Nurəddin ƏDİLOĞLU yazır:Qısa tanıtım: Masim Hafiz oğlu Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonunun Ərəb kəndində anadan olmuşdur. 2008-2017-ci illərdə M. Hacıyev adına Ərəb kənd ümumi orta və X. Məmmədov adına Xırmandalı tam orta məktəblərində təhsil alıb. 2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurub. Arzusu Fövqaladə Hallahr Nazirliyində işə düzəlmək idi. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə könüllü yola düşüb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Qubadlı rayonunun azad olunması uğrunda döyüşlərdə şəhid olub. Ölümündən 70 gün sonra tapılan nəşi 10 yanvar 2021-ci ildə böyük izdihamla doğulduğu Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.
Şəhidlik ölümün gözünə dik baxmaqdı
...Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu doğma yurdunu, xalqını qorumağa sövq edən ən güclü mənəvi-əxlaqi hisdir. Hələ həqiqi hərbi xidmətdə olarkən düşmənlə üzbəüz mövqedə xidmət edən Masim Qurbanov Ali Baş Komandanın döyüş əmrinə hər zaman hazır olan Vətən əsgərlərlərindən biri olmuşdur. “Vətəni qorumaq ən müqəddəs və şərəfli vəzifədir” deyiminin arxasında Masim kimi mətin, igid, vüqarlı bir gəncin canla-başla durması təsadüfi deyildi. Atası Hafiz Qurbanov Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdu, II qrup müharibəsi əlili idi. Tez-tez övladlarına əfsanəvi “Babək-44” taboru və Milli Qəhrəman Əliyar Əliyevin başılıq elədiyi dəstədə birlikdə döyüş yolu keçdiyi silahdaşlarından söz açardı.
... 2020-ci ilin yayında hərbi xidmətdən tərxis olunandan sonra Masimin arzusu Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursu keçmək idi. 2020-ci ilin iyulunda Tovuz istiqamətində düşmən təxribatından sonra könüllülər səfərbərlik və hərbi çağırış idarələrinə üz tutan Vətənin bütün təəssübkeş övladları kimi Masim də yaxşı bilirdi ki, dövlət sərhəddində baş verənlər adi sərhəd toqquşması deyildi. Bu, erməni faşistlərinin öz işğalçı siyasətini davam etdirmək cəhdi idi. Masim kimi qeyrətli oğulların çoxdan gözlədiyi məqam yetişmişdi. Tərəddüt etmədən senyabrın 29-da könüllü olaraq
silaha sarılıb Vətən uğrunda savaşa yollandı. İşğal altında olan torpaqlarımızı erməni murdarlardan təmizlənməsində rəşadət göstərdi. İrəlilədikcə, işğaldan azad etdikləri ərazilərin qələbə sevincini silah yoldaşları ilə birlikdə yaşadı. Artıq astaralı tabor komandiri polkovnik-leytenant Nail Orucovun aslanları sırasında əks-hücum əməliyyatlarında uzun məsafə qət edərək Qubadlı rayonu boyunca Azərbaycan-Ermənistan sərhədinə çatmışdılar. Oktyabrın 29 -da Masim Bazarçay ilə Həkəri çayı arasında yerləşən “Yazı düzü”ndən ata-anası ilə son dəfə telefonla danışanda: “Bir azdan döyüşə qalxırıq. Zəhmətinizi halal edin” demişdi. O gün payız günəşinin Qubadlı dağlarında qürub çağı idi...
“Qanlı Təpə”də son döyüş...
Qubadlıda düzəngah yer anlamında olan “Yazı düzü” ətrafındakı “Qanılı dərə”, “Qanlı təpə” və başqa yer-yurd adları qədim oğuzların yadigarlarıdır. “Qanlı Təpə” strateji yüksəkliyinini əldən vermək istəməyən düşmənlər geri çəkilsələr də vəziyyəti dəyişmək məqsədilə tez-tez təxribata əl atırdılar. Oktyabrın 30-da Gorus istiqamətindən güclü artileriya atəşi nəticəsində taborun 20-dən çox döyüşçüsü həlak oldu. O gün 3 silahdaşı ilə birlikdə Masim 8 erməni əsgərinin 4-nü sərrast atəşlə yerə sərdi. Ərkivan qəsəbəsindən olan Sənan Seyfullayevlə sağ qalan 4 düşmən əsgərinin ardınca düşərkən şəxsi heyətdən təqribən 200 metr aralanmışdılar. Bu zaman ermənilər xaraba qoyduğu kəndin dəmir qülləsindən onları fasiləsiz minamiyot atəşəinə tuturlar və... Ertəsi gün qanını da, canını da Vətən yolunda fəda edən polkovnik -leytenant Nail Orucovla birgə taborun 22 nəfər şəhidinin nəşi döyüş bölgəsindən çıxarılır. Amma şəhidlərin arasında Masim Qurbanovla Sənan Seyfullayevin nəşi olmur. Beləcə hər iki döyüşçümüzün nəşi tapılana qədər itkin sayılır...
Arxa cəbhənin qəhrəman qadınları
44 günlük Vətən müharibəsində xalqımız arxa cəbhədə kitabalara sığmayan misilsiz qadın –ana fədakarlıqlarının şahidi oldu. Şəhid oğlunun tabutu həyətinə gətirilən gün “Vətən sağ olsun” deyən analarla bərabər, şəhid ərinin tabutunu çiynində aparan cavan gəlin, nişanlı oğlunun tabutunu xonça ilə qarşılayan və şəhid balasının tabutu qabağında oynayan ana... Kəfənlik üçün yığdığı pulu ordumuzun yardım fonduna köçürən ağbirçək nənə...
Düz 70 gün Masimin nəşini gözləyən anası Gülnar Gənciyeva isə onun tapılmasına iki qoç qurbanı boyun almışdı. “Mənim də balamın payına torpağa qurban getmək düşdü” deyən ana qəhər içində sadəcə bunları deməklə kifayətlənmirdi, həm də oğlunun nəşinin torpağa tapşıralacğı gün ehsan edəcəyi qoçları nəvazişlə bəsləyirdi. Arzusu ürəyində, ömrü yarıda qalan Masimin nəşini torpağa tapşırmaq üçün təkcə ata-anası, qohum-əqrabası deyil, Ərəb kəndinin
kiçikdən –böyüyə bütün sakinləri intizarla gözləyirdilər. “Sənin kimi üç minə yaxın şəhid atası var" deyə 3 oğul 1 qız boya-başa çatdırmış Gülnar ananı təsəlli edənlər də onun ürəyində hansı fırtınaların qopduğundan xəbərsiz deyildilər. Son günlər arayatı yuxularında oğlunun evə qələbə bayrağı ilə döndüyünü görən ana susqunluğunu özünə sipər eləmişdi.
Masim Qurbanovun adı Vətən tarixinə əbədi həkk olunan, İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən minlərlə igidlərimizin cərgəsində idi. Onun ata-baba ocağına gələnlər isə şəhid anasının oğlunun nəşinin tapılacağl gün üçün bəslədiyi xınalı qurbanlıq qoçlara baxıb dərindən köks ötürürdülər... Mənimsə “Dədə Qorqud” dastanındakı qadın qəhrəmanları müasir obrazını canlandırdı.
Oğlunun nəşini axtaran atanın inadkarlığı
Uzun müddət nəşi tapılmayan Masimin atası Hafiz Qurbanov vaxtilə özünün döyüşdüyü səngərlərə gedib. Hadrudda hərbi biləşmənin komandiri generaı-mayor Mayis Bərxudarovla və Masimin sağ qalan döyüşçü yoldaşları ilə görüşür. Düşmənın minaladığı ərazilərə buraxılmayan atanın təşəbbüsü və təkidi ilə şəhidlərin nəşini axtaran əməliyyat qrupuna Masimin ordudan tərxis olunmuş lənkəranlı Mehman, İmişli rayonundan İbrahim adlı silahdaşları da qoşulur. 20 yaşının tamam olduğu gün – 2021-c i ilin yanvarın 7-i Masimi tapılmış nəşi sanki Tanrı tərəfindən onun nigaran ruhuna və ailəsinə sevinc bəxş edən ən qiymətli “hədiyyə” oldu. Yanvarın 10-da torpağa tapşırmamışdan qabaq anasının nəzir elədiyi qurbanlıq qoçlar üç dəfə Masimin tabutunun başına çevirdilər. Şəhidlə vida mərasimində Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və ziyalılar iştirak edirdi. Oğlunun tabutuna bükülmüş Azərbaycan Bayrağını şəhidin xatirəsinə düzəldilmiş güşədə saxlayan atası deyir: “Masim həqiqi hərbi xidmətə 2019-cu ilin yanvarın 10-da Masallı şəhərindəki Bayraq Meydanında 30 çağrışçı gənclə müqəddəs Quranın altından keçəndən sonra bağrağımızı öpərək saat 13 radələrində yola düşmüşdü. Taleyin işinə bax ki, düz iki sonra onun milli bayrağımıza bükülmüş tabutu həyətimizə elə saat 13 radələrində gətirild və nəşi torpağa tapşırıldı.” Bu ağrı-acının və sonsuz kədərin içində danışan atanı Ərəb kənd məscidi dini icmasının sədri axund Əhliman Hüseynov və hacıtəpəli şair-publisist Əlizaman Baxış birlikdə dinləyirik. Şəhid atası deyir ki, oğlumu döyüş bölgəsindən çıxartmağa əsgər yoldaşları can atsalar da, düşmən həmin ərazini atəşə tutduğundan onu oradan uzun müddət götürə bilməyiblər. “Sonra həmin ərazi qar altında qalıb...” Hafiz kimi ataların, Masim oğulların timsalında Vətən sevgisini bir qələm adamı kimi mənə sözlərlə ifadə etmək çətindir, amma Birinci Qarabağ müharibəsinin iştirakçı olan ata ilə İkinci
Qarabağ müharibəsində şəhid olan oğulun canı ilə, qanı ilə Vətənə bağlı olduğundan əməlləri də dil açıb “danışır” Ən qəribəsi də budur ki, atanın 1992 –ci ildə düşmənlə döyüşdüyü “Yazı düzü” ərazisində 28 ildən sonra oğlu da vuruşub...
Son söz yerinə
Masimin doğulub boya-başa çatdığı ata ocağında səliqə -sahmanla yaradılan xatirə güşəsini qonşu kəndlərin sakinlərinin də ziyarət ediklərinin şahidi olduq. Yazı hazırlanarkən şəhidin atası Hafiz Qurbanovla ələqa saxladıq. Bildirdi ki, Müdafi nazirliyində qəbuldadır. “Uzun müddət itikinlər siyahısında olan Masimin nəşi tapılandan sonra adı hərbi birləşmə komandanlığı tətəfindən Müdafiə nazirliyinə “Vətən uğrunda”, “ Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmağa təqdim olunub...”