AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəfərin rəmzi - ŞUŞA - ÖZƏL

  • + A
  • - A
  • 6-12-2022, 18:51

    Zəfərin rəmzi - ŞUŞA - ÖZƏL



    Zəfərin rəmzi - Şuşa
    İllərdir, xəyalı ilə yaşadığımız həmin gün gəldi – tariximizin şanlı səhifələri igid Azərbaycan əsgərinin qəhrəmanlığı, şücaəti, qanı ilə yenidən yazıldı. “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir”, – deyən ulu öndər Heydər Əliyevin və bütün azərbaycanlıların arzusu çin oldu.

    Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olub. 1905-1907-ci illərdə şəhər ermənilər tərəfindən hücuma məruz qalıb və yandırılıb. 1920-ci ildə şəhərin xeyli hissəsi daşnaklar tərəfindən dağıdılıb. Məlum işğal faktı isə 1992-ci ilin mayında oldu.

    İllər sonra Şuşanın düşmən işğalından azad edilməsi müharibənin həlledici anı oldu. Qarabağ zəfərinə gedən yol ilmə-ilmə toxundu. İlk olaraq iqtisadiyyat gücləndirildi, sonra ordu xüsusi qayğı ilə əhatə edildi. Dünyanın müxtəlif ölkələrinə təlimlərə göndərilən hərbçilər xüsusi kurs keçir, bu sənətin sirlərinə yiyələnirdilər. Torpaqlarımız sülh yolu ilə mümkün olmasa, hərb yolu ilə azad edilməli idi. Amma biz xalq olaraq meydanda, demək olar ki, tək idik. Əsrlərboyu xalqımıza qarşı etnik təmizləmə aparan ermənilərin bu hərəkətlərinə, 30 ildir, tarixi torpaqlarımızı işğalda saxlamalarına nədənsə göz yuman ermənipərəst ölkələr haqqı tapdalanan azərbaycanlıları müdafiə etmirdilər. Amma onlar bir şeyi unudurdular.

    Unudurdular ki, bu xalqın ulu öndər Heydər Əliyev kimi lideri və bu dahi şəxsiyyətin yolunun davamçısı cənab İlham Əliyev kimi dövlət başçısı var. Bəli, Qarabağ problemi kimi ağır bir yükü olan bir ölkənin Prezidenti, Ali Baş Komandanı olmaq asan deyildi. İllərlə ulu öndər kimi siyasət dahisindən dərs alan dövlətimizin başçısı hələ hakimiyyətə gəldiyi ilk gün Qarabağı, Şuşanı azad edəcəyinə and içmişdi.

    Və belə də oldu... O, siyasi gücü, dərin savadı, dünyagörüşü ilə dünya səviyyəli bir çox rəsmi görüşlərdə düşmən dövlətin baş nazirinə tarix dərsi keçdi. Müharibənin ilk günündən sonuna kimi yuxusuz gecələr keçirən Ali Baş Komandan öz ordusu, xalqı ilə bir olaraq dəmir yumruğa dönüb düşmənin başına şimşək kimi çaxıb onu darmadağın etdi. Böyük Zəfərin ilk günündən hamının ürəyi cəbhədə Azərbaycan əsgəri ilə birlikdə döyünürdü. Xalqının sevgisindən güc alan Azərbaycan əsgəri addım-addım, dağ-dərə bilmədən, öz canını heçə sayaraq qəhrəmanlığı ilə dünyanı özünə heyran etdi. Ordumuzun Şuşa əməliyyatı ilə təkcə Vətən həsrəti bitmədi, dünya hərb tarixinin ən şanlı səhifələri yazıldı həmin günlərdə. Tarixdə bir çox ilklər yaşandı. Azərbaycan əsgəri türkün gücünü, Vətən üçün gözünü belə, qırpmadan ölümə necə gedildiyini dünyaya nümayiş etdirdi. 44 günlük müharibədə bütün dünyanın gözü Qarabağda idi. Həmin günlərdə dövlətimizin başçısı deyirdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.Bu sözlərin deyildiyi vaxtlarda heç kimin ağlına belə, gəlməzdi ki, dağların zirvəsində yerləşən bu şəhər tarixdə bənzərinə rast gəlinməyən bir əməliyyatla azad edilə bilər. Lakin əfsanə reallığa çevrildi – müqəddəs torpağı azad etmək uğrunda canından keçən igid oğullarımız Şuşanı düşməndən xilas etdilər.Ermənistanda hələ də Şuşa əməliyyatının təsirini azaltmaq cəhdləri davam edir.Tarix bundan sonra Ermənistanın daha çox yalanını ifşa edəcək, çünki məğlublar bir-birini ittiham etməyi sevirlər və mübahisələr gerçəkləri üzə çıxarır. Ötən il Mədəniyyət Paytaxtı elan edilən Şuşa bir çox mədəni tədbirlərə ev sahibliyi etdi. İllərdir, “Güllələnmiş heykəllər” adlandırılan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Prezident tərəfindən Bakıdan Şuşaya gətirilməsi, əvvəlki yerlərinə qoyulması qələbənin daha bir təntənəsi oldu. Novruz bayramı ərəfəsində bu qədim şəhərdə illər sonra bayram tonqalı qalandı. O yanan tonqal illərdir, Şuşasız üşüyən qəlbləri isitdi. “Xarıbülbül” musiqi festivalı, Vaqif poeziya günləri şanlı Qələbənin rəmzi, qələbə və qalibiyyət bayramı idi. Ölkə başçısının Şuşaya elə bir səfəri olmayıb ki, həmin gün hansısa tarixi abidənin açılışı və ya təməlqoyma mərasimi olmasın. Hər gəlişi ilə doğma şəhərə can verən Ali Baş Komandan “Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik” sözləri ilə bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır!

    Masallı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynallı Səməd


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR