2 iyul - Azərbaycan Polisi günü və Beynəlxalq İdman Jurnalistləri günü münasibətilə iki sahənin əməkdaşları bir araya gələcək.
Bu barədə Azadmedia.az-a İdman Araşdırmaları Mərkəzinin rəhbəri Elşən Məmmədov məlumat verib. E.Məmmədovun bildirdiyinə görə Abşeron rayon Polis İdarəsi və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) komandaları arasında bu gün mini-futbol matçı keçiriləcək. Xırdalan şəhərindəki "AAAF Park"da təşkil olunacaq oyun saat 20:00-da başlanacaq. AİJF-ni "Qarabağ Azərbaycandır!" turnirinin qalibi "Qubadlı" komandası təmsil edəcək.
Tədbir iştirakçıları qarşılaşmadan əvvəl Abşeron rayon icra hakimiyyətinin rəsmiləri ilə birgə ümummilli lider Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edəcəklər.
24 may 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi günü 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi günü elan edilib. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi günü kimi qeyd edilir.
2 iyul - 1995-ci ildən başlayaraq Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə hər il qeyd edilir. 1924-cü il iyulun 2-də Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat – Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (International Sports Press Association - AIPS) yaradılması barədə qərar qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.