Sizə mesaj gəlibsə, banka yaxınlaşın – Kompensasiya verilir
Bu gündən banklar vətəndaşlara kompensasiyalarının ödənilməsinə başlayır.
“Qafqazinfo” xəbər verir ki, artıq şənbə günündən problemli kreditləri olan vətəndaşlara banklar tərəfindən mesaj göndərilib.
Kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə “Azərpoçt” MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcək.
Banklar tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcək. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq.
Qeyd edək ki, prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.