Gələcəyimizin Partiyası
XX əsrin sonlarından başlayaraq ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran, xalqını vətənini sevən hər bir kəsi son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
30 il bundan əvvəl soyuq noyabr günü, xalqımızı düşdüyü çətin və böhranlı vəziyyətdən xilas etmək məqsədilə respublikamızın müxtəlif bölgələrindən fədəkar insanlar Naxçıvana getdilər. Onların hər birində o dövrün ağrıları, qeyri-müəyyənlikdən doğan nigarançılıqla yanaşı, Heydər Əliyevə dikilmiş gözlərində bir inam və bir ümid qığılcımı vardı. O zaman hər kəs bir ideya, bir şəxsiyyət ətrafında, bir siyasi təşkilatda birləşməyin ən doğru seçim olduğuna inanaraq Azərbaycanın xilaskarı Heydər Əliyev yoluna qədəm qoymuşdular.
1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi və Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri, həmdə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Bunulada müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Dünənin, Bugünün və gələcəyin partiyası.YAP-ı tez bir zamanda ətrafına yüz minlərlə siyasi həmfikir toplamağa nail olmuş və ümumxalq partiyasına çevrilmişdir.
1993-cü ilin oktyabr ayının 3-də Yeni Azərbaycan Partiyasının sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Partiyanın 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçilmişdir.
2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri cənab İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir.
Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.
2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında ,Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatdakı çıxışında qeyd etmişdir: ”Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.
Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?
Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.”
Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli, məsuliyyətli yol qət edərək, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında möhtərəm Prezident, partiyanın Sədri Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır və artmaqda davam edir.
Fəxrlə qeyd edirik ki, bütün ümidlər tam doğrulmuş, partiyamız Azərbaycanın hərtərəfli dinamik inkişafının ideoloji sütunlarından biri kimi misilsiz fəaliyyətə imza atmışdır.
Yaşasın Yeni Azərbaycan Partiyası!
Əntiqə Tağıyeva Masallı Tarix - Diyarşünaslıq Muzeyinin direktoru