AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsassız məhkəmə qərarı nəticəsində "Azəriqaz"a dəyən milyona yaxın ziyan - Qaranlıq ekspertiza

  • + A
  • - A
  • 19-10-2021, 12:31


    Məlum olduğu kimi, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərman imzalanıb. Fərmandan sonra ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Aparılan islahatlara baxmayaraq, təəssüf ki, bu sahədə hələ də narazılığa səbəb olan nöqsanlar qalmaqdadır. Belə ki, vaxtaşırı obeyktiv araşdırılmayan məhkəmə proseslərinin şahidi oluruq. Belə məhkəmə işlərindən biri də "Azəriqaz" İstehsalat Birliyinin (İB) "Aqrosell" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı külli miqdarda borcun tutulması tələbinə dair iddia ilə bağlıdır.

    E-huquq.az sözügedən məhkəmə mübahisəsi ilə bağlı bəzi detalları əldə edib.

    Belə ki, iddiaçı "Azəriqaz" İB 2019-cu ilin sentyabrın 3-də cavabdeh "Aqrosell" MMC-yə qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddiaçı cavabdehdən istifadə olunan təbii qaza görə 25 iyul 2019-cu il tarixinədək yaranmış 525 min 611 manat 42 qəpik məbləğində borcun və 30 manat bəbləğində ödənilmiş dövlət rüsumunun "Azəriqaz" İB-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

    Həmin məhkəmənin 13 noyabr 2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin olunub. Lakin cavabdeh "Aqrosell" MMC-nin ərizəsi əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilib və işin mahiyyəti üzrə baxılması təzələnib. Cavabdeh "Aqrosell" MMC "borcun silinməsi" tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-in ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək "Azəriqaz" İB tərəfindən 745 min 967 manat 20 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Sumqayıt Kommersiya Məhkəməsi qəbul etdiyi qətnamədə iddiaçı "Azəriqaz" İB-in cavabdeh "Aqrosell" MMC-yə qarşı iddia tələbini təmin edib. Belə ki, məhkəmə 525 min 611 manat 42 qəpik məbləğində borcun "Azəriqaz" İB-in xeyrinə tutulmasını qət edib. "Aqrosell" MMC-nin qarşılıqlı iddiası isə qismən təmin edilib. Yəni "Aqrosell" MMC-yə yazılmış 43 min 695 manat 60 qəpik məbləğində borcun silinməsi qərara alınıb.

    Bundan sonra "Aqrosell" MMC məhkəmənin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Şikayətdə "borcun silinməsi" tələbi irəli sürülüb.

    İş üzrə iddiaçı "Azəriqaz" İB-in nümayəndəsi - vəkili Səyyad Mirzəyev e-huquq.az-a açıqlamasında deyib ki, bütün qanunsuzluqlar məhz Sumqayıt Apellyasiya Məhkəməsində baş verib. Belə ki, məhkəmə baxışı zamanı prosessual pozuntulara yol verilib: "Tərəf apellyasiya baxışında vəsatət verib, lakin məhkəmə vəsatətin surətini bizə təqdim etməyib. İkinci prosessal pozuntu isə ondan ibarətdir ki, məhkəmə ekspertiza təyin edib, həmin qərarın surətini tərəfə verməlidir. Bizim tərəf olaraq hüququmuzdur bilək ki, ekspert qarşısında hansı suallar qoyub, nəyə görə bu ekspertiza təyin edilib? Eyni zamanda ekspertiza zamanı tərəf kimi "Azəriqaz"dan düzgün rəyin tərtib olunması üçün lazımi sənədlər tələb olunmayıb, münasibət öyrənilməyib".

    Vəkil məhkəmənin qəbul etdiyi qətnaməyə diqqət çəkərək, hüquq normalarının pozulduğunun aydın göründüyünü vurğulayıb: "Sumqayıt Apellyasiya Məhkəməsində prosesə sədrlik edən hakim Səadət Bəktaşi qəbul etdiyi qətnamədə qeyd edib ki, "Aqrosell" MMC-yə məxsus istixanada qazanlar aylar üzrə fərqli iş rejimində işləyib. İstixanada istifadə olunan qazanlar gün ərzində 2018-ci ilin noyabr ayında 4-5 saat, 2018-ci ilin dekabr ayında 4,5-5,5 saat, 2019-cu ilin yanvar ayında 5-6 saat, fevral ayında 4,5-5,5 saat, mart ayında isə 3,5-4,5 saat işləyib. Halbuki qazanların gün ərzində maksimum işləmə saatının neçə saata bərabər olması haqqında ekspert qarşısında heç bir sual qoyulmamış və ekspert bunun neçə saata bərabər olması haqqında ekspert rəyinin “Tədqiqat Prosesinin Təsviri” hissəsində heç bir məlumat verməyib. Ekspert öz rəyində yuxarıda göstərilən kimi “Ekspertizaya əlavə materiallarla məktubdan görünür ki” sözləri ilə kifayətlənərək istixanada olan qazanların gün ərzində maksimum işləmə saatını müəyyən etmişdir. Məhkəmə cavabdeh tərəfindən öz istəyinə uyğun olaraq hesablanmış və məhkəməyə 04.05.2021-ci il tarixdə təqdim edilmiş məlumata əsaslanaraq qazanların gün ərzində 2018-ci ilin noyabr ayında 4-5 saat, 2018-ci ilin dekabr ayında 4,5-5,5 saat, 2019-cu ilin yanvar ayında 5-6 saat, fevral ayında 4,5-5,5 saat, mart ayında isə 3,5-4,5 saat işləməsi qənaətinə gəlib.

    Göründüyü kimi, ekspert öz rəyinin “Tədqiqat Prosesinin Təsviri” hissəsində qazanların gün ərzində maksimum işləmə saatını müəyyən etmədən artıq hesablanmış qazın miqdarını müəyyən edib, məhkəmə isə bu sübuta hərtərəfli və tam baxmamaqla, ona istinad edərək qətnamə qəbul edib. Məlumat üçün deyim ki, qazın sərfiyyat həcmi onun işlətmə müddətilə birbaşa əlaqəlidir. Yəni cavabdehə qazın verilişi tərəfimizdən hər hansı bir müddətlə aparılmır və cavabdeh tərəfindən qaz 24 saat ərzində fasiləsiz istifadə oluna bilinərdi və çox güman ki, belə də olub. Beləliklə, təqdim edilən sübuta obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamaqla məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin (Sübutların qiymətləndirilməsi) tələblərini pozub. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan halda isə Sumqayıt Apellyasiya Məhkəməsi ekspert rəyi növündə sübuta hərtərəfli və tam baxmamaqla, ona istinad edərək qətnamə qəbul edib", - deyə Səyyad Mirzəyev qeyd edib.

    Qərardan narazı qalan "Azəriqaz" İB kassasiya şikayəti verib. Ali Məhkəmə hakim Bəhman Qəribovun sədrliyi ilə şikayəti təmin etməyib. Lakin göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməli idi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR