AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ROMAN İÇİNDƏ ROMAN - YAZAR ƏLİ RZAZADƏ

  • + A
  • - A
  • 31-12-2022, 14:40

    ROMAN İÇİNDƏ ROMAN - YAZAR ƏLİ RZAZADƏ



    ROMAN İÇİNDƏ ROMAN
    ("Qaçaq Mozu" romanı haqda qeydlər)

    Qəribədir, son zamanlar həyatda tanıdığım yazarların kitablarını xüsusi həssasiyyətlə oxuyuram. Oxuduqca, qulaqlarımda müəlliflərin səsi eşidilir. Mənə elə gəlir ki, kitabı onların səsi ilə dinləyirəm. Təsəvvür edirsiniz?! İlk baxışdan adama qəribə gələ bilər, amma niyə də olmasın? Axı kitablar möcüzədir və onlar möcüzə yaratmağa qabildirlər.
    XXI əsrin ikinci onilliyinin ikinci ilini, sevdiyim yazıçı, publisist Nurəddin Ədiloğlunun “Qaçaq Mozu. Yezid İzzət” romanı ilə başa vururam. Nurəddin Ədiloğlu Azərbaycan ədəbiyyatında tarixi roman janrı ilə artıq öz sözünü demiş müəlliflərdən biridir. Adıçəkilən romanda da Nurəddin Ədiloğlu, sovet çinovniklərinə qarşı mübarizə aparan, haqqı tapdanmış, zülmə məruz qalmış rəiyyətin hüquqlarının müdafiəsinə qalxan Qaçaq Mozu tarixçəsinə toxunur.
    Təbii ki, bu qısa qeyddə, Ədiloğlunun qələmə aldığı roman haqda uzun-uzadı təfərrüata varmaq imkan xaricindədir və belə bir fikrim də yoxdur. Etiraf edim ki, ümumiyyətlə romanı oxucuya qısa təəssüratlarla öncədən təqdim etməyin heç də tərəfdarı deyiləm. Zira, təhkiyəsi oxucuya öncədən məlum olan kitab, maraqsız gəlir, oxucu onun daxili ecazının həzzini dadmaqdan məhrum qalır. Romanı oxuyana qədər şəxsən mənə məlum olan üz qabığındakı adlar idi və bu iki şəxsin isminin əsrarı diqqətimi cəlb etmişdi.
    Hələ növbəti ilə bir neçə saat qalır və əlimdəki romanın son səhifəsi, məni bəşər tarixinin məyusedici durumu haqqında düşündürür. Nurəddin Ədiloğlu, qələmi ilə yaratdığı və həyatda real personajlardan birinin dili ilə əsərin qəhrəmanı Yezid İzzətin şəxsiyyətini səciyyələndirərkən, çoxdandır səbəbini tapmaqda vargəl etdiyim, məni dərin fikrə salan bir ifadə işlədir: “İzzət peyğəmbər kimi adam idi. Təəssüf ki, bəziləri onu Yezid ayaması ilə çağırırdılar”
    Bəli, bəsirətli insanların gözündə peyğəmbər xarakterinə malik bir şəxsiyyət kimi görünənlər, bəzən bəsirətsizlər tərəfindən Yezid xislətli varlıq kimi görünür. Bu həqiqətin, təkcə kitablardan baş qaldıran nağıl olmadığı artıq hamımıza parlaq günəş kimi aydındır. Bir qədər qeyri -pozitiv də olsa, adama elə gəlir ki, bu dünyada ƏDALƏT faktoru, yalnız insanlara qoyulan adla öz vəzifəsini tamamlamış olub. Başqa heç bir yedə ədalətə rast gəlmək olmur. Bəşər “bərabərlik” illuziyasına qapılaraq, “ədalət”in ehsanını yeyir, fatihəsini oxuyur. Ədiloğlunun qeyd etdiyi kimi, sovetlərin sonuncu prezidenti, qanlı 20 Yanvar faciəsinin müəllifi Qorbaçova Nobel sülh mükafatı verilən tarix, bəşəriyyətin üz qarasıdır. Təbiidir ki, qaniçənə sülh mükafatını rəva görən dünyanın, peyğəmbər əxlaqlı İzzətə də Yezid ayaması verməsi təəccüb doğurmamalıdır.
    Romanı Ədiloğlnun öz səsi, daha doğrusu pıçıltısı ilə oxuyuram. Müəllif əsərdə yeri gəldikcə monoloq və dialoqdan məharətlə istifadə edir, yeknəsəkliklə oxucunu yormur, əksinə oxuya -oxuya istirahət etmək mümkündür.
    “Qaçaq Mozu. Yezid İzzət” həqiqətən roman içində romandır. Ona görə yox ki, müəllif Nurəddin Ədiloğlu onu belə adlandırıb. Səbəb budur ki, romanın ağ səhifələrində düzülmüş hərflərə göz gəzdirdikcə, mən öz romanımı tapıram. Uşaqlıq, yeniyetməlik illərimin müqəddəs məkanına müsafirət edir, elmindən bəhrələndiyim şəxsiyyətlərin xatiratı zehnimdə canlanır. Arabir kitabı bağlayıb illər öncə gördüyüm, söhbətləşdiyim həmin şəxsiyyətlərin səslərini xatırlamağa çalışıram. Dünənki kimi yadımdadır, müqəddəs Məkkə şəhərinin yaxınlığında Ərəfat dağı adlanan yerdə idik. Milyonlarla ağ paltarlı insanların arasında, uzaqdan dalğalanan üçrəngli bayrağımıza tərəf asta -asta addımlayırdım. Adətən dünyanın müxtəlif zaviyələrindən Ərəfata toplaşan insanlar, öz ölkələrinin bayrağını ucalığa qaldırıb dalğalandırardılar ki, kənara çəkilən, dəstədən ayrı düşən həmvətənlər, o bayrağa tərəf gəlib, yurddaşlarına qovuşsunlar. Azərbaycanın üçrəngli bayrağı Ərəfatın günəşli səmasında dalğalanırdı və mən də üzü bayrağa tərəf addımlayırdım. Çatdıqda isə romanda adı çəkilən Mirqiyas ağanı bayrağın altında əyləşən gördüm. Məni görüb özünəməxsus tərzdə təbəssüm etdi, sevindi. Ustadla bir neçə saat bir yerdə oturub söhbətləşdik. Qaş qaralanda isə Ərəfatdan qalxıb, Müzdəlifəyə doğru köç etdik.
    Bu görüşdən uzun illər keçib, amma artıq Allahın rəhmətinə qovuşmuş ustadım Mirqiyas ağa, Nurəddin Ədiloğlunun romanında mənimlə həmsöhbətdir. Nurəddin Ədiloğu romanında Mirqiyas ağanın aram, bəlağətli nitqini olduqca ustalıqla qələmə almağı bacarmışdır. “Ay İzzət kişi, adam var ki, öləndən sonra Cənnətə gedəcəyini zənn edir, amma bilmir ki, günahları bu dünyaya onu bərk -bərk zəncirləyib” deyir Mirqiyas ağa romanda. Bəli, həmişəki kimi düz deyir ağa. Bu gün bütün insanlıq cənnətə gedəcəyini öz əli ilə qoyubmuş kimi yaşayır. Amma nə yazıq ki, çoxu düşünmür, Rəbbin cənnəti bu qədər ucuz ola bilməz, onu qazanmaq, əldə etmək lazımdır.
    Nurəddin Ədiloğlu cənubun şah damarı Viləş çayını, Təpə qəbıristanı, Masallını və onun kəndləri Şıxlar, Xırmandalı, Alvadı, Şanapadərə və s. coğrafi əraziləri olduqca ustalıqla təsvir edir. O, Cənubla kifayətlənmir, Lənkəranla yanaşı Gəncənin və Azərbaycanın başqa şəhərlərinin gözəlliyini vəsf edir. Ən təfərrüatlı hallara toxunmaq və ən kiçik hadisələri təsvir etmək Ədiloğlunun qələminin spesifik xüsusiyyətindən qaynaqlanır. O, dövrün sosial-siyasi şərtlərini əsas tutur, bununla yanaşı oxucuya sərbəst təxəyyül üçün çox geniş imkan verir.
    Dəyərli yazara gələcək yaradıcılıq fəaliyyətində müvəffəqiyyət arzu edir. Roman üçün təşəkkürümü bildirirəm.


    Əli Rzazadə,
    Şərqşünasünar Sumqayıt Dövlət Universitetinin baş müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR