Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda fermerlərə icarəyə verdiyi torpaq sahələri təyinatı üzrə işlənmir, bədəlini əhali ödəyir. Bağlanan icarə müqavilələrinə nəzər salsaq görərik ki, torpaqlar heyvandarlığın inkişafı üçün paylanıb . Təəssüf ki, fermerlərlə maraqlanmalı olan qurumu şəhərin mərkəzində tikdirib fəaliyyətlərini gəlib yumşaq kresloda oturub vaxt öldürməklə bitmiş hesab edənlər icarəyə verdikləri torpaqıarın aqibəti ilə maraqlanmırlar. Torpaqlar heyvandarlıq adı ilə götürülsə də əkin üçün istifadə edilir, bu da həm rayon camaatı üçün su problemi yaradır, həm də ət çatışmazlığı.
Bu problem Azərbaycanda heyvandarlığın inkişafına ciddi əngəl törədən əsas səbəblərdən biridir. Otlaq sahələrinin əkin sahələrinə çevrilməsi, heyvandarlığın davamlı inkişafı üçün zəruri olan təbii resursları məhdudlaşdırır.
Otlaq sahələrinin əkin sahələrinə çevrilməsi heyvanların qidalanması üçün lazım olan əsas mənbələri məhdudlaşdırır. Heyvanların yem tələbatını ödəmək üçün ya əlavə maliyyə sərf olunur, ya da heyvandarlıqda azalma müşahidə edilir. Bu isə ümumi olaraq ətin qiymətinin artmasına səbəb olur.
Nəzarətin və tənzimləmələrin zəifliyi də problemin yaranmasında az rol oynamır.
Kənd Təsərrüfatı Nazirliyinin otlaq sahələrinin icarəyə verilməsi və istifadəsi üzərində ciddi monitorinq aparmaması torpaqların məqsədli istifadəsinə mane olub. Otlaq sahələri düzgün idarə olunmadığı üçün məhsuldarlıq azalıb və heyvandarlıq sektoru ziyan görüb.
Fermerlərin dəstəksiz qalması da əsas faktorlardandır.
Heyvandarlığın inkişafını təmin etmək üçün fermerlərə aşağı faizli kreditlər, subsidiyalar və keyfiyyətli yem təminatı kimi dəstəklər lazımdır. Bu cür təşəbbüslər məhdud olduğundan, fermerlər daha asan gəlir gətirən əkinçiliyə üstünlük verirlər.
Nəticədə ərzaq təhlükəsizliyi riskləri artır.
Otlaq sahələrinin azalması təkcə ət istehsalını deyil, həm də süd məhsulları və digər heyvandarlıq məhsullarının azalmasına gətirib çıxarır. Bu isə ərzaq təhlükəsizliyi baxımından ciddi bir təhdiddir.
Çıxış yolları üçün otlaq sahələrinin qorunması və bərpası mütləqdir. Dövlət səviyyəsində otlaq sahələrinin qeyri-qanuni istifadəsinə və əkin sahələrinə çevrilməsinə qarşı ciddi addımlar atılmalıdır.
Nəzarət mexanizmləri gücləndirilməlidir. Kənd Təsərrüfatı Nazirliyi işçiləri isti kabinetdən çıxmalı, torpaqların istifadəsini daha şəffaf və effektiv şəkildə izləməli, məqsədli istifadəsini təmin etməlidir.
Fermerlərə dəstək proqramı çərçivəsində Heyvandarlığın inkişafı üçün yem subsidiyaları, heyvan alışı üçün güzəştli kreditlər və texniki dəstək təmin edilməlidir.
Yenilikçi yanaşmalardan istifadə edib suya qənaət etmək lazımdır. Otlaqlarda müasir suvarma sistemləri tətbiq olunaraq, məhsuldarlıq artırıla bilər.
Azərbaycanda mövcud təbii resurslar və coğrafi üstünlüklərdən düzgün istifadə olunsa, bu problem aradan qalxa bilər. Amma bunun üçün strateji planlama və güclü nəzarət mexanizmi vacibdir.
Elnurə Abuşova