Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda marketə silahlı basqın etməkdə təqsirləndirilən Sakit Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il bir gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilib. Sakit Quliyevin barəsində həbs qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə zalında həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 30 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi “Şuşa şəhərciyi” adlanan ərazidə yerləşən futbol meydançasında qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Sakit Quliyev futbol oynayarkən tanışı, zərərçəkmiş Fəxri Həsənov (şərti) topu ondan almağa çalışıb. Bu zaman zərərçəkmiş ayağı ilə onun ayağına vurub, sonra isə əlləri ilə onu itələyib. Daha sonra həmin şəxslərin arasında mübahisə yaranıb. Nəticədə Sakit üzərində gəzdirdiyi bıçaqla Fəxrinin sol ayağının bud nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib. Məhkəmədə Sakit Quliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində deyib ki, Fəxri Həsənovla əvvəllər düşmənçiliyi olmayıb, futbol oynayarkən aralarında baş verən mübahisə zəminində ona qarşı nalayiq ifadələr işlətdiyinə görə bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirib. Futbola işdən çıxıb getdiyinə görə üzərində çörək bıçağı olub. Təqsirləndirilən şəxs bildirib ki, hadisəni törətdikdən sonra isə həmin bıçağı atıb. Hadisə baş verən zaman 17 yaşı olub. Həbs edilənə qədər mebel ustası kimi çalışıb və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini söyləyib.(Pravda.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.