AZAL: Pulkovoda məcburi eniş edən təyyarə planlı texniki baxışdan tam keçib
Bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən "Airbus A320" təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib.
AZAL xəbər verir ki, "Airbus A320" tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.
Səhmdar cəmiyyəti bildirir ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan ("A-check") tam şəkildə keçib: "Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib. Təcrübəli pilotlarımız tərəfindən AZAL-ın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub. Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub".
Xatırladaq ki, uçuş təhlükəsizliyini təmin etmək məqsədilə AZAL-a məxsus "Airbus A320" təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib. Tütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.
Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən, Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo Hava Limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.
Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur. Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.
Sankt-Peterburq-Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya yola salınıblar. "Pulkovo" hava limanında uçuş zolağından kənara çıxan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə saat 9:43-də (Bakı vaxtılə 10.43-də) Bakıya yola düşüblər.