülüb.