Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədilə Daşkəsən rayonuna səfər edib.
Səfər çərçivəsində əvvəlcə “Daşkəsən” Dəmir Filizi Sahəsinin ərazisinə ümumi baxış keçirilib. Yaponiyalı diplomata regionun ən nəhəng dəmir filizi yataqları kompleksində aparılan geoloji kəşfiyyat işləri barədə məlumat verilib.
“AzerGold”un İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev yatağın istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədi ilə yataqların mövcud resurs və ehtiyatlarının beynəlxalq standartlara uyğun yenidən qiymətləndirildiyini, işlərin cari ilin sentyabr ayınadək yekunlaşdırılacağını yaponiyalı qonağın diqqətinə çatdırıb. Qeyd edilib ki, yatağın yenidən istismarı və istehsal prosesinin dünya standartlarına uyğun təşkili ilə bölgənin dayanıqlı sosial inkişafına, eləcə də ölkə iqtisadiyyatına mühüm töhfələr verilə bilər.
Daha sonra səfir C.Vada “Çovdar” Filiz Emalı Sahəsində olub. Mədəndə istehsalat prosesi və yaradılan iş şəraiti ilə tanış olan diplomat istehsalatın bütün mərhələlərini virtual qaydada izləyib. Bunun ardınca səfir mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə əyani şəkildə tanış olub. Səfirə qiymətli metalların ixracatı və şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Daşkəsən səfərindən məmnun qaldığını, rayondan zəngin təəssüratlarla ayrıldığını bildirən C.Vada “AzerGold” QSC-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Səfir iki ölkə arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi baxımdan səfərin olduqca faydalı olduğunu diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.