UEFA rəhbəri Aleksandr Çeferin Superliqada iştirak edəcək futbolçuların Dünya və Avropa çempionatlarından kənarlaşdırılacağı ilə bağlı açıqlama verib.
“Superliqada oynayacaq futbolçular Dünya və Avropa çempionatlarında iştirak etməyəcəklər. Onlar öz milli komandalarında çıxış edə bilməyəcəklər”, - deyə UEFA prezidenti bildirib.
Qeyd edək ki, bir qədər əvvəl isə təşkilatın İcraiyyə Komitəsinin iclasından sonra 2024-cü ildə start götürəcək Çempionlar Liqasının formatı dəyişdirilib. Belə ki, turnirdə 32 komanda əvəzinə 36 klubun yarışacağı bəlli olub. 2024/2025 mövsümündən etibarən Çempionlar Liqasına düşməyən elit klublara (bu turnirdə ciddi uğurları olanlar) lisenziya veriləcək.
Yeni format qruplarla yox, vahid liqa formasında keçiriləcək. Bütün klublar 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşacaq və ilk səkkiz yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər səkkiz vəsiqə uğrunda 9-24-cü yerləri tutan komandalar pley-off formatında mübarizə aparacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.