AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”

  • + A
  • - A
  • 20-07-2020, 14:42

    Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”


    “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Report-a müsahibə verib.

    AzadMedia.Az həmin müsahibəni təqdim edir:

    - Komandanızın hazırlıq prosesi necə gedir?

    - Yeni mövsümə istədiyimiz kimi hazırlaşmaq çətindir. Karantin olmayan şəhərlərdə hazırlıq prosesi keçməyə imkan yaratdığı üçün Nazirlər Kabineti yanında operativ qərargaha təşəkkürümü bildirirəm. Müəyyən qayda və qanunlara əməl edərək, Qəbələyə gəldik və hazırlığa başladıq. Hələ futbolçuların hamısı tam hazır deyil. Komandaya qoşulacaq futbolçular olacaq. Bəzi oyunçularla isə danışıqlar davam edir. Amma hər halda, Çempionlar Liqasında mübarizəyə başlayacağımız 18-19 avqustadək komandanı normal vəziyyətə çatdırmalıyıq. Nə şəraitimiz varsa, ondan maksimum istifadə etməyə çalışırıq.

    - Komandadan gedənlər də oldu. O cümlədən, Rəşad Sadıqov karyerasını bitirərək, “Zirə”yə baş məşqçi təyin olundu. Amma ehtimal var idi ki, komandada sizin köməkçiniz olacaq...

    - Bu il 10-dan çox futbolçu ilə yollarımızı ayırmışıq. Komandaya çox lazımlı, lider oyunçular idilər. Bunlar nə vaxtsa olmalı idi. Bəzi futbolçular iki ildən beş ilədək çıxış etdikdən sonra komandadan getdilər. Rəşada gəldikdə, onun haqqında çox danışmaq olar.

    Buna vaxtımız çatmaz və həddən artıq uzun olar. Rəşadın bu komanda üçün dəyəri çox böyük olub, belə də qalacaq. Çünki əsl azərbaycanlı, əsl qarabağlı və əsl peşəkar kimi bu komandaya köməyi, sevgisi hədsiz idi. Amma hər bir futbolçunun karyerasının sonu var. Futbolu tamamladıqdan sonra hərə özünə peşə seçir. “Neftçi”ni də nəzərə alsaq, onunla 17 il birlikdə olmuşuq: həm oyunçu, həm də məşqçi-futbolçu kimi.

    Bunların hamısını nəzərə alsaq, bu ayrılıq, “Qarabağ” öz yerində, xüsusən mənim üçün bir tərəfdən üzücü, digər tərəfdən sevindiricidir ki, o, dərhal Premyer Liqa təmsilçisinin baş məşqçisi oldu. Baş məşqçilik yolunu seçirdisə, bizim yollarımız əvvəl-axır mütləq ayrılmalı idi.

    Bəlkə də, futbol həyatımda ən istəmədiyim ayrılıq idi. Amma buna normal yanaşmalıyam və Rəşada uğurlar arzulayıram. Bəlkə gələcəkdə onun haqqında daha çox danışacağam. Bu gün isə qısa danışsam, daha yaxşı olar. Rəşadın “Qarabağ”da hər zaman yeri var. O, bütün “Qarabağ”lıların qəlbindədir. Onun yeri mənim və hamı üçün çox böyükdür.

    - Rəşad Sadıqovun komandada köməkçi-məşqçi kimi işləmək variantı var idi?

    - Bəli. Biz həmişə birlikdə olmuşuq. Hər bir baş məşqçinin belə bir peşəkara ehtiyacı var.

    Meydanda həm futbolçu, həm də məşqçi funksiyasını yerinə yetirir. Öz bacarığı, futbol biliyi, avtoriteti ilə çox köməyi dəyirdi. Digər tərəfdən, bizim Rəşadla münasibətlərimiz elədir ki, aramızda “Mütləq mən olmalıyam” söhbəti yoxdur. Bizim dostluğa və futbola yanaşmamız tam fərqlidir. Onun köməkçi məşqçi olması da gündəmdə idi. Sonradan ona baş məşqçi təklifi oldu və yollarımızı ayırdıq.

    - Miçel Madeyranın komanda ilə vidalaşmasının səbəbi nə idi?

    - Qarşılıqlı razılaşma oldu. Miçel ailəsinə münasibətdə fərqli insandır. Ailəsini bəlkə də daha çox sevir və istəyir. Ümumi durumu, pandemiyanı və gəliş-gedişi nəzərə alaraq, bu addımı atdıq.

    Çünki çox futbolçumuz var idi ki, neçə aylardır ailələrini görmürdülər. Mənə elə gəlir ki, Miçel bir az da bundan narahat idi və ehtiyat etdi. Ümumi götürsək, qarşılıqlı razılıq əsasında ayrıldıq.

    Miçel bizim ən çox dəyər verdiyimiz, oyun sistemimizə uyğun ən yaxşı futbolçulardan biri idi.

    Ona görə, dediyim kimi, onlar neçə illər komandada əziyyət çəkirlər, bu cür futbolçuları başa düşməliyik.

    - Miçel Azərbaycanda ailəsi ilə birlikdə qalmırdı?

    - Qalırdı, ölkələrinə getmişdilər. Həyat yoldaşı ilə birlikdə qalırdı.

    - Özü yəqin ki, İspaniyada qalmaq istəyirdi?

    - Ailəsi ilə birlikdə İspaniyada qalmaq istəyirdilər. Son proseslər bir az narahatlıq yaratdı.

    - Karyerasını bitirmək barədə düşünürdü?

    - O barədə danışmamışıq. Yəqin ki, buna özü qərar verəcək.

    - Heyətə cəlb edilən futbolçulara və icarədən qayıdanlara baxanda sanki gənclərə üstünlük verirsiniz. Onları sınamaq istəyirsiniz, yoxsa çempionat və avrokubok matçlarında gənclərə daha çox bel bağlayacaqsınız?

    - Yerlilərə hər zaman üstünlük verməyə çalışmışıq. Klub və komanda olaraq, bizdən tələblər başqadır. Ona görə, bəzən çox da riskə gedə bilmirik. Həmişə istəmişəm ki, bütün məşqlərdə gənclər olsun. Hazırlıq prosesimizə əvəzedicilərdən üç-dörd oyunçu gəlir. Onların daha tez uyğunlaşmasını istəyirik. Bu gün də bacarıqlı gənc futbolçu varsa, sabah onun potensialına güvənərək, komandada saxlayırıqsa, mütləq ondan meydanda istifadə edəcəyik. Avrokubok və ya yerli çempionatda mütləq həmin oyunçudan yararlanmağa çalışırıq. Bəzi gənc futbolçular var ki, iki ilə yaxındır komandaya uyğunlaşırlar. Hətta Elvin Cəfərquliyevi “Sumqayıt”a icarəyə vermişdik. Ruslan Hacıyev icarə əsasında “Səbail”də oynadı. Toral Bayramlının hazırda yüngül zədəsi var. İstəyirəm ki, gənc və istedadlı futbolçularımızdan həm yerli çempionatda, həm də avrokuboklarda imkan daxilində istifadə edək və onlar yavaş-yavaş uyğunlaşsınlar.

    - Musa Qurbanlının əsas komandaya düşmək üçün şansları nə qədərdir?

    - O da əsas komanda ilə məşq edirdi və yüngül zədəsi var idi. Yenidən məşqlərə qoşulacaq. Amma imkan daxilində bəzi gənc oyunçularımızı icarə əsasında oynamaq üçün başqa komandalara göndərə bilərik. Belə addım atmaq istəyirik ki, heç olmasa, altı ay və ya bir il gücü, sürəti və mübarizəni hiss etsinlər.

    - Hazırda qapıçılarınızdan Emil Balayev və Şahruddin Məhəmmədəliyev Azərbaycan millisinin üzvüdür. Qapıçılardan hansısa biri əsas heyətə düşməyəndə formasını itirə və bu da yığmaya öz təsirini göstərə bilər. Bu baxımdan problem görmürsünüz?

    - Məncə, hər ikisi eyni səviyyəli qapıçıdır. Komandamızda hər zaman üç qapıçı olub. Həmişə ehtiyat etmişəm, çünki həm çempionat, həm də avrokubok oyunlarında bizim üçün şərtdir. İkisi də eyni səviyyəli qapıçıdır, inanıram ki, razı qalacaqlar.

    - Üçüncü qapıçını əvəzedici heyətdən götürəcəksiniz? Nicat Mehbalıyevi “Sabah”a verdiniz...

    - Bəli. O, komandadan gedib. Əvəzedici komandadadan Ayhan Arazlı hələ ki, bizimlədir. Üç məşqi birgə edib. Qarşıdakı müddətdə hər hansı dəyişiklik də ola bilər.

    - Hücumçu mövqeyini necə həll etməyi düşünürsünüz?

    - Həmişə bunu həll etmişik. Bizdə Mahir Emreli var, ona çox güvənirik və daim güvənmişik.

    Həmin mövqedə onun potensialının daha da artmasının vaxtıdır. Daha yaxşı oyunlar göstərə və komandaya daha çox kömək edə bilər. Amma bir neçə oyunçu axtarışındayıq. Həm hücuma, həm də yarımmüdafiəyə axtarışlar davam edir. Belə bir oyunçu olacağı halda, dəvət etməyə çalışacağıq.

    - İki yeni futbolçu gətirmisiniz, üçüncü legioneri də dəvət edə bilərsiniz?

    - Bu rəqəm dörd də ola bilər. Hazırda bir az çətindir, pandemiya ilə əlaqədar klublara zərər dəydi. Hər bir halda rəhbərliklə bəzən elə danışıqlarımız olur ki, çox vacibdirsə, o barədə razılığa gəlmişik.

    - Avrokubokların təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Belə bir ehtimal var ki, Bakıda oyunlar keçirilməsin və pandemiyaya görə məcbur qalıb matçları xaricdə keçirəsiniz. Bu halda Bakıda qarşılaşmaların keçirilməsi üçün müraciət etməyi düşünürsünüz?

    - Düşünürəm ki, hələ avqustun 5-ni gözləmək lazımdır. Qərar çıxıb ki, həmin tarixdən sonra açıq havada idman yarışları bərpa oluna bilər. Səhv etmirəmsə, buna artıq icazə verilir. Biz yaxşını düşünək. Qərarda hər hansı dəyişiklik olsa, fikirləşmək olar. Amma bu gün görünən odur ki, ayın 5-dən sonra problem yaşamayacağıq.

    - Rəşad Sadıqovun gedişindən sonra komandanın əsas kapitanı kim təyin olunub?

    - Hələlik kapitan sarğısı Maksim Medvedevdədir. Qarşıdakı günlərdə qəti qərar veriləcək. Yəqin ki, dəyişiklik olmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR