İdrakdan ayrılan hünərin sonu məğlubiyyətdir.
İranda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir... Müxtəlif prizmalardan öz təhlilini tapan bu proseslər Azərbaycan üçün daha önəmlidir. Niyə? Əvvəla ona görə ki, burada milyonlarla soydaşlarımız yaşayır. Həmin mahiyyətdən çıxış edərək filosof – alim Asif Ataya bu hadisələrin bizi maraqlandıran tərəflərinə işıq salmasını xahiş edirik.
-- Son hadisələri mən Cənubi Azərbaycan Milli Azadlıq hərəkatının yenidən oyanması kimi qiymətləndirirəm. Mənim fikrimcə, Şimali Azərbaycan Nəsimi idrakıyla, Ruhaniyyatıyla, mənəviyyatıyla səciyyələnirsə və ümumən, Azərbaycanın Ruhani mahiyyətini ifadə eləyirsə, Cənubi Azərbaycan onun azadlıqsevərliyini, mütəşəkkilliyini, siyasi coşqunluğunu ifadə edir. Heç bir tərəf bir-birini inkar etmədən bu iki qüdrət birlikdə bizim mahiyyətimizin bütöv ifadəsidir. Bu, məsələnin mənəvi tərəfidir. Demək istəyirəm ki, Vahid Azərbaycan ideyası bütöv Azərbaycan ideyasıdır. Bu, çox zəruri bir ideyadır. İdrakla mübarizə ruhu birləşəndə xalq məğlubedilməz olur. Eyni zamanda Cənubi Azərbaycan probleminin ictimai-siyasi tərəfi də var. Şərti olaraq bu ondan ibarətdir ki, Vahid Azərbaycan – Şimali və Cənubi Azərbaycan birliyi sayca, sənayecə, geosiyasi nöqteyi-nəzərcə iri bir ölkə deməkdir. Heç kəs inkar eləməz ki, siyasi dünya həqiqət tanımır, mənfəət, fürsət tanıyır. Sayca az olan hansı bir ölkə mənəviyyatca qüdrətli olsa da, “Böyük” dövlətin təcavüz marağına məruz qalır və qalacaqdır. Bu təcavüz açıq, zorakı və ya siyasi diplomatiya şəklində ola bilər. Az saylı xalqlar böyük dövlətlərin təzyiqi altında yaşayır və yaşamalıdır. Prinsipcə bunun siyasi maskaları var – heç kəs özünü təcavüzkar adlandırmır, əməkdaşlıq adlanan inteqrasiyadan danışır. Zahirən dəhşət hiss olunmur. Ağıl isə ondan ötrüdür ki, gözün görmədiyini görsün. Kiçik dövlətin iri ölkə olmaq imkanı varsa, o bu imkandan iki əlli yapışmalıdır. Qafqaz ölkələrinin heç birində olmayan belə bir imkan Azərbaycanda var. Biz 30 milyondan çox əhaliyə malik ölkəyə çevrilə bilərik. Bu iki amilin hər biri əhəmiyyətlidir. Vahid Azərbaycan ideyası zəruri ideyadır. Əgər Vahid Azərbaycan ölkəsi mövcud olsaydı, Ermənistan öz murdar niyyətini içində yeyərdi. Onda belə bir vəhşilik aşkarlanmazdı. Yeri gəlmişkən, Qarabağ problemi necə həll olur-olsun, erməni öz xülyasından əl çəkməyəcək. Məni həyəcanlandıran və maraqlandıran üç məsələdir; SSRİ-dəki Azərbaycan özündəki idrakı, hünəri yad bir quruma həsr elədi. Cənubi Azərbaycanda da Səttarxanlar, Xiyabanilər, Pişəvərilər özündəki hünəri, qüdrəti obyektiv olaraq özgəyə -- onu əzənə sərf elədi. Təkrar edirəm: məşrutəni Səttarxan yaratdı, məşrutə Səttarxanı məhv elədi – yaramaz oldu. Faciəvi aqibət özünü özgəyə həsr eləməkdir. Özgənin xeyrinə çalışmaqdır. Özünə qarşı olan özgəni böyütməkdir. Nə qədər davam edəcək bu aqibət! Tarixdə belə özgəçilik görünməyib. Cənubi Azərbaycan hadisələri Vahid Azərbaycanın dünyada taleyi, aqibəti, yeri məsələsidir. Bax, bu nöqteyi-nəzərdən son hadisələr, fikrimcə, o Ruhaniyyat – Səttarxan ruhunun, Xiyabani ruhunun, Pişəvəri ruhunun oyanışıdır. Lakin burda mənim öz qənaətim var. İstərdim ki, Cənubi Azərbaycandakılar bunu bilsin. Oyanış olmağı yaxşıdır. Tarixin ibrət dərsləri çox olub. Biz ondan az öyrənirik. Səttarxan səviyyəsində fitri qəhrəman müstəqil hərəkat yarada bilərdi – ümumiran hərəkatından fərqli. Təəssüf, bu olmadı! Səttarxanlıq ümumiran məşrutəçiliyinin kəsərli silahına çevrildi. Ümumiran hərəkatı bir il hakimiyyətdə oldu. Elə bildilər ki, təzə İran Azərbaycana istiqlal verəcək. Belə hallarda mümkündür ki, böyük hünər sahiblərini biclik sahibləri uda bilsin. Həmzələrin Koroğlu uzərində qələbəsi yadındadırmı? İstərdim ki, həmin səhvlər təkrar olunmasın. Təkcə ona görə yox ki, Səttarxan həmişə olmur, həm də ona görə ki, hər məğlubiyyətdən sonra xalq gücünün bir hissəsini itirir.
Təbii ki, İranda mollaçılığa qarşı ümumiran hərəkatı yaranmalıdır. Lakin Azərbaycan həmin demokratik həhəkata qarşı çıxmamalı və ona qatılmamalıdır. Ümumiran hərəkatı ilə paralel Cənubi Azərbaycanda xüsusi, müstəqil Uluyurd hərəkatı başlanmalıdır. Əgər bu yarana bilsə, bizi sevindirəcək. Təzə oyanışı hazırlıqsız, azömürlü qiyama həsr eləməyi düzgün saymıram. Bu enerjini tələsik paylamaq olmaz. Cənubi Azərbaycanda gələcək siyasi əməl --Ruhani əməldən qidalanmalıdır. Oyanış sönməməli, ilk növbədə Ruhani əmələ çevrilməlidir. Ziyalı öz xalqını siyasi əmələ yetirməlidir. Bu əməl ən azı Ruhani İmtina Əməli deməkdir. Birincisi, mollaçılığa, qismətçiliyə, cənnətçiliyə, cəhənnəmçiliyə, o dünyaçılığa, itaətçiliyə qarşı Ruhani Əməl. Digəri duyğu əməli. Tərbiyə işi – Cənubi Azərbaycana ruhani müəllimlər gərək. Əgər bu olmasa, mollaçılıq şüarı duyğulardan çəkilməsə, onda qələbə gec-tez məğlubiyyətlə nəticələnəcək. Tariximiz pis mənada təkrar olunacaq.
İkincisi, fars şovinizminə qarşı, farslaşmaya qarşı, milli özümlüyü inkar edən qadağaya qarşı, Azərbaycanın guya fars ölkəsi olmasına qarşı, az qala Şimali Azərbaycanı fars diyarına çevirmək eybəcərliyinə və Antitürk farsçılığa qarşı – Ruhani əməl. Bu təbii ki, çətindir. Cənubi Azərbaycan ziyalısı özünü hünər üstə kökləməlidir.
Üçüncüsü, qərbçilik və ümumözgəçiliyə qarşı. İndiki İranda zahirən Qərb təhlükəsi yoxdur. Amerika İranı özünə düşmən sayır, İran da Amerikanı şeytan. Məsələ bundadır. Ancaq Qərb İranın zəifləməsini istəyir. Ağa bilir ki, güclü ölkələrdə ağalıq etmək çətindir. Ağaya zəif ölkə lazımdır. Həm də Azərbaycanın öz məntiqi var. Böyük dünyanı hamiliyə qəbul edib ona sığınmamalıdır. Belə bir böyük səhvi Pişəvəri etdi, SSRİ-yə bel bağladı. SSRİ sözünün üstundə durmadı və İranı parçalamadı.
--Şimali Azərbaycanın Cənubdakı oyanışa münasibəti sizi qane edirmi?
--Şimali Azərbaycan açıq qapı siyasəti yeridir. Bu siyasətin məqsədi bütün ölkələrin üzünə qapımızı açmaqdır, o cümlədən İranın. İran bizim qonşumuzdur, tarixi əlaqələrimiz var və s. İranın Şimali Azərbaycana qarşı siyasətində ağayanalıq, dərs demək, öyrətmək baş alıb gedir. Siyasətçi olmadığımdan bunları açıqlamaq fikrində deyiləm. Təbii ki, Cənubi Azərbaycan bunu görür öz Azadlıq hərəkatında Şimali Azərbaycan siyasətinə bel bağlamır. Şimali Azərbaycanda Yurdçularla Azadçıların birliyi gərəkdir. Bu birlikdə yalan olmayacaq – ləyaqət olacaq, vicdan olacaq. Bu isə əsil Birliyin pəhnidir. Ona görə də bütün çətinliklərə baxmayaraq, Vahid Azərbaycan Birliyi mümkündür – İnam, İdrak, Mənəviyyat və İradə səviyyəsində. Hünərin say azlığı əlaməti yoxdur... Heç bir ölkədə “Ocaq” yoxdur. Məhz bizdə olduğuna görə Vahid Azərbaycanın Ruhani Birlik səviyyəsini yaratmaq mümkündür.
-- Yaxın zamanda Vahid Azərbaycan İdealının gerçəkləşməsinə inanırsınızmı?
-- Son nəticədə ya Azərbaycan formal bir ölkəyə çevriləcək, müstəqil, şüar səviyyəsində, dövlət olacaq, ya da Vahid Azərbaycan yaranacaq. Üçüncü yol yoxdur. Bu elə bir məsələdir ki, ondan yan keçmək mümkün deyil. Biz gec-tez Vahid Azərbaycan İdealına nail olacağıq. Bu, tez bir vaxtda həll olunmayacaq. Qətiyyətlə “hə” cavabı verib oxucunu aldatmayaq. Mərhələlər olacaq; uzunmüddətli mərhələ, təşkilati mərhələ... Mollaçılıqdan, qərbçilikdən, irançılıqdan, farsçılıqdan qurtulmaq. Belə olsa, qələbə mütləqdir. Lakin tez-tələsik olsa, mərhələ qaydası pozulsa, məğlubiyyət labüddür. Tələsik qələbəyə inanmıram. Bu yoldur. Nəticəyə görə yol olmur. Yolun başlanqıcı var. Qəti əminəm ki, Cənubi Azərbaycanda milli oyanış yolu başlayıb.
-- XX əsrdə üç dəfə milli azadlıq dövrünü yaşayan Cənubi Azərbaycanda nədənsə müstəqillik tarixi proses kimi baş tutmayıb indiyədək. Halbuki Şimal üçün əsrin axırında müstəqillik ideyası gerçəkləşdi. Necə bilirsiniz, hazırkı hərəkatın nəticəsi özünü doğruldacaqmı?..
-- Bizdə olan milli oyanış hərtərəfli açıqlanmayıb. Bu, sabahın işidir. Əsil milli oyanış Cənubi Azərbaycanda olub. Onda da düşünülmüş siyasi xətt olmayıb, ona görə də məğlub olub. Ümumiran hərəkatı başlanıb mollalara qarşı, o zaman Səttarxan məğlub oldusa, indi on dəfə artıq məğlub olacağıq. Ümummilli oyanışdan istifadə edib milli hərəkatın Ruhani mərhələsinə başlamaq lazımdır. Sonra onun digər iki mərhələsinə keçməliyik. Ağıllı hünər, hünərli ağıl üstdə. Hünərdən ayrılan ağlın sonu məğlubiyyətdir. İdrakdan ayrılan hünərin sonu məğlubiyyətdir. Bu problemin həllinə qəti şəkildə inanıram.
Asif Ata ilə söhbətləşdi: Yusif Dirili.